← Amos (3/9) → |
1. | Ey İsraillilər! Rəbbin əleyhinizə dediyi sözü dinləyin! Misir torpağından çıxardığı bu nəslin hamısına belə deyir: |
2. | “Yer üzündəki nəsillərin arasında yalnız sizinlə ünsiyyət yaratmışam. Ona görə Mən bütün cəzanızı öz başınıza gətirəcəyəm”. |
3. | İki nəfər razılaşıb görüşməsə, Birgə yol gedərmi? |
4. | Şikarı olmayan şir Meşədə nərə çəkərmi? Heç nə ovlamamış gənc aslan Yuvasında nərildəyərmi? |
5. | Yerdə tələ qurub yem qoyulmazsa, Oraya quş düşərmi? Bir şey tutmayan tələ Yerindən atılarmı? |
6. | Şəhərdə şeypur çalınarsa, Xalq qorxuya düşməzmi? Əgər Rəbb bəla göndərməsə, Hansısa bir şəhərə bəla gələrmi? |
7. | Həqiqətən, Xudavənd Rəbb qulu olan peyğəmbərlərə Öz niyyətini açmadan heç nə etmir. |
8. | Şir nərə çəkəndə Kim ondan qorxmaz? Xudavənd Rəbb söyləyəndə Kim peyğəmbərlik etməz? |
9. | Aşdodun qalalarında, Misir torpağının qalalarında belə elan edin: “Samariya dağlarının üzərinə yığılın. Oradakı böyük qarışıqlığı, Onun içindəki təzyiqi görün”. |
10. | Rəbb bəyan edir: “Hətta düz iş görməyi bacarmırlar. Onlar qalalarına zorakılıqla, Soyğunçuluqla qənimət yığır”. |
11. | Ona görə də Xudavənd Rəbb belə deyir: “Düşmən gəlib ölkəni mühasirəyə alacaq, Səni gücdən salıb qalalarını qarət edəcək”. |
12. | Rəbb belə deyir: “Çoban şir ağzından necə iki bud sümüyü Yaxud qulağın bir parçasını çəkib qurtararsa, Samariyada divan üzərində, Dəməşqdə yataqda oturan İsrail övladları da eləcə xilas olacaq”. |
13. | “Buna qulaq asın! Yaqub nəslinə xəbərdarlıq edin!” Ordular Allahı Xudavənd Rəbb belə deyir. |
14. | “Mən İsraillilərə günahlarına görə cəza verəcəyim gün Bet-Eldəki qurbangahı da cəzalandıracağam. O qurbangahın buynuzları kəsilib yerə tullanacaq. |
15. | Mən qış sarayı ilə yay sarayını yıxacağam, Fil sümüyü ilə bəzənmiş evlər dağılacaq, Böyük saraylar viran qalacaq” Rəbb belə bəyan edir. |
← Amos (3/9) → |