← 2Samuel (23/24) → |
1. | Davudun son sözləri bunlardır: Yessey oğlu Davud deyir, Allahın ucaltdığı adam, Yaqubun Allahının məsh etdiyi, İsrailin sevimli məzmur şairi belə söyləyir: |
2. | Rəbbin Ruhu mənim vasitəmlə söylədi, Onun sözü dilimin ucundadır. |
3. | İsrailin Allahı belə dedi, İsrailin Qayası mənə belə söylədi: İnsanlar üstündə doğruluqla hökm edən, Allah qorxusu ilə səltənət sürən şəxs |
4. | Buludsuz bir səmada gün doğarkən sübh şəfəqi kimidir, Şüası yağışdan sonra yerdən təzə ot bitirir. |
5. | Həqiqətən, mənim evim Allahla belə deyilmi? Çünki O mənimlə əbədi əhd bağladı, Kamil və tam təminatlı əhd bağladı, Qurtuluşumu və arzumu tam həyata keçirməzmi? |
6. | Bütün yaramazlar tikanlar kimi atılacaq. Onlara heç kim əl vurmayacaq. |
7. | Lakin onlara toxunanlar Dəmirlə və nizə sapı ilə silahlanmalıdırlar. Yaramazlar yerindəcə tamamilə yandırılacaqlar. |
8. | Davudun igid döyüşçülərinin adları belədir: Taxkemonlu Yoşev-Başşevet «üç igid»in başçısı idi. O, nizəsini qaldırıb bir hücumda səkkiz yüz nəfəri vurub öldürmüşdü. |
9. | Ondan sonra Axoah nəslindən Dodo oğlu Eleazar idi. O, döyüş üçün orada yığılan Filiştlilərə meydan oxunanda Davudun yanındakı «üç igid»dən biri idi. İsraillilər döyüş meydanından geriyə çəkiləndə |
10. | Eleazar möhkəm dayandı və qılınc çəkib əlləri taqətdən düşənə qədər Filiştliləri qırdı. Rəbb o gün İsraillilərə böyük qələbə bəxş etdi. İsraillilər onun ardınca yalnız talan malı götürmək üçün qayıtdılar. |
11. | Ondan sonra Hararlı Age oğlu Şamma idi. Filiştlilər Laxidə yığılmışdılar. Orada mərci əkilən bir tarla sahəsi vardı. Xalq Filiştlilərin önündən qaçdı. |
12. | Lakin Şamma tarlanın ortasında durub oranı qorudu və Filiştliləri qırdı. Rəbb İsraillilərə böyük bir zəfər verdi. |
13. | Biçin zamanı otuz başçı arasından «üç igid» Davudun yanına – Adullam mağarasına getdi. Filiştlilərin bir döyüş dəstəsi Refaim vadisində ordugah qurmuşdu. |
14. | Bu zaman Davud qalada idi. Filiştlilərin bir keşikçi dəstəsi isə Bet-Lexemdə idi. |
15. | Davud həsrət çəkərək dedi: «Kaş ki biri Bet-Lexem darvazası yanındakı quyudan mənə içmək üçün su gətirəydi!» |
16. | Bu «üç igid» Filiştlilərin ordugahını yararaq darvazanın yanında olan Bet-Lexem quyusundan su çəkdi və onu götürüb Davuda gətirdi. Lakin Davud bu suyu içmək istəmədi və onu Rəbbə təqdim olaraq yerə tökdü. |
17. | O dedi: «Ya Rəbb, bunu etmək qoy məndən uzaq olsun, canlarını təhlükəyə salaraq gedən adamların qanındanmı içəcəyəm?» Buna görə də bu suyu içmək istəmədi. Bunları «üç igid» etmişdi. |
18. | Yoavın qardaşı Seruya oğlu Avişay bu «üç igid»in başçısı idi. O, nizəsini qaldırıb üç yüz nəfəri qırdı. Buna görə də onun adı «üç igid»in adı qədər şöhrətləndi. |
19. | Əslində «üç igid»dən daha şöhrətli idi və onlara başçı oldu, lakin «üç igid» kimi deyildi. |
20. | Yehoyada oğlu Benaya da böyük işlər görən igid adam idi. O, Qavseeldən gəlmişdi. Benaya iki Moavlı igidi öldürdü. O, qarlı gündə çuxura enib bir şir öldürdü. |
21. | O həm də qədd-qamətli bir Misirlini vurub öldürdü. Misirlinin əlində nizə vardı. Benaya onun üstünə dəyənəklə getdi və Misirlinin əlindən nizəsini çəkib aldı, onu öz nizəsi ilə öldürdü. |
22. | Bunları Yehoyada oğlu Benaya etdi. Buna görə də onun «üç igid» qədər şöhrəti var idi. |
23. | O, «otuz igid»dən daha məşhur idi, lakin «üç igid» kimi deyildi. Davud onu öz mühafizəçilərinə başçı qoydu. |
24. | «Otuz igid»in arasında olanlar: Yoavın qardaşı Asahel, Bet-Lexemli Dodo oğlu Elxanan, |
25. | Xarodlu Şamma və Eliqa, |
26. | Peletli Xeles, Teqoalı İqqeş oğlu İra, |
27. | Anatotlu Aviezer, Xuşalı Mevunnay, |
28. | Axoahlı Salmon, Netofalı Mahray, |
29. | Netofalı Baana oğlu Xelev, Binyamin övladlarından Givealı Rivay oğlu Yettay, |
30. | Piratonlu Benaya, Qaaş vadilərindən Hidday, |
31. | Aravalı Avi-Alvon, Barxumlu Azmavet, |
32. | Şaalvonlu Elyaxba, Yaşenin oğulları Yonatan, |
33. | Hararlı Şamma, Ararlı Şarar oğlu Axiam, |
34. | Maakalı Axasbay oğlu Elifelet, Gilolu Axitofel oğlu Eliam, |
35. | Karmelli Xesro, Aravalı Paaray, |
36. | Sovalı Natan oğlu İqal, Qadlı Bani, |
37. | Ammonlu Seleq, Seruya oğlu Yoavın silahdarı olan Beerotlu Naxray, |
38. | Yeterli İra və Yeterli Qarev, |
39. | Xetli Uriya. Hamısı birlikdə otuz yeddi nəfər idi. |
← 2Samuel (23/24) → |