← Amos (9/9) |
1. | Xudavəndi qurbangah yanında duran gördüm. O dedi: “Sütun başlıqlarını elə vur ki, Astanalar sarsılsın. Binanı hamının başına uçur. Sağ qalanları Mən qılıncdan keçirəcəyəm. Onlardan heç kim qaçıb qurtula bilməz. |
2. | Ölülər diyarına girsələr belə, Onları orada ələ keçirəcəyəm. Göylərə qalxsalar belə, Onları endirəcəyəm. |
3. | Karmel dağının təpəsində gizlənsələr belə, Onları axtarıb oradan götürəcəyəm. Gözümdən yayınıb dənizin dibinə girsələr belə, İlana əmr edəcəyəm ki, onları sancsın. |
4. | Düşmən önündə əsir aparılsalar belə, Qılınca əmr edəcəyəm ki, onları qırsın. Gözlərimi yaxşılıq üçün deyil, Pislik üçün onların üzərinə dikəcəyəm”. |
5. | Ordular Rəbbi Xudavənd toxunub yeri titrədər, Orada yaşayan hər kəsi yasa batırar, Bütün yer Nil çayı kimi qabarar, Misirdəki Nil çayı kimi çəkilər. |
6. | Otaqlarını göylərdə tikən, Qübbəsini yer üzündə quran, Dəniz sularını götürüb yer üzünə tökən Odur – Onun adı Rəbdir. |
7. | Rəbb bəyan edir: “Ey İsraillilər! Mənim üçün Kuşlular kimi deyilsinizmi? Siz İsrailliləri Misir torpağından çıxaran kimi Filiştliləri Kaftordan, Aramlıları Qirdən çıxarmadımmı? |
8. | Budur, Xudavənd Rəbbin gözləri bu günahkar ölkəyə dikilir. Onları yer üzündən silib-atacağam. Amma Yaqub nəslini tamamilə silib-atmayacağam” Rəbb belə bəyan edir. |
9. | “Çünki, budur, Mən belə əmr edirəm: Mən İsrail nəslini bütün millətlər arasında xəlbirdən keçirəcəyəm. Xəlbirləyəndə bir çınqıl belə, yerə düşməyəcək. |
10. | Xalqımdan bütün günah işlədənlər, Mənə ‹bəla bizə yaxınlaşmaz, bizə rast gəlməz› deyənlərin hamısı qılıncdan keçiriləcək. |
11. | Həmin gün Davudun yıxılan çadırını bərpa edəcəyəm. Onun dəlmə-deşiklərini tutub cırılan yerlərini tikəcəyəm. Onu əvvəlki halına salacağam, |
12. | ona görə ki qalan Edomlulara və Mənim adımla çağırılan bütün millətlərə sahib olsunlar” Rəbb belə bəyan edir. |
13. | Rəbb bəyan edir: “Budur, elə günlər gələcək ki, Kotan sürən biçinçiyə yetişəcək, Üzüm sıxan meynə əkənlə rastlaşacaq, Dağlardan şirin şərab damacaq, Bütün təpələrdən də axacaq. |
14. | Xalqım İsraili əsirlikdən qaytaracağam, Viran şəhərləri tikib məskən salacaqlar. Üzümlüklər əkib şərabını içəcəklər, Bağlar salıb meyvəsindən yeyəcəklər. |
15. | Onları özlərinin torpağında yerləşdirəcəyəm, Onlara verdiyim torpaqdan bir daha kənara atılmayacaqlar” Allahın Rəbb belə deyir». |
← Amos (9/9) |