← 2Thessalonians (2/3) → |
1. | Rəbbimiz İsa Məsihin zühuruna və bizim Onunla birlikdə olmaq üçün toplaşmağımıza gəlincə, qardaşlar, sizdən xahiş edirik: |
2. | qoy «Rəbbin günü çatmışdır» deyə iddia edən hər hansı bir ruh, bir söz yaxud guya bizdən gələn bir məktub sizi tez ağıldan çıxarıb təlaşa salmasın. |
3. | Heç kim sizi heç bir şəkildə aldatmasın. Çünki əvvəl üsyan qaldırılaraq həlak edilməli qanunsuz adam meydana çıxmayınca o gün gəlməyəcək. |
4. | O adam, allah adlanan yaxud səcdə edilən hər şeyə qarşı çıxaraq özünü hamıdan üstün tutacaq. Belə ki Allahın məbədində əyləşib özünün Allah olduğunu elan edəcək. |
5. | Hələ yanınızda olarkən bunları sizə söylədiyim yadınızda deyilmi? |
6. | Bəli, vaxtı çatanda meydana çıxsın deyə indi o adama nəyin mane olduğunu bilirsiniz. |
7. | Hələ indi də qanunsuzluğun sirli gücü fəaliyyətdədir. Ancaq hələlik həmin gücə mane olan şəxs aradan qalxanadək belə olacaq. |
8. | Sonra həmin qanunsuz adam meydana çıxacaq və Rəbb İsa onu ağzından çıxan nəfəsi ilə öldürəcək, Öz zühurunun əzəməti ilə məhv edəcək. |
9. | Bu qanunsuz adam Şeytanın fəaliyyətinə əsaslanaraq hər cür yalan möcüzə, əlamət və xariqələrlə |
10. | və həmçinin hər cür haqsızlığın hiyləsi ilə gələcək ki, həqiqəti sevərək xilas olmaq əvəzinə, bunu rədd etdikləri üçün həlak olacaq insanları aldatsın. |
11. | Buna görə Allah onların üzərinə aldadıcı bir qüvvə göndərir ki, yalana inansınlar. |
12. | Belə ki həqiqətə inanmayıb haqsızlıq etməkdən zövq alanların hamısı mühakimə olunsun. |
13. | Bizsə, ey Rəbbin sevdiyi qardaşlar, sizin üçün həmişə Allaha şükür etməliyik. Çünki Allah başlanğıcdan sizi Ruhun təqdisi və həqiqətə iman vasitəsilə xilas üçün seçdi. |
14. | Rəbbimiz İsa Məsihin izzətinə nail olmağınız üçün O bizim yaydığımız Müjdə ilə sizi bu xilasa çağırdı. |
15. | Beləliklə, qardaşlar, möhkəm dayanın və sözümüz yaxud məktubumuz vasitəsilə öyrəndiyiniz təlimlərə bağlı qalın. |
16. | Rəbbimiz İsa Məsihin Özü və bizi sevib lütfü ilə əbədi cəsarət və xeyirli ümid verən Atamız Allah |
17. | sizi ürəkləndirsin, hər yaxşı söz və əməldə möhkəmləndirsin. |
← 2Thessalonians (2/3) → |