← 2Timothy (4/4) |
1. | Allahın və dirilərlə ölüləri mühakimə edəcək Məsih İsanın önündə Onun zühuru və Padşahlığının haqqı üçün sənə buyururam ki, |
2. | Allahın kəlamını vəz edəsən, hansı vaxt olursa-olsun hazır olasan, insanlara tam səbirlə təlim öyrədərək məzəmmət, xəbərdarlıq və nəsihət verəsən. |
3. | Çünki elə bir zaman gələcək ki, sağlam təlimə dözməyəcəklər. Qulaq oxşayan sözlər eşitmək üçün ətraflarına öz ehtiraslarına uyğun müəllimlər toplayacaqlar. |
4. | Qulaqlarını həqiqətdən döndərəcək, əfsanələrə meyl göstərəcəklər. |
5. | Amma sən hər vəziyyətdə ayıq ol. Əzaba qatlaş, müjdəçilik işini yerinə yetir, öz xidmətinə tam əməl et. |
6. | Çünki qanım artıq içmə təqdimi kimi tökülmək üzrədir. Artıq ayrılma zamanım gəldi. |
7. | Mən yaxşı mübarizə aparmışam, yolumu sona çatdırdım, imanı saxladım. |
8. | İndi salehlik tacı mənim üçün hazır durur. Ədalətli Hakim olan Rəbb qiyamət günü onu mənə – yalnız mənə deyil, Onun zühuruna can atanların hamısına verəcək. |
9. | Yanıma tez gəlməyə çalış. |
10. | Çünki Dima indiki dövrü sevdiyi üçün məni tərk edib Salonikə getdi. Kreskent Qalatiyaya, Tit isə Dalmatiyaya getdi. |
11. | Yalnız Luka yanımdadır. Markı da götür özünlə gətir, çünki o etdiyim xidmətdə mənə yardım edir. |
12. | Tixiki isə Efesə göndərdim. |
13. | Troasda Karpın yanında qoyduğum yapıncını, kitabları, xüsusən, yazılı dəriləri də gələndə gətir. |
14. | Misgər İsgəndər mənə çox pislik etdi. Rəbb ona əməllərinin əvəzini verəcək. |
15. | Sən də ondan özünü gözlə. Çünki söylədiklərimizə ciddi-cəhdlə zidd getdi. |
16. | Mən ilk dəfə müdafiə olunanda heç kim mənə tərəfdar çıxmadı, hamı məni tərk etdi. Qoy onlara günah sayılmasın. |
17. | Lakin Rəbb köməyimə gəlib mənə güc verdi ki, vəz mənim vasitəmlə tam elan edilsin və onu bütün millətlər eşitsin. Mən aslanın ağzından xilas oldum. |
18. | Rəbb məni hər cür pis əməldən qurtaracaq və Öz Səmavi Padşahlığı üçün xilas edəcək. Ona əbədi olaraq izzət olsun! Amin. |
19. | Priskila ilə Akilaya və Onisiforun ev əhlinə salam söylə. |
20. | Erast Korinfdə qaldı. Trofimi isə xəstə halda Miletdə qoydum. |
21. | Çalış ki, qışdan əvvəl gələsən. Evvul, Pudent, Lin, Klavdiya və bütün bacı-qardaşlar sənə salam göndərir. |
22. | Rəbb sənin ruhuna yar olsun! Sizə lütf olsun! |
← 2Timothy (4/4) |