← 2Samuel (8/24) → |
1. | Bundan sonra Davud Filiştliləri məğlub edib özünə tabe etdi və Meteq-Ammahı Filiştlilərdən aldı. |
2. | Moavlıları da məğlub etdi və yerə uzadaraq ölçü ipi ilə ölçdü, ölçdüyü iki cərgəni öldürdü, bir cərgəni isə sağ buraxdı. Moavlılar Davuda tabe olub xərac verdilər. |
3. | Sova padşahı Rexov oğlu Hadadezer Fərat çayının ətrafında öz hakimiyyətini bərpa etmək üçün gedəndə Davud onu məğlub etdi. |
4. | O, Hadadezerin min yeddi yüz süvarisini və iyirmi min piyada əsgərini əsir etdi və atlardan yüzə qədərini döyüş arabası üçün saxlayaraq qalan atların ayaq vətərini kəsdi. |
5. | Dəməşqdə yaşayan Aramlılar Sova padşahı Hadadezerə kömək etməyə gələndə Davud onlardan iyirmi iki min nəfəri qırdı. |
6. | Davud Dəməşq Aramına hərbi dəstələr yerləşdirdi və Aramlılar ona tabe olub xərac verdilər. Rəbb Davuda getdiyi hər yerdə zəfər qazandırdı. |
7. | O, Hadadezerin zabitlərinin gəzdirdiyi qızıl qalxanları götürüb Yerusəlimə gətirdi. |
8. | Padşah Davud Hadadezerin Betah və Berotay şəhərlərindən çoxlu tunc aldı. |
9. | Xamat padşahı Toi eşitdi ki, Davud Hadadezerin bütün ordusunu məğlub edib. |
10. | Toi padşah Davudu salamlamaq və Hadadezeri döyüşdə məğlub etdiyinə görə təbrik etmək üçün oğlu Yoramı onun yanına göndərdi, çünki Hadadezer Toi ilə həmişə müharibə etmişdi. Yoram Davuda qızıl-gümüş və tunc əşyalar bəxş etdi. |
11. | Padşah Davud bu bəxşişləri də, özünə tabe etdirdiyi bütün millətlərdən – |
12. | Aramlılardan, Moavlılardan, Ammonlulardan, Filiştlilərdən, Amaleqlilərdən əldə etdiyi qızıl-gümüşü də Sova padşahı Rexov oğlu Hadadezerdən əldə edilən talan malı ilə birlikdə Rəbbə həsr etdi. |
13. | Duz vadisində Davud Edomlulardan on səkkiz min nəfəri qırandan sonra geri qayıdan zaman ad qazandı. |
14. | Edoma hərbi dəstələr yerləşdirdi. Edomun hər tərəfinə hərbi dəstələri yerləşdirəndən sonra Edomluların hamısı Davuda tabe oldu. Rəbb Davuda getdiyi hər yerdə zəfər qazandırdı. |
15. | Davud bütün İsrailin padşahı oldu. O bütün xalqına ədalət və salehliklə hökmranlıq edirdi. |
16. | Seruya oğlu Yoav ordu başçısı idi; Axilud oğlu Yehoşafat salnaməçi idi; |
17. | Axituv oğlu Sadoq və Evyatar oğlu Aximelek kahin idi; Seraya mirzə idi; |
18. | Yehoyada oğlu Benaya Keretlilər və Peletlilərin başçısı idi; Davudun oğulları isə vəzir idi. |
← 2Samuel (8/24) → |