← Acts (23/28) → |
1. | Ali Şuranı diqqətlə nəzərdən keçirən Paul dedi: «Qardaşlar, mən bu günəcən Allahın qarşısında təmiz vicdanla yaşamışam». |
2. | Baş kahin Xananya Paulun yanında duranlara əmr etdi ki, onun ağzından vursunlar. |
3. | Bundan sonra Paul ona dedi: «Ey üzü ağardılan divar, səni Allah vuracaq! Həm oturub Qanuna əsasən məni mühakimə edirsən, həm də Qanunu pozaraq məni döymək üçün əmr verirsən». |
4. | Yanında duranlar ona dedilər: «Sən Allahın baş kahinini söyürsən?» |
5. | Paul dedi: «Qardaşlar, onun baş kahin olduğunu bilmirdim. Əlbəttə, “xalqın başçısı barədə pis söz demə” deyə yazılıb». |
6. | Onların bir hissəsinin sadukey, digər hissəsinin isə farisey olduğunu bilən Paul Ali Şuraya nida etdi: «Ey qardaşlar, mən farisey oğlu fariseyəm. Ölülərin dirilməsinə ümid bəslədiyim üçün burada mühakimə olunuram». |
7. | Paulun bu sözündən sonra fariseylərlə sadukeylər arasında çəkişmə başladı və toplantı iki hissəyə ayrıldı. |
8. | Çünki sadukeylər iddia edirlər ki, ölümdən dirilmə, mələk və ruh yoxdur. Əksinə, fariseylər bunların hamısına inanırlar. |
9. | Toplantıda böyük bir hay-küy yarandı. Farisey tərəfini tutan bəzi ilahiyyatçılar qalxıb dava yaradaraq belə deyirdilər: «Bu adamda heç bir günah görmürük. Nə olsun ki, onunla bir ruh və yaxud mələk danışıb.» |
10. | Çəkişmə o qədər qızışdı ki, minbaşı onların Paulu parçalayacağından qorxdu. O, əsgərlərə əmr etdi ki, aşağı enib Paulu zorla onların arasından çıxararaq qalaya aparsınlar. |
11. | O gecə Rəbb Paulun yanında dayanıb dedi: «Cəsarətli ol, Yerusəlimdə Mənim haqqımda etdiyin şəhadəti Romada da etməyin lazımdır». |
12. | Səhər açılanda Yəhudilər öz aralarında Paula sui-qəsd hazırlayaraq and içdilər: «Əgər Paulu öldürməmiş bir şey yeyib-içəriksə, lənətə gələk!» |
13. | Bu sui-qəsdə qoşulanların sayı qırxdan artıq idi. |
14. | Bu adamlar başçı kahinlərlə ağsaqqalların yanına gəlib belə dedilər: «Biz qəti and içmişik: “Əgər Paulu öldürməmiş bir şey yeyib-içəriksə, lənətə gələk!” |
15. | İndi siz Ali Şura ilə birgə guya Paulun işinə daha dəqiq baxmaq istəyərək minbaşıdan xahiş edin ki, onu yanınıza gətirsin. Paul buraya gəlməmiş biz onu öldürməyə hazır olacağıq». |
16. | Lakin Paulun bacısı oğlu onların pusqu qurduqlarını eşidib qalaya girdi və Paula xəbər verdi. |
17. | Paul yüzbaşılardan birini yanına çağırıb dedi: «Bu cavanı minbaşının yanına apar, ona çatdırılası bir xəbəri var». |
18. | Yüzbaşı cavanı götürüb minbaşının yanına apardı və dedi: «Məhbus Paul məni çağırıb xahiş etdi ki, bu oğlanı sənin yanına aparım. Sənə bir sözü var». |
19. | Minbaşı cavanın əlindən tutub bir tərəfə çəkdi və soruşdu: «Mənə nə demək istəyirsən?» |
20. | Cavan dedi: «Yəhudilər belə razılığa gəlib ki, guya Paulun işinə daha dəqiq baxmaq istəyirlər, ona görə sabah səndən onun Ali Şuraya gətirilməsini xahiş edəcəklər. |
21. | Amma sən onların sözünə qulaq asma, çünki qırx nəfərdən artıq kişi “Əgər Paulu öldürməmiş bir şey yeyib-içəriksə, lənətə gələk!” deyə and içib pusquda gözləyir. Onlar hazır dayanıb sənin razılığını gözləyirlər». |
22. | Minbaşı ona belə tapşırdı: «Bunları mənə xəbər verdiyini heç kimə demə». Sonra oğlanı evə göndərdi. |
23. | Minbaşı yüzbaşılardan ikisini yanına çağırıb belə dedi: «Gecənin üçüncü saatı Qeysəriyyəyə getmək üçün iki yüz piyada, yetmiş atlı və iki yüz nizəçi hazırlayın. |
24. | Həmçinin minmək üçün heyvanlar gətirin və Paulu sağ-salamat vali Feliksə çatdırın». |
25. | Sonra bu cür məktub yazdı: |
26. | «Möhtərəm vali Feliksə Klavdi Lisiyadan salamlar! |
27. | Bu kişini Yəhudilər tutub öldürmək istəyirdi. Mən biləndə ki bu adam Roma vətəndaşıdır, özümü yetirib əsgərlərlə onu xilas etdim. |
28. | Onu nədə təqsirləndirmələrini bilmək üçün Yəhudilərin Ali Şurasının qarşısına çıxartdım. |
29. | Öyrəndim ki, onu özlərinin Qanunu ilə bağlı məsələlərdə ittiham edirlər, amma ona ölüm yaxud həbsə layiq cəza vermək üçün heç bir əsas yoxdur. |
30. | Mənə çatdırılanda ki bu kişiyə qarşı bir sui-qəsd qurulub, dərhal onu sənin yanına göndərdim. Onu ittiham edənlərin də şikayətlərini sənə bildirmələrini əmr etdim». |
31. | Əsgərlər onlara verilən əmrə əməl edərək gecə ikən Paulu götürüb Antipatrisə apardılar. |
32. | Ertəsi gün atlıları Paulla birlikdə yollarına davam etmək üçün ötürəndən sonra qalaya qayıtdılar. |
33. | Atlılar Qeysəriyyəyə çatan kimi məktubu valiyə verəndə Paulu da ona təslim etdilər. |
34. | Vali məktubu oxuyandan sonra Paulun hansı vilayətdən olduğunu soruşdu. Öyrənəndə ki Kilikiyadandır, |
35. | belə dedi: «Səni ittiham edənlər gələndə sənin işinə baxacağam». Bundan sonra əmr verdi ki, Paulu Hirod sarayında nəzarət altında saxlasınlar. |
← Acts (23/28) → |