← Acts (7/28) → |
1. | Baş kahin Stefandan soruşdu: «Bunlar doğrudurmu?» |
2. | Stefan belə cavab verdi: «Qardaşlar və atalar, məni dinləyin! Atamız İbrahim hələ Mesopotamiyada ikən Xaranda məskunlaşmazdan əvvəl izzətli Allah ona göründü. |
3. | Ona belə dedi: “Öz torpağından, qohumlarının arasından çıx, sənə göstərəcəyim torpağa get”. |
4. | Buna görə İbrahim Xaldeylilərin ölkəsini tərk edib Xarana köçdü. Atasının ölümündən sonra Allah onu oradan da götürüb sizin indi yaşadığınız bu ölkəyə gətirdi. |
5. | Burada ona irs olaraq bir qarış belə, torpaq vermədi. Amma İbrahimin o zaman hələ övladı olmasa da, Allah bu torpağı mülk olaraq ona və onun gələcək nəslinə verəcəyini vəd etmişdi. |
6. | Allah ona belə dedi: “Nəslin yad ölkədə qərib olacaq, orada olan millətə köləlik edəcək və onlara dörd yüz il zülm ediləcək”. |
7. | “Ancaq onların köləlik edəcəkləri milləti Özüm cəzalandıracağam” dedi Allah, “bundan sonra oradan çıxacaqlar” və “bu yerdə Mənə ibadət edəcəklər”. |
8. | Sonra Allah onunla sünnətlə bağlı Əhd kəsdi. Beləliklə də, İbrahim İshaqın atası olarkən onu səkkiz günlük olanda sünnət etdi. Bundan sonra İshaqdan Yaqub, Yaqubdan da on iki ulu babamız törədi. |
9. | Bu ulu babalarımız paxıllıqdan Yusifi qul kimi Misirə satdı. Lakin Allah Yusifə yar idi. |
10. | Onu bütün əziyyətlərdən qurtardı və ona hikmət verərək Misir hökmdarı fironun gözündə lütf qazandırdı. Firon onu Misirin və öz sarayında olan bütün xalqın rəhbəri təyin etdi. |
11. | Sonra bütün Misir və Kənan torpağı aclıq və böyük əziyyətlərlə üzləşdi. Bu ata-babalarımız yemək tapa bilmədi. |
12. | Yaqub eşidəndə ki, Misirdə taxıl var, bu ata-babalarımızı birinci dəfə oraya göndərdi. |
13. | Onlar ikinci dəfə Misirə gələndə Yusif özünü qardaşlarına tanıtdı. Bununla da firon Yusifin ailəsi ilə tanış oldu. |
14. | Yusif atası Yaquba xəbər göndərib onunla birgə bütün qohumlarını – yetmiş beş nəfəri çağırtdırdı. |
15. | Beləliklə, Yaqub Misirə getdi. Özü ilə bu ata-babalarımız da orada öldü. |
16. | Onların cəsədləri sonradan Şekemə gətirildi və Şekemdə İbrahimin Xamor övladlarından bir neçə gümüşə satın aldığı qəbirdə dəfn olundu. |
17. | Allahın İbrahimə bəyan etdiyi vədin həyata keçdiyi vaxt yaxınlaşanda Misirdəki xalqımızın sayı bir xeyli çoxalmışdı. |
18. | Axırda Misirdə Yusifi tanımayan yeni bir padşah taxta çıxdı. |
19. | Bu adam soydaşlarımıza hiylə işlətdi, zorakılıqla ata-babalarımızı məcbur etdi ki, yeni doğulan körpələrini sağ qalmasın deyə bayıra atsınlar. |
20. | Bu dövrdə son dərəcə gözəl bir körpə olan Musa doğuldu. O, üç ay atasının evində bəsləndi. |
21. | Sonra o da bayıra atıldı. Onu fironun qızı tapıb özünə övlad etdi və öz oğlu kimi böyütdü. |
22. | Musa Misirlilərin bütün elmi biliklərinə bağlı tərbiyə alıb söz və əməlində güclü bir şəxsiyyət oldu. |
23. | Musa qırx yaşına çatanda ürəyində soydaşları İsrail övladlarının vəziyyətini yaxından bilmək arzusu oyandı. |
24. | Onlardan birinin zərər çəkdiyini görəndə Musa onu müdafiə etdi. Zərər vuran Misirlini öldürərək əzilən insanın intiqamını aldı. |
25. | O belə fikirləşdi: “Soydaşlarım dərk edəcəklər ki, mənim vasitəmlə Allah onları xilas edir”. Amma onlar bunu dərk etmədilər. |
26. | Ertəsi gün Musa dalaşan iki İsraillini görəndə onları barışdırmaq istədi və dedi: “Ay kişilər, siz soydaşsınız, niyə bir-birinizə zərər vurursunuz?” |
27. | Lakin soydaşına zərər vuran kişi Musanı itələyib dedi: “Səni bizim üstümüzə kim başçı və hakim qoyub? |
28. | Yoxsa dünən Misirlini öldürdüyün kimi məni də öldürmək fikrindəsən?” |
29. | Bu sözə görə Musa qaçdı. O, Midyan torpağında, qürbətdə yaşadı və orada iki oğul atası oldu. |
30. | Qırx il keçəndən sonra Musa Sina dağının yaxınlığındakı səhrada olanda mələk ona bir kol arasından od-alov içərisində göründü. |
31. | Musa gördüklərinə heyrətləndi. Baxmaq üçün oraya yaxınlaşanda Rəbbin səsini eşitdi: |
32. | “Mən ata-babalarının Allahı – İbrahimin, İshaqın və Yaqubun Allahıyam”. Musa qorxusundan lərzəyə gəlib baxmağa belə, cəsarət etmədi. |
33. | Rəbb ona dedi: “Ayaqlarından çarıqlarını çıxart, çünki durduğun yer müqəddəs torpaqdır. |
34. | Həqiqətən, Mən Misirdə olan xalqımın əziyyətini gördüm, fəryadlarını eşitdim və onları qurtarmaq üçün endim. İndi get, Mən səni Misirə göndərirəm”. |
35. | Bu, həmin Musadır ki, onu rədd edib demişdilər: “Səni bizim üstümüzə kim başçı və hakim qoyub?” Amma Allah Musanı bir kol arasında görünən mələyin əli ilə başçı və qurtarıcı olaraq göndərdi. |
36. | O, xalqı Misirdən çıxaran, həm orada, həm Qırmızı dənizdə, həm də qırx il ərzində səhrada xariqə və əlamətlər yaradan insan idi. |
37. | İsrail övladlarına “Allah məni yetirdiyi kimi sizin üçün öz soydaşlarınız içərisindən bir peyğəmbər yetirəcək” deyən bu Musadır. |
38. | Bu, həmin adamdır ki, Sina dağında onunla danışan mələklə və ata-babalarımızla birgə səhradakı cəmiyyətdə olmuşdu. O, canlı sözlər almışdı ki, bizə versin. |
39. | Ata-babalarımızsa Musanın sözünə baxmaq istəmədi, onu rədd etdi və Misirə qayıtmağı arzuladılar. |
40. | Haruna dedilər: “Bizim üçün allahlar düzəlt ki, qabağımızca getsinlər. Çünki bizi Misir torpağından çıxaran adamın – bu Musanın başına nə iş gəldiyini bilmirik!” |
41. | O günlərdə dana şəklində bir büt düzəldib ona qurban gətirdilər və öz əlləri ilə düzəltdikləri bu büt üçün şənlik qurdular. |
42. | Buna görə Allah ata-babalarımızdan üz döndərib onları tərk etdi ki, səma cisimlərinə ibadət etsinlər. Peyğəmbərlərin kitabında da belə yazılıb: “Ey İsrail nəsli, Qırx il çöldə olanda Mənə qurban və təqdimlər gətirmişdinizmi? |
43. | Səcdə edəsiniz deyə düzəltdiyiniz Molekin çadırını, Tanrınız Refanın ulduz bütünü gəzdirdiniz. Elə buna görə də sizi Babilin o tayına sürgünə aparacağam”. |
44. | Səhrada ata-babalarınızın Şəhadət çadırı var idi. Musa bunu onunla danışan Allahın əmr etdiyi kimi, gördüyü nümunəyə əsasən düzəltmişdi. |
45. | Şəhadət çadırını əvvəlki nəsildən təhvil alan ata-babalarımız Yeşuanın başçılığı ilə başqa millətlərin mülkünü ələ keçirəndə çadırı da özləri ilə gətirmişdilər. Allah Özü millətləri ata-babalarımızın qarşısından qovdu. Şəhadət çadırı Davudun dövrünə qədər qaldı. |
46. | Allahın lütfünü qazanan Davud yalvardı ki, Yaqubun nəsli üçün bir məskən qura bilsin. |
47. | Lakin Allaha ev tikən Süleyman oldu. |
48. | Amma Haqq-Taala əllə tikilən evlərdə yaşamaz. Peyğəmbərin dediyi kimi |
49. | Rəbb belə deyir: “Göylər Mənim taxtımdır, Yer ayaqlarımın altındakı kətildir. Mənim üçün nə cür ev tikəcəksiniz, Dincələcəyim yer harada olacaq? |
50. | Bütün bunları Mənim əlim yaratmadımı?” |
51. | Ey dikbaş, həm ürəkləri, həm də qulaqları “sünnət” edilməmiş insanlar, ata-babanız kimi siz də həmişə Müqəddəs Ruhun əleyhinə çıxırsınız. |
52. | Ata-babalarınızın təqib etmədiyi peyğəmbər varmı? Onlar Saleh Olanın zühuru barədə əvvəlcədən xəbər verənləri belə, öldürdülər. Sizsə bu Saleh Olana xəyanət edərək Onu qətlə yetirdiniz. |
53. | Mələklər vasitəsilə verilən Qanunu aldınız, lakin ona riayət etmədiniz». |
54. | Ali Şuranın üzvləri bu sözləri eşidəndə çox qəzəbləndilər və Stefana dişlərini qıcırtdılar. |
55. | Müqəddəs Ruhla dolan Stefan isə gözlərini göyə dikib Allahın ehtişamını və Allahın sağında dayanan İsanı gördü. |
56. | O dedi: «Baxın, mən göylərin yarıldığını və Bəşər Oğlunun Allahın sağında dayandığını görürəm». |
57. | Onlar qulaqlarını tutub haray qopardılar və hamısı birlikdə Stefanın üstünə hücum çəkdilər. |
58. | Onu şəhərdən kənara çıxarıb daşqalaq etdilər. Stefanın əleyhinə şahidlik edənlər öz üst geyimlərini Şaul adlı bir gəncin ayaqları altına qoydular. |
59. | Stefan üstünə yağan daşlar altında belə yalvarırdı: «Ya Rəbb İsa, ruhumu qəbul et». |
60. | Sonra diz çöküb ucadan nida etdi: «Ya Rəbb, bunu onlara günah sayma». Bunu deyəndən sonra gözlərini bu həyata yumdu. |
← Acts (7/28) → |