← 2Samuel (22/24) → |
1. | Rəbb Davudu bütün düşmənlərinin və Şaulun əlindən qurtaranda Davud bu ilahinin sözlərini Rəbbə söylədi; |
2. | O belə oxudu: Rəbb qayam, qalamdır, xilaskarımdır, |
3. | Allahım qayamdır, Ona pənah gətirəcəyəm, Odur qalxanım, qüvvətli qurtarıcım, qülləm, Sığınacaq yerim, xilaskarım! Sən məni zalımların əlindən qurtarırsan! |
4. | Həmdə layiq olan Rəbbi çağıracağam, Düşmənlərimin əlindən qurtulacağam. |
5. | Çünki ətrafımı ölüm dalğaları bürümüşdü, Məni əcəl selləri ürkütmüşdü, |
6. | Ölülər diyarının ipləri mənə sarılmışdı, Ölüm kəməndləri məni qarşılamışdı. |
7. | Əzab içində Rəbbə yalvardım, Allahımı köməyə çağırdım. O, məbədindən səsimi eşitdi, Fəryadımsa Onun qulağına yetdi. |
8. | O zaman sarsılıb dünya titrədi, Göylər təməllərindən sarsılıb lərzəyə gəldi. Çünki O qəzəbləndi. |
9. | Burnundan tüstü çıxıb yüksəldi, Ağzından yandırıb-yaxan alov püskürdü, Bundan közlər tutuşdu. |
10. | O, göyləri yarıb yerədək endi. Qatı zülmət ayaqları altında idi. |
11. | Bir keruva minib uçdu, Yel qanadları üstündə şığıdı. |
12. | Ətrafını zülmətə bürüdü, Tufan qoparan qara buludlardan Özünə çardaqlar qurdu. |
13. | Hüzurunun nuru şəfəq saçdı, Oradan odlu közlər düşüb alovlandı. |
14. | Rəbb göylərdən gurladı, Haqq-Taala səs saldı. |
15. | Oxlar atıb düşmənləri darmadağın etdi, Şimşəyini çaxdırıb onları dağıtdı. |
16. | Rəbbin məzəmmətindən, Burnundakı nəfəsinin şiddətindən Dənizin dərinlikləri göründü, Dünyanın bünövrələri açıq qaldı. |
17. | O, ucalardan əl uzadıb məni tutdu, Məni dərin suların içindən çıxartdı. |
18. | Məni qüvvətli düşmənimdən azad etdi, Çünki yağılarım məndən güclü idi. |
19. | Fəlakətli günümdə qarşıma çıxdılar, Lakin Rəbb mənə dayaq oldu. |
20. | O məni geniş yerə çıxartdı, Məndən razı qalıb məni qurtardı. |
21. | Rəbb mənə salehliyim naminə ənam verdi, Mənə əlitəmizliyimin əvəzini verdi. |
22. | Çünki Rəbbin yolunu tutmuşam, Pis olub Allahımın yolundan azmamışam. |
23. | Onun bütün hökmləri önümdədir, Qaydalarından imtina etməmişəm. |
24. | Onun önündə kamilliyə çatmışam, Özümü günahdan qorumuşam. |
25. | Rəbb mənə salehliyimin əvəzini verdi, Gözünün önündə təmizliyimin əvəzini verdi. |
26. | Sədaqətlilərlə sədaqətlisən, Kamillərlə kamilsən. |
27. | Təmizlərlə təmizsən, Əyrilərlə əyriliklərinə görə davranırsan. |
28. | İtaətkar insanları qurtarırsan, Lovğalara göz qoyursan, onları alçaldırsan. |
29. | Ya Rəbb, Sən mənim çırağımsan, Rəbb zülmətimi nura çevirir. |
30. | Səninlə qoşun üstünə hücum çəkirəm, Allahımla sədlər keçirəm. |
31. | Allahın yolu kamildir, Rəbbin kəlamı safdır, Rəbb ona sığınanların sipəridir. |
32. | Rəbdən başqa Allah kimdir ki? Allahımızdan başqa qaya kimdir ki? |
33. | Allah qalamdır, mənə qüvvət verər, Yolumu kamil edər. |
34. | Ayaqlarımı maral ayaqları kimi çevik edər, Məni zirvələrdə saxlar. |
35. | Əllərimə döyüş təlimi verər, Qollarım tunc kamanı dartar. |
36. | Sən mənə qurtuluş qalxanını verdin, Etdiyin köməklə Sən məni yüksəltdin. |
37. | Geniş yer açdın ki, addımlayım, Büdrəməsin ayaqlarım. |
38. | Düşmənlərimi qovdum, onları qırdım, Onlar məhv olanadək geriyə qayıtmadım. |
39. | Onları əzib qurtardım, qalxa bilmədilər, Ayaqlarımın altına sərildilər. |
40. | Döyüş üçün məni qüvvə ilə bürüdün, Əleyhdarlarımı ayağımın altına saldın, |
41. | Düşmənlərimin kürəyini mənə sarı çevirdin, Mənə nifrət edən yağıları məhv etdim. |
42. | Gözləsələr də, onları qurtaran olmadı, Rəbbə baxsalar da, Ondan cavab gəlmədi. |
43. | Onları yerdəki toz kimi əzdim, Küçələrin palçığı kimi tapdaladım. |
44. | Sən məni xalqımın çəkişmələrindən qurtardın, Məni millətlərə başçı qoydun, Tanımadığım xalqları mənə tabe etdirdin. |
45. | Yadellilər mənə boyun əyirlər. Səsimi eşidəndə mənə itaət edirlər. |
46. | Yadellilərin cəsarəti qırıldı, Titrəyərək sığınacaqlarından çıxdılar. |
47. | Rəbb əbədi yaşayır, Qayama alqış olsun! Məni qurtaran Qayam, Allahım ucalsın! |
48. | O Allahdır, mənə görə qisas alır, Xalqları mənə tabe etdirir. |
49. | O məni düşmən içindən çıxarır, Məni yağılar üstündə ucaldır, Məni zalımların əlindən qurtarır. |
50. | Buna görə, ya Rəbb, Millətlər arasında Sənə şükür edəcəyəm, İsminə tərənnüm söyləyəcəyəm! |
51. | Rəbb padşahına böyük zəfərlər verər, Məsh etdiyi Davuda və nəslinə əbədi məhəbbət göstərər. |
← 2Samuel (22/24) → |