← Amos (8/9) → |
1. | Xudavənd Rəbb mənə belə bir görüntü göstərdi: budur, bir səbət yay meyvəsi gördüm. |
2. | O məndən soruşdu: “Amos, sən nə görürsən?” Mən cavab verdim: “Bir səbət yay meyvəsi”. Rəbb mənə dedi: “Xalqım İsrailin axır günü yetişib. Artıq onlardan əl çəkməyəcəyəm. |
3. | Həmin gün saray nəğmələri fəryada çevriləcək. Meyit meyit üstə düşəcək, hər tərəfə atılacaq. Sonra sükut olacaq”. Xudavənd Rəbb belə bəyan edir. |
4. | Siz, ey möhtacları tapdalayıb əzənlər, ey kasıbların başını yeyənlər, indi buna qulaq asın! |
5. | Deyirsiniz: “Təzə Ay mərasimi nə vaxt sona çatacaq ki, taxılı başqasına sataq? Şənbə günü nə vaxt qurtaracaq ki, buğdanı satışa qoyaq? Qoy ölçünü azaldaq, qiyməti də artıraq, aldadıcı tərəzi quraq. |
6. | Qoy yoxsulları pula, möhtacları bir cüt çarığa satın alaq, buğdanın tör-töküntüsünü də sataq”. |
7. | Yaqubun fəxri olan Rəbb belə and içmişdir: “Onların bütün işlərini heç vaxt unutmayacağam”. |
8. | Bundan ötrü deyilmi ki, yer titrəyəcək, orada yaşayan hər kəs yasa batacaq? Bəli, bütün yer Nil çayı kimi qabaracaq, Misirdəki Nil çayı kimi coşandan sonra çəkiləcək. |
9. | Xudavənd Rəbb bəyan edir: “Həmin gün günorta günəşi batıracağam, Yer üzündə gündüzü qaraldacağam. |
10. | Bayramlarınızı yasa döndərəcəyəm, Bütün mahnılarınızı mərsiyəyə çevirəcəyəm. Hər kəsin belinə çul büründürəcəyəm, Hər başın saçını qırxdıracağam. Yeganə oğula yas tutulan kimi O günü sona qədər acı edəcəyəm”. |
11. | Xudavənd Rəbb bəyan edir: “Budur, elə günlər gələcək ki, Ölkəyə qıtlıq göndərəcəyəm. Bu günlərdə çörək və suyun qıtlığı deyil, Rəbbin sözlərinin qıtlığı olacaq. |
12. | İnsanlar Rəbbin sözünü axtaracaq. Dənizdən-dənizə, Şimaldan şərqə qədər Sürətlə gəzib-dolaşacaqlar, Lakin onu tapmayacaqlar. |
13. | Həmin gün gözəl qızlar, igid oğlanlar Susuzluqdan qəşş edəcəklər. |
14. | Samariyanın bütlərə and içib ‹Ey Dan, allahının haqqı!›, ‹Beer-Şevaya gedən yol haqqı!› deyən adamlar Yıxılacaq və bir daha qalxmayacaq”. |
← Amos (8/9) → |