3John (1/1) |
1. | Mən ağsaqqaldan həqiqətə görə sevdiyim əziz Qaya salam! |
2. | Ey sevimli, dua edirəm ki, canın uğurlu olduğu kimi özün də hər cəhətdən uğurlu və sağlam olasan. |
3. | Bəzi qardaşlar gəlib sənin həqiqətə bağlılığına, yəni həqiqətə görə həyat sürdüyünə şəhadət edəndə mən çox sevindim. |
4. | Mənim üçün öz övladlarımın həqiqətə görə həyat sürdüyünü eşitməkdən böyük sevinc ola bilməz. |
5. | Ey sevimli, sənə hətta yad olduqları halda qardaşlara xidmət etməkdə sədaqət göstərirsən. |
6. | Onlar cəmiyyətin qarşısında sənin məhəbbətin barədə şəhadət ediblər. Sən onları Allaha layiq bir tərzdə yola salarkən yaxşı iş görəcəksən. |
7. | Çünki onlar imansız olanlardan heç nə götürmədən Onun naminə yola çıxdılar. |
8. | Beləcə biz həqiqət işində həmkar olmaq üçün bu cür adamlara dayaq olmalıyıq. |
9. | Cəmiyyətə bir şey yazdım, amma onların arasında başçılıq etməyi sevən Diotref bizim səlahiyyətimizi tanımır. |
10. | Buna görə də mən gələndə onun etdiyi əməllərlə bağlı məsələ qaldıracağam: o bizim barəmizdə pis sözlərlə qeybət edir, hətta bununla kifayətlənməyərək qardaşları özü qəbul etmir, qəbul etmək istəyənlərə də mane olur və onları cəmiyyətdən qovur. |
11. | Ey sevimli, pislikdən yox, yaxşılıqdan nümunə götür. Yaxşılıq edən Allahdandır, pislik edənsə Allahı görməyib. |
12. | Hamı Dimitrinin yaxşı adam olduğuna şəhadət edir, həqiqətin özü də bunu təsdiq edir. Biz də buna şəhadət edirik və sən də bilirsən ki, bizim şəhadətimiz etibarlıdır. |
13. | Sənə yazılası çox sözüm var, amma bunları sənə qələm və mürəkkəblə yazmaq istəmirəm. |
14. | Amma ümid edirəm ki, tezliklə səni görəcəyəm və səninlə üz-üzə söhbət edəcəyəm. Sənə sülh olsun. Dostlar sənə salam göndərir. Oradakı dostlara bir-bir salam söylə. |
3John (1/1) |