| ← Acts (16/28) → |
| 1. | Paul Derbe və Listraya gəldi. Listrada Timotey adlı bir İsa şagirdi var idi. Onun anası imanlı bir Yəhudi, atası isə Yunan idi. |
| 2. | Listra və Konyadakı imanlı bacı-qardaşlar onun barəsində xoş sözlər deyirdi. |
| 3. | Timoteyi özü ilə aparmaq istəyən Paul bu şəhərlərdəki Yəhudilərə görə onu sünnət etdi. Çünki hamı onun atasının Yunan olduğunu bilirdi. |
| 4. | Onlar şəhərbəşəhər gəzib-dolaşır, Yerusəlimdəki həvarilərlə ağsaqqalların qərara aldığı qaydaları imanlılara deyir və göstərirdi ki, bunlara riayət etsinlər. |
| 5. | Beləliklə, cəmiyyətlər imanda güclənir və sayı günbəgün artırdı. |
| 6. | Müqəddəs Ruh onlara imkan vermədi ki, Asiya vilayətində kəlamı yaysınlar. Ona görə də onlar Frigiya və Qalatiya ərazisini keçib getdilər. |
| 7. | Misiya sərhədinə gələrkən Bitinyaya getməyə çalışdılar. Amma İsanın Ruhu onlara izin vermədi. |
| 8. | Ona görə Misiyadan keçib Troasa getdilər. |
| 9. | O gecə Paul bir görüntü gördü. Makedoniyalı bir nəfər onun qarşısında durub yalvarırdı: «Makedoniyaya gəl və bizə kömək et!» |
| 10. | Paul bu görüntünü görəndən sonra Makedoniyaya getmək üçün dərhal bir yol axtardıq. Bundan nəticə çıxartdıq ki, Allah bizi orada Müjdə yaymaq üçün çağırır. |
| 11. | Troasdan yelkən açıb birbaşa Samotraki adasına və ertəsi gün isə Neapolisə gəldik. |
| 12. | Oradan Filipiyə keçdik. Bura Makedoniya bölgəsində əhəmiyyətli bir şəhərdir, əhalisi əsasən Romalılardır. Bu şəhərdə bir neçə gün qaldıq. |
| 13. | Şənbə günü şəhər darvazasından çıxıb çay kənarına getdik. Elə bildik ki, Yəhudilər adətən oraya dua etmək üçün yığılır. Oturduq, oraya yığılan qadınlarla söhbət etməyə başladıq. |
| 14. | Bizə qulaq asanlar arasında Tiatira şəhərindən tünd qırmızı parça satan, Allaha mömin olan Lidiya adlı bir qadın var idi. Paulun sözlərinə qulaq asmaq üçün Rəbb ona açıq ürək vermişdi. |
| 15. | Lidiya ev əhli ilə bərabər vəftiz olunduqdan sonra bizi evinə dəvət edib dedi: «Əgər siz məni Rəbbə sadiq bir insan kimi qəbul edirsinizsə, gəlin, mənim evimdə qalın». O bizi buna razı etdi. |
| 16. | Bir gün biz dua yerinə gedərkən falçılıq ruhuna tutulan bir qarabaş qarşımıza çıxdı. Bu qız baxıcılıq edərək öz ağalarına nə qədər qazanc gətirmişdi. |
| 17. | O, Paulun və bizim ardımızca düşərək qışqıra-qışqıra deyirdi: «Bu adamlar Allah-Taalanın qullarıdır. Sizə xilas yolunu bildirirlər». |
| 18. | Bunu günbəgün təkrar etdi. Bu, Paulu çox bezdirdi. Nəhayət, o çevrilib ruha dedi: «İsa Məsihin adı ilə sənə əmr edirəm, bu qızdan çıx!» Ruh dərhal qızdan çıxdı. |
| 19. | Qızın ağaları görəndə ki bu qazancdan ümidləri kəsildi, Paulla Silanı tutub bazar meydanına – rəhbərlərin qarşısına gətirdilər. |
| 20. | Onları hakimlərin qarşısına çıxararaq dedilər: «Bu adamlar Yəhudidir. Şəhərimizə qarışıqlıq salıblar. |
| 21. | Biz Romalılara qəbulu və icrası qadağan olunan adətləri yayırlar». |
| 22. | Xalq da Paulla Silanın əleyhinə çıxdı. Hakimlər əmr verdilər ki, onların əyinlərindəki paltarları soyundurub dəyənəklə döysünlər. |
| 23. | Onlara çox zərbə vurdular və sonra zindana atdılar. Zindanın baş mühafizəçisinə əmr etdilər ki, onları möhkəm nəzarət altında saxlasınlar. |
| 24. | Bu əmri alan baş mühafizəçi onları zindanın xüsusi otağına aparıb ayaqlarını kündəyə saldı. |
| 25. | Gecə yarısına yaxın Paulla Sila dua edir və Allaha ilahilər oxuyurdu. Digər məhbuslar da onlara qulaq asırdılar. |
| 26. | Birdən elə güclü zəlzələ oldu ki, zindanın təməli belə, yerindən oynadı. Bir andaca bütün qapılar açıldı, hamının zəncirləri töküldü. |
| 27. | Baş mühafizəçi oyanıb zindanın qapılarını açıq görəndə qılıncını çəkib canına qəsd etmək istədi. Elə bildi ki, məhbuslar qaçıb. |
| 28. | Amma Paul bərkdən qışqırıb dedi: «Canına qıyma, hamımız buradayıq!» |
| 29. | Baş mühafizəçi işıq gətirdib içəri qaçdı. Titrəyə-titrəyə Paul və Silanın qarşısında yerə düşdü. |
| 30. | Onları bayıra çıxararaq soruşdu: «Ağalar, xilas olmaq üçün nə etməliyəm?» |
| 31. | Onlar dedilər: «Rəbb İsaya iman et, sən də, ev əhlin də xilas olarsınız». |
| 32. | Sonra həm ona, həm də onun ev əhlinə Rəbbin kəlamını bildirdilər. |
| 33. | Gecənin bu vədəsində baş mühafizəçi onları götürüb yaralarını yudu. Sonra həm özü, həm də ev əhli dərhal vəftiz oldu. |
| 34. | Paulla Silanı evinə aparıb onlar üçün süfrə açdı. Allaha iman etdiklərinə görə o və bütün ev əhli şad oldular. |
| 35. | Səhər açılanda hakimlər yasavullar göndərib dedilər: «Bu adamları azad et». |
| 36. | Baş mühafizəçi bu sözləri Paula çatdırdı: «Hakimlər xəbər göndərdi ki, siz azad ediləsiniz. İndi çıxın, arxayın gedin». |
| 37. | Amma Paul yasavullara belə dedi: «Roma vətəndaşı ola-ola bizi məhkəməsiz hamının qarşısında döyüb zindana atdılar. İndi bizi gizli-gizli qovmaq istəyirlərmi? Belə şey ola bilməz! Özləri gəlsin, bizi buradan çıxarsın!» |
| 38. | Yasavullar bu sözləri hakimlərə çatdırdılar. Hakimlər Paulla Silanın Roma vətəndaşı olduğunu eşidəndə qorxdular |
| 39. | və gəlib onlardan üzr istədilər. Sonra onları bayıra çıxarıb xahiş etdilər ki, şəhərdən çıxıb getsinlər. |
| 40. | Paulla Sila zindandan çıxandan sonra Lidiyanın evinə getdilər. İmanlı bacı-qardaşlarla görüşüb onları ruhlandırandan sonra yola düşüb getdilər. |
| ← Acts (16/28) → |