← Acts (12/28) → |
1. | O vaxtlar padşah Hirod cəmiyyətin bəzi üzvlərinə zülm etməyə əl atdı. |
2. | Yəhyanın qardaşı Yaqubu qılıncdan keçirib edam etdirdi. |
3. | Bundan Yəhudilərin razı qaldığını görüb üstəlik Peteri də tutdurdu. Bunu Mayasız Çörək bayramı vaxtında etdi. |
4. | O, Peteri yaxalatdırıb zindana saldırdı; onu hər birində dörd nəfər olmaqla dörd əsgəri dəstəyə nəzarət altında saxlanmaq üçün təslim etdi. Niyyətində tutmuşdu ki, Pasxa bayramından sonra xalq qarşısında onun məhkəməsini keçirsin. |
5. | Peter buna görə zindanda saxlanılırdı. Lakin imanlılar cəmiyyəti ciddi-cəhdlə onun üçün Allaha dua edirdi. |
6. | Peter Hirodun ona məhkəmə quracağı günün əvvəlki gecəsi iki əsgər arasında bir cüt zəncirə bağlanmış halda yatırdı. Qarovulçular da qapıda dayanıb zindanın təhlükəsizliyini qoruyurdu. |
7. | Qəflətən Rəbbin bir mələyi göründü. Zindanın otağı işıqlandı. Mələk Peterin böyrünə vurub onu oyatdı və dedi: «Tez ol, qalx». O andaca Peterin biləklərindəki zəncirlər düşdü. |
8. | Mələk ona dedi: «Qurşağını bağla, çarığını geyin». Peter belə də etdi. Mələk yenə dedi: «Üst paltarını geyin, ardımca gəl». |
9. | Peter onun ardınca düşərək bayıra çıxdı. Amma mələyin etdiyinin həqiqi olduğunu başa düşmürdü, elə bilirdi ki, bir görüntü görür. |
10. | Birinci, ikinci qarovulçunun yanından keçərək şəhərə açılan dəmir darvazaya çatdılar. Onların qarşısında darvaza öz-özünə açıldı. Onlar çıxıb küçə uzunu getdilər. Birdən mələk Peterdən ayrıldı. |
11. | O andaca özünə gələn Peter dedi: «İndi əminliklə başa düşdüm ki, Rəbb Öz mələyini göndərib məni Hirodun əlindən və Yəhudi xalqının gözlədiyi bütün bəlalardan qurtardı». |
12. | Peter bunları dərk edəndə Mark adlanan Yəhyanın anası Məryəmin evinə getdi. Orada xeyli adam yığılıb dua edirdi. |
13. | Peter həyət qapısını döyməyə başladı və Roda adlı bir qarabaş eşidib qapıya getdi. |
14. | Qız Peteri səsindən tanıdı və sevincindən qapını belə, açmadan yenə evə qaçdı. Oradakılara xəbər verdi ki, Peter qapıda dayanıb. |
15. | Onlar isə belə dedilər: «Dəli olmusan?» Amma qız dediyinin üstündə durdu. Belə olanda dedilər: «Yəqin onu qoruyan mələkdir». |
16. | Peter isə dayanmadan qapını döyürdü. Qapını açıb onu görəndə mat qaldılar. |
17. | Peter əli ilə susmaq işarəsi verərək Rəbbin onu necə zindandan çıxardığını nəql etdi. Sonra «bu xəbəri Yaquba və o biri qardaşlara da çatdırın» deyərək onlardan ayrılıb başqa yerə getdi. |
18. | Səhər açılanda əsgərləri böyük bir vahimə bürüdü. Bir-birlərindən soruşdular: «Bəs Peter necə oldu?» |
19. | Hirod onu axtartdı. Tapa bilməyəndə isə qarovulçuları sorğu-suala çəkdirəndən sonra edam edilmələrinə əmr verdi. Bundan sonra Hirod Yəhudeyadan Qeysəriyyəyə yollandı və orada qaldı. |
20. | Hirod Sur və Sidon əhalisinə qarşı hiddətindən alışıb-yanırdı. Onlar birlikdə onun yanına gəlib sarayın məişət işləri üzrə müdiri Blastı öz tərəflərinə çəkərək sülh istədiklərini bildirdilər. Çünki onların ölkəsi padşahın ölkəsindən gələn ərzaqdan asılı idi. |
21. | Təyin olunan gündə şahlıq libasını geyən Hirod hökm kürsüsünə oturaraq Sur və Sidonlulara müraciət etdi. |
22. | Camaat qışqırmağa başladı: «Bu bir insanın səsi deyil, bir allahın səsidir!» |
23. | O anda Rəbbin bir mələyi Hirodu vurdu. Çünki izzəti Allaha vermədi. Onu daxildən qurdlar yedi və canı çıxdı. |
24. | Allahın kəlamı isə yayılırdı və təsiri artırdı. |
25. | Barnaba və Şaul Yerusəlimdəki xidmətlərini yerinə yetirəndən sonra Mark adlanan Yəhyanı özləri ilə götürüb geri qayıtdılar. |
← Acts (12/28) → |