← 2Samuel (13/24) → |
1. | Davudun oğlu Avşalomun Tamar adlı gözəl doğma bacısı var idi. Rabbanın alınmasından bir müddət sonra Davudun oğlu Amnon Tamara vuruldu. |
2. | Amnon ögey bacısı Tamardan ötrü o qədər qüssələndi ki, lap xəstəliyə düşdü. Çünki Tamar bakirə qız olduğuna görə Amnona onunla bir şey etmək çətin gəlirdi. |
3. | Amnonun Yonadav adlı bir dostu var idi. Yonadav Davudun qardaşı Şimanın oğlu idi və özü də çox hiyləgər idi. |
4. | Yonadav Amnona dedi: «Ey şahzadə, niyə gündən-günə pərişansan? Bunu mənə bildirməzsənmi?» Amnon ona dedi: «Qardaşım Avşalomun doğma bacısı Tamara vurulmuşam». |
5. | Yonadav ona dedi: «Yatağına girib özünü xəstə göstər və atan səni görməyə gələndə ona belə de: “Rica edirəm, bacım Tamar gəlib mənə çörək yedirtsin və gözümün qarşısında yemək hazırlasın, mən də onu görüm, bişirdiyi yeməyi onun əlindən alıb yeyim”». |
6. | Amnon yatağa girib özünü xəstə göstərdi. Padşah onu görməyə gələndə Amnon padşaha dedi: «Rica edirəm, bacım Tamar gəlsin və gözümün qarşısında iki kökə bişirsin, mən də o kökələri onun əlindən alıb yeyim». |
7. | Davud evə adam göndərib Tamara dedi: «İndi qardaşın Amnonun evinə get, ona yemək hazırla». |
8. | Tamar qardaşı Amnonun evinə gedəndə o uzanmışdı. Tamar xəmir yoğurdu və onun gözü önündə kökələr düzəldib bişirdi. |
9. | Tavanı götürüb onun qarşısına boşaltdı. Lakin o yemək istəmədi. Amnon dedi: «Qoy hamı yanımdan çıxsın». Hamı onun yanından çıxdı. |
10. | Amnon Tamara dedi: «Yeməyi içəri otağa apar və orada sənin əlindən alıb yeyim». Tamar qardaşı Amnon üçün bişirdiyi kökələri götürüb içəri otağa apardı. |
11. | Kökələri yemək üçün Amnonun yanına gətirəndə Amnon Tamardan yapışıb dedi: «Gəl mənimlə yat, bacım». |
12. | Tamar isə ona dedi: «Yox, qardaşım, mənim namusuma toxunma, çünki İsraildə belə işlər etmək olmaz. Belə iyrənc iş görmə. |
13. | Mən bu rüsvayçılıqdan necə qurtara bilərəm? Səni isə İsraildə binamus kimi tanıyacaqlar. İndi isə rica edirəm, get padşahla danış, o məni sənə verər, yox deməz». |
14. | Lakin Amnon onun sözünü dinləmək istəmədi və qızdan qüvvətli olduğu üçün qızı zorlayaraq onunla yatdı. |
15. | Bundan sonra Amnonda Tamara qarşı həddən çox nifrət yarandı. Ona olan nifrəti əvvəlki sevgi hissindən daha güclü idi. Amnon ona «dur, buradan rədd ol» dedi. |
16. | Tamar isə dedi: «Yox! Axı indi məni qovmaqla etdiyin bu pislik mənə etdiyin o biri pislikdən daha böyükdür». |
17. | Amma Amnon ona qulaq asmaq istəməyib öz nökərini yanına çağırıb dedi: «Bunu yanımdan rədd edib bayıra at və arxasınca da qapını qıfılla». |
18. | Qızın əynində əlvan paltar var idi, çünki padşahın bakirə qızları belə paltar geyərdilər. Amnonun nökəri Tamarı bayıra atıb arxasınca qapını qıfılladı. |
19. | Tamar da başına kül tökdü. Əynindəki əlvan paltarını cırıb əlləri ilə başını tutaraq getdi. O gedə-gedə hönkürürdü. |
20. | Qardaşı Avşalom ona dedi: «Sənə toxunan qardaşın Amnon idimi? Hələlik sus, bacım, axı o sənin qardaşındır, bunu qəlbinə salma». Tamar tənha və qəm içində qardaşı Avşalomun evində yaşadı. |
21. | Padşah Davud bu hadisəni eşidərkən çox qəzəbləndi. |
22. | Avşalom isə Amnona nə yaxşı, nə də yaman bir söz dedi, çünki bacısı Tamarı zorladığına görə Avşalom Amnona nifrət edirdi. |
23. | İki il tamam olandan sonra Efrayimə yaxın Baal-Xasorda Avşalom qoyun qırxımı keçirirdi. Avşalom padşahın bütün oğullarını oraya dəvət etdi. |
24. | O, padşahın yanına gəlib dedi: «Bax bu qulun qoyun qırxımı keçirir. Rica edirəm, qoy padşah və əyanları bu qulunun yanına gəlsin». |
25. | Padşah Avşaloma dedi: «Yox, ay oğul, qoy hamımız getməyək, sənə ağırlıq düşər». Avşalom nə qədər təkid etsə də, padşah getmək istəmədi, lakin ona xeyir-dua verdi. |
26. | Sonra Avşalom dedi: «Heç olmasa qardaşım Amnon bizimlə getsin». Padşah ona dedi: «Axı nə üçün o səninlə getsin?» |
27. | Avşalom isə təkid etdi. Davud Amnonu və bütün şahzadələri onunla göndərdi. |
28. | Avşalom nökərlərinə belə əmr etmişdi: «Baxın Amnonun ürəyi şərabla nəşələnəndə sizə “Amnonu vurun!” deyəcəyəm, o zaman onu öldürün, qorxmayın. Sizə əmri verən mən deyiləmmi? Cəsur və igid olun». |
29. | Avşalom necə buyurmuşdusa, nökərləri elə edib Amnonu vurdular. Bunu görən bütün şahzadələr qalxıb hər biri öz qatırına minərək qaçdı. |
30. | Hələ onlar yolda ikən Davuda belə xəbər çatdı: «Avşalom bütün şahzadələri qırıb, onlardan heç birini sağ qoymayıb». |
31. | Padşah qalxıb paltarını cırdı və yerə sərildi. Yanındakı əyanların hamısı öz paltarını cırdılar. |
32. | Davudun qardaşı Şimanın oğlu Yonadav belə dedi: «Ağam bütün gəncləri, şahzadələri ölmüş zənn etməsin, təkcə Amnon ölüb. Ona görə ki o, ögey bacısı Tamarı zorladığı gündən bəri Avşalom bu niyyətdə idi. |
33. | Onun üçün də ağam padşahın bütün şahzadələrin ölüm xəbərindən ürəyi narahat olmasın, çünki təkcə Amnon ölüb». |
34. | Avşalom isə qaçmışdı. Növbətçi nökər başını qaldırıb baxdı və budur, arxa yoldan dağın yamacından böyük bir qələbəlik gəlirdi. |
35. | Yonadav padşaha dedi: «Budur, şahzadələr gəlir, qulun necə dedisə, elə də oldu». |
36. | O, sözünü qurtaran kimi şahzadələr içəri girib bərkdən ağladılar və padşahla bütün əyanları da acı göz yaşları tökdülər. |
37. | Avşalom qaçıb Geşur padşahı Ammihud oğlu Talmayın yanına getdi. Davud isə oğlu Amnon üçün hər gün yas tuturdu. |
38. | Geşura qaçan Avşalom üç il orada qaldı. |
39. | Avşalom üçün padşah Davud ürəyində həsrət çəkirdi, çünki Amnonun ölümünə görə artıq təsəlli tapmışdı. |
← 2Samuel (13/24) → |