← Acts (4/28) → |
1. | Kahinlər, məbəd mühafizəçilərinin başçısı və sadukeylər xalqa vəz edən Peterlə Yəhyanın üstünə getdilər. |
2. | Çünki bu həvarilərin xalqı öyrətməsinə, İsaya şamil edərək ölülər arasından dirilməni bəyan etməsinə qıcıqlandılar. |
3. | Onları tutdular və axşam olduğu üçün sabahkı günə qədər zindanda saxladılar. |
4. | Lakin onların sözünə qulaq asanlardan bir çoxu iman etdi. Beləliklə, iman edən kişilərin sayı beş minə qədər çatdı. |
5. | Ertəsi gün Yəhudilərin rəhbərləri, ağsaqqalları və ilahiyyatçıları Yerusəlimə toplaşdılar. |
6. | Baş kahin Xanan, Qayafa, Yəhya, İsgəndər və baş kahinin nəslindən olanların hamısı orada idi. |
7. | Peterlə Yəhyanı onların qarşısına gətirib soruşdular: «Siz bunu hansı qüvvə ilə, kimin adı ilə edirsiniz?» |
8. | O zaman Peter Müqəddəs Ruhla dolub dedi: «Ey xalqın rəhbərləri və ağsaqqalları! |
9. | Əgər bu gün biz bir xəstəyə etdiyimiz yaxşılığa və onun necə sağalmasına görə sorğu-suala çəkiliriksə, |
10. | hamınız, bütün İsrail xalqı bilsin ki, bu adam sizin çarmıxa çəkdiyiniz, lakin Allahın ölülər arasından diriltdiyi Nazaretli İsa Məsihin adı ilə qarşınızda sağlam durub. |
11. | Siz “bənnaların rədd etdiyi daş guşədaşı olan” həmin İsadır. |
12. | Ondan başqa heç kimdə xilas yoxdur. Çünki səma altında biz insanlara verilən başqa bir ad yoxdur ki, onun vasitəsilə xilas olaq». |
13. | Onlar Peter və Yəhyanın cəsarətini görəndə, onların savadsız, sadə insanlar olduğunu biləndə heyrətə düşdülər, amma tanıdılar ki, onlar İsa ilə birgə olmuşdular. |
14. | Şəfa tapan adam Peter və Yəhya ilə birgə onların gözləri qarşısında durmuşdu, buna görə onların əleyhinə heç nə deyə bilmədilər. |
15. | Ali Şuranın üzvləri onlara bayıra çıxmağı əmr edəndən sonra aralarında müzakirəyə başlayıb |
16. | dedilər: «Bu adamlara nə edək? Bütün Yerusəlim əhalisinə aydın olub ki, bu adamların əli ilə əhəmiyyətli bir əlamət göstərilib və biz bunu dana bilmərik. |
17. | Amma bu xəbərin xalq arasında daha çox yayılmasının qarşısını almaq üçün onlara hədə-qorxu gələk ki, bundan sonra bu Adı çəkib heç kimə heç nə deməsinlər». |
18. | Beləcə onları çağırıb əmr verdilər ki, İsanın adını bəyan etmək və bu adla hər hansı bir təlim öyrətmək qadağandır. |
19. | Lakin Peterlə Yəhya cavab verib dedilər: «Özünüz qərar verin, Allaha deyil, sizə qulaq asmaq Allahın gözündə nə qədər doğrudur? |
20. | Axı eşidib-gördüklərimizi deməyə bilmərik». |
21. | Ali Şuranın üzvləri onlara cəza vermək üçün imkan tapa bilmədiklərinə görə onları bir daha hədələyəndən sonra azadlığa buraxdılar. Çünki bütün xalq baş verən hadisəyə görə Allahı izzətləndirdi. |
22. | Bu əlamət vasitəsilə sağalan adamın qırxdan artıq yaşı var idi. |
23. | Azadlığa buraxılan Peter və Yəhya öz yoldaşlarının yanına gəlib başçı kahinlərlə ağsaqqalların sözlərini onlara çatdırdılar. |
24. | Yoldaşları bunu eşidərkən bir nəfər kimi Allaha nida etdilər: «Ey Pərvərdigarımız, yeri, göyü, dənizi və bunların içindəki hər şeyi yaradan Sənsən. |
25. | Müqəddəs Ruh vasitəsilə Öz qulun atamız Davudun dili ilə belə dedin: “Nə üçün millətlər belə hirslənir, Ümmətlər boş şeylər düşünür? |
26. | Dünya şahları yığışır, Hökmdarlar Rəbbə və Onun məsh etdiyinə qarşı birləşir”. |
27. | Həqiqətən, Hirod və Ponti Pilat başqa millətlər və İsrail xalqı ilə birlikdə Sənin məsh etdiyin müqəddəs Qulun İsanın əleyhinə bu şəhərdə toplaşdı ki, |
28. | Sənin əvvəldən qərar verdiyin, Sənin əlində və niyyətində olan şeyləri həyata keçirsin. |
29. | İndi, ya Rəbb, onların etdikləri hədə-qorxuya bax! Biz qullarına güc ver ki, Sənin sözlərini tam cəsarətlə yayaq. |
30. | Xəstələri sağaltmaq üçün əlini uzat və müqəddəs Qulun İsanın adı ilə əlamətlər və xariqələr göstər». |
31. | Onlar dualarını qurtaran kimi toplandıqları yer lərzəyə gəldi və onların hamısı Müqəddəs Ruhla dolub Allahın kəlamını cəsarətlə yaymağa başladı. |
32. | İmanlıların hamısı canbir qəlbdə idi. Heç kim öz əmlakına «bu mənimdir» demir, bütün əmlaklarından birgə istifadə edirdi. |
33. | Həvarilər Rəbb İsanın dirilməsi barədə böyük qüvvə ilə şəhadət edirdi və hamısının üzərinə bol-bol lütf ehsan olunurdu. |
34. | Onların arasında heç kim yoxsul deyildi. Çünki onların arasında torpaq və ev sahibi olanlar mülkünü satıb pulunu gətirər, |
35. | həvarilərin ixtiyarına verərdi. Bu da hər kəsə ehtiyacına görə paylanardı. |
36. | Məsələn, Kiprdə anadan olan, həvarilərin Barnaba adlandırdığı (mənası «Təsəlli oğlu») Levili Yusif |
37. | sahib olduğu torpaq sahəsini sataraq pulunu gətirib həvarilərin ixtiyarına verdi. |
← Acts (4/28) → |