← Acts (3/28) → |
1. | Bir gün Peterlə Yəhya doqquzuncu saatda, dua vaxtı məbədə gedirdilər. |
2. | Bu zaman ayaqları anadangəlmə şikəst olan bir kişi məbədin Gözəl adlı qapısına gətirilirdi. Hər gün bu adamı ona görə oraya gətirərdilər ki, məbədə gəlib-gedənlərdən dilənərək nəzir alsın. |
3. | O, məbədə girən Peterlə Yəhyanı görüb onlardan nəzir istədi. |
4. | Peterlə Yəhya ona diqqətlə baxdı. Peter ona dedi: «Bizə bax». |
5. | Bu kişi onlardan nə isə umaraq gözlərini onların üzünə dikdi. |
6. | Peter ona dedi: «Nə qızılım, nə də gümüşüm var ki, sənə verim. Nəyim varsa, sənə onu verirəm. Nazaretli İsa Məsihin adı ilə qalx, gəz». |
7. | Sonra sağ əlindən tutub onu qaldırdı. Bu kişinin topuqları və ayaqları dərhal qüvvət aldı. |
8. | Atılaraq ayağa qalxdı və yeriməyə başladı. Qaçıb tullana-tullana, Allaha həmd edərək onlarla bərabər məbədə girdi. |
9. | Bütün xalq gördü ki, bu kişi yeriyir və Allaha həmd edir. |
10. | Onun məbədin Gözəl qapısında oturub dilənən kişi olduğunu tanıyanda hamı ondakı dəyişikliyə mat qalıb heyrətə düşdü. |
11. | Bu kişi Peterin və Yəhyanın əlindən yapışdı. Heyrətə düşən bütün xalq onlara tərəf, Süleymanın eyvanı adlanan yerə qaçdı. |
12. | Bunu görən Peter xalqa nida etdi: «Ey İsraillilər, burada heyrətamiz nə var ki? Niyə gözlərinizi bizə dikib baxırsınız? Elə bil biz öz qüvvəmizlə, öz möminliyimizlə bu kişinin yeriməsinə səbəb olmuşuq. |
13. | İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı, ata-babalarımızın Allahı Qulu İsanı izzətləndirib. Siz Onu sataraq Pilatın qarşısında rədd etdiniz. Pilat Onu azad etmək üçün qərar vermişdi, |
14. | amma siz Müqəddəs və Saleh Olanı rədd edib bir qatilin azad edilməsini istədiniz. |
15. | Siz Həyat Banisini öldürdünüz, amma Allah Onu ölülər arasından diriltdi. Biz bunun şahidləriyik. |
16. | Gördüyünüz və tanıdığınız bu kişi İsanın adı sayəsində, Onun adına olan imanla sağaldı. İsa vasitəsilə olan imanla bu kişi hamınızın gözü qarşısında tam şəfa tapdı. |
17. | İndi, ey qardaşlar, bilirəm ki, rəhbərləriniz kimi siz də bunu bilmədən etmisiniz. |
18. | Amma Allah peyğəmbərlərin dili ilə Öz Məsihinin əzab çəkməsi barədə əvvəlcədən bəyan etdiyini yerinə yetirdi. |
19. | Beləliklə, günahlarınız silinsin deyə tövbə edib Allaha tərəf dönün ki, |
20. | Rəbbin hüzurunda rahatlıq vaxtı tapasınız və O da sizin üçün əvvəlcədən təyin olunan Məsihi, yəni İsanı göndərsin. |
21. | Çünki Allahın qədimdən bəri müqəddəs peyğəmbərlərinin dili ilə məlum etdiyi kimi hər şeyin yenidən hazırlanacağı vaxtacan İsanın səmada qalması lazımdır. |
22. | Musa belə demişdi: “Allahınız Rəbb sizin üçün öz soydaşlarınız içərisindən mənim kimi bir peyğəmbər yetirəcək. Sizə nə söyləyəcəksə, ona qulaq asın”. |
23. | “Bu peyğəmbərə qulaq asmayan hər adam xalqı arasından ayrılıb məhv ediləcək”. |
24. | Şamueldən başlayaraq bütün peyğəmbərlər bu günləri elan etdilər. |
25. | Siz də peyğəmbərlərin varisləri, Allahın ata-babalarınızla kəsdiyi Əhdin varislərisiniz. Allah İbrahimə demişdi: “Yer üzünün bütün tayfaları sənin nəslin vasitəsilə xeyir-dua alacaq”. |
26. | Allah hər birinizi pis əməllərinizdən döndərmək və xeyir-dua vermək üçün Öz Qulunu dirildərək əvvəlcə sizin yanınıza göndərdi». |
← Acts (3/28) → |