← Acts (27/28) → |
1. | İtaliyaya doğru yelkən açmağa qərar veriləndə Paulu və bəzi başqa məhbusları İmperator alayından Yuli adlı bir yüzbaşıya təhvil verdilər. |
2. | Asiya vilayətinin sahilindəki limanlara gedən bir Edremit gəmisinə minərək dənizlə getdik. Salonikdən Makedoniyalı Aristarx da yanımızda idi. |
3. | Ertəsi gün Sidona çatdıq. Paulla dost kimi rəftar edən Yuli ona izin verdi ki, lazımi kömək almaq üçün dostlarının yanına getsin. |
4. | Oradan yenə dənizlə getdik. Küləklər bizə əks istiqamətdə əsdiyi üçün Kipri külək tutmayan tərəfdən keçdik. |
5. | Dəniz yolu ilə Kilikiya və Pamfiliyanı keçib Likiyanın Mira şəhərinə gəldik. |
6. | Yüzbaşı orada İtaliyaya gedən bir İsgəndəriyyə gəmisi tapıb bizi o gəmiyə mindirdi. |
7. | Xeyli gün aşağı sürətlə, çətinliklə üzərək Knid şəhərinin qarşısına çatdıq. Külək bizə yol vermədiyi üçün Salmoni burnundan dolanaraq Kritin külək tutmayan tərəfi ilə getdik. |
8. | Sahil boyunca çətinliklə irəliləyərək Laseya şəhəri yaxınlığındakı Gözəl Limanlar adlanan körfəzə gəlib-çatdıq. |
9. | Xeyli vaxt itirmişdik, hətta oruc günü də keçib-getmişdi. Artıq bu mövsümdə dəniz yolu ilə getmək təhlükəli idi. Odur ki, Paul onlara xəbərdarlıq edərək |
10. | dedi: «Ağalar, görürəm ki, bu səfər yalnız yük və gəmiyə deyil, canımıza da çox ziyan və bəla gətirəcək». |
11. | Lakin yüzbaşı Paulun dediklərini dinləməkdənsə gəmi sükançısının və sahibinin sözlərinə uydu. |
12. | Liman qışlamaq üçün əlverişsiz idi. Buna görə gəmidəkilərin əksəriyyəti oradan dənizə çıxıb imkan olarsa, Finiksə çataraq qışı orada keçirmək qərarına gəldi; Finiks Kritdə olan, cənub-qərbə və şimal-qərbə baxan bir liman idi. |
13. | Cənubdan zəif bir külək əsməyə başlayanda gözlədikləri anın gəldiyini zənn edərək lövbərləri çıxartdılar. Krit sahili boyu üzərək irəlilədilər. |
14. | Amma çox keçmədi ki, qurudan Evrakilon fırtınası qopdu. |
15. | Fırtınaya düşən gəmi küləyə müqavimət göstərə bilmirdi, əlacsız qaldıq və külək bizi aparırdı. |
16. | Qavda adlı kiçik bir adanın külək zəif tutan tərəfinə düşəndə gəminin qayığını güclə qurtara bildik. |
17. | Qayığı yuxarı çəkəndən sonra gəminin kəndirlərini onun altından dolayıb bağlayaraq tədbir gördülər. Sirt körfəzində saya oturmaqdan qorxub ləngəri aşağı saldılar və gəmi sürüklənməyə başladı. |
18. | Fırtına bizi bir xeyli çalxaladı. Ertəsi gün gəminin yükünü atmağa başladılar. |
19. | Üçüncü gün isə öz əlləri ilə gəminin təchizatını atdılar. |
20. | Günlərlə nə günəş, nə də ulduzlar göründü. Fırtına da o qədər şiddətlə davam edirdi ki, artıq bundan xilas olmağa ümidimiz qalmamışdı. |
21. | Adamlar uzun müddət yemək yemədikdə Paul ortada durub dedi: «Ağalar, gərək siz mənə qulaq asıb Kritdən çıxmayaydınız və bu ziyana, bu bəlaya düşməyəydiniz. |
22. | İndi sizə öyüd verərək deyirəm: ürəkli olun, çünki heç biriniz canını itirməyəcək, yalnız gəmi məhv olacaq. |
23. | Çünki mənsub olub ibadət etdiyim Allahın bir mələyi bu gecə yanıma gəlib dedi: |
24. | “Qorxma, Paul, sənin qeysərin qarşısına çıxmağın lazımdır. Səninlə birgə gəmidə olanların hamısını da Allah sənə bağışladı”. |
25. | Ay ağalar, buna görə ürəkli olun! Allaha inandığıma görə bilirəm ki, hər şey mənə deyilən kimi olacaq. |
26. | Amma bizə bir adaya düşmək lazımdır». |
27. | On dördüncü gecə idi ki, biz İoniya dənizində sürüklənirdik. Gecə yarısına yaxın gəmiçilər hiss etdilər ki, quruya yaxınlaşırlar. |
28. | Suyun dərinliyini ölçəndə gördülər ki, iyirmi qolacdır. Bir az gedəndən sonra bir daha ölçdülər və gördülər ki, on beş qolacdır. |
29. | Qayalığa çıxmaqdan qorxaraq gəminin dal tərəfindən dörd lövbər atıb sabahın açılması üçün dua etdilər. |
30. | Belə olanda gəmiçilər qaçmağa çalışıb gəminin qabaq hissəsindən lövbərlər salmaq bəhanəsi ilə qayığı dənizə endirdilər. |
31. | Amma Paul yüzbaşıya və əsgərlərə dedi: «Bunlar gəmidə qalmasalar, siz xilas ola bilməzsiniz». |
32. | Bundan sonra əsgərlər qayığın iplərini kəsib onu dənizə saldılar. |
33. | Dan yeri söküləndə Paul hamıya yemək yeməyi təkid edərək dedi: «Bu gün on dörd gündür ki, nigarançılıq içindəsiniz və heç nə yemədiyinizə görə acsınız. |
34. | Bunun üçün sizdən xahiş edirəm ki, yemək yeyəsiniz. Bu, xilasınız üçün lazımdır. Heç birinizin başından bir tük belə, əskik olmayacaq». |
35. | Paul bunu deyəndən sonra çörək götürdü və hamının qarşısında Allaha şükür edərək çörəyi bölüb yeməyə başladı. |
36. | Bundan hamı ürəklənib yemək yedi. |
37. | Gəmidə cəmi iki yüz yetmiş altı nəfər idik. |
38. | Hamı doyandan sonra buğdanı dənizə boşaldaraq gəmini yüngülləşdirdilər. |
39. | Hava işıqlananda gördükləri qurunu tanıya bilmədilər. Amma qumsal sahili olan bir körfəz gördülər. Qərara aldılar ki, imkan olsa, gəmini orada oturtsunlar. |
40. | Lövbərləri kəsib dənizdə qoydular. Eyni zamanda sükanları saxlayan kəndirləri açıb qabaq yelkəni qaldıraraq qumsallığa tərəf yönəldilər. |
41. | Gəmi isə dayazlıqda qum üstündə oturdu. Gəminin burnu quma batıb tərpənməz oldu. Arxa tərəfi isə dalğaların zərbəsindən sınmağa başladı. |
42. | Əsgərlər məhbusları öldürmək istəyirdi ki, heç biri üzərək qaçmasın. |
43. | Amma Paulu xilas etmək istəyən yüzbaşı əsgərləri bu fikirdən daşındırdı. Əmr etdi ki, əvvəlcə üzməyi bacaranlar dənizə tullanıb üzsünlər, |
44. | sonra dalda qalanlar ya taxtalar ya da gəminin başqa parçaları üzərində sahilə çıxsınlar. Beləliklə, hamısı sağ-salamat quruya çıxdı. |
← Acts (27/28) → |