← 2Samuel (10/24) → |
1. | Bir müddət sonra Ammonluların padşahı öldü və onun yerinə oğlu Xanun padşah oldu. |
2. | Davud dedi: «Atası mənə yaxşılıq etdiyinə görə mən də Naxaşın oğlu Xanuna yaxşılıq edəcəyəm». Davud əyanlarından bir neçəsini Xanunun atası üçün başsağlığı verməyə göndərdi. Lakin Davudun adamları Ammon ölkəsinə çatanda |
3. | Ammonluların başçıları öz ağaları Xanuna dedilər: «Sən elə bilirsən ki, Davud bu başsağlığı verən adamları sənin atana hörməti olduğu üçün göndərib? Davudun sənin yanına adamlarını göndərməsi şəhəri gözdən keçirib araşdırmaq və buranı yıxmaq üçün deyilmi?» |
4. | Xanun Davudun adamlarını tutaraq saqqallarını yarıyacan qırxdırıb paltarlarını oturacaq yerinə qədər aşağıdan kəsdirdi və onları geri göndərdi. |
5. | Bunu Davuda xəbər verdilər, Davud da onları qarşılamaq üçün qasidlər göndərdi, çünki bu adamlar çox utanırdı. Padşah dedi: «Saqqalınız çıxana qədər Yerixoda qalın, sonra qayıdarsınız». |
6. | Ammonlular özlərinə qarşı Davudda nifrət oyatdıqlarını görəndə adam göndərib Bet-Rexov Aramlılarından və Sova Aramlılarından iyirmi min piyada əsgəri, Maaka padşahı ilə min adamı və Tov əhalisindən on iki min nəfəri muzdla tutdular. |
7. | Davud bunu eşidib Yoavla bütün igidlər ordusunu onların üstünə göndərdi. |
8. | Ammonlular çıxıb darvazanın girişində döyüşə düzüldülər. Sova və Rexov Aramlıları ilə Tov və Maaka adamları çöldə ayrıca durmuşdular. |
9. | Yoav öndən və arxadan düşmənlərin ona qarşı düzüldüklərini görəndə bütün İsrailin seçmə döyüşçülərindən bəzilərini ayırıb Aramlılara qarşı düzdü. |
10. | Xalqın qalan hissəsinə isə qardaşı Avişayı başçı qoydu və onları Ammonlulara qarşı düzdü. |
11. | Yoav dedi: «Əgər Aramlılar məndən güclü çıxarsa, sən mənə kömək edərsən, əgər Ammonlular səndən güclü çıxarsa, mən gəlib sənə kömək edərəm. |
12. | Cəsarətli ol. Gəl xalqımız naminə, Allahımızın şəhərləri naminə igidlik göstərək. Qoy Rəbb gözündə xoş olanı etsin». |
13. | Yoav və yanındakı qoşun Aramlılara qarşı döyüşə yaxınlaşarkən düşmənlər Yoavın qabağından qaçdılar. |
14. | Ammonlular Aramlıların qaçdığını görəndə Avişayın qabağından qaçıb şəhərə girdilər. Ammonlular ilə döyüş qurtarandan sonra Yoav Yerusəlimə qayıtdı. |
15. | Aramlılar İsraillilərin önündə məğlub olduqlarını görəndə bir yerə yığıldılar. |
16. | Hadadezer adam göndərib Fərat çayının o tayındakı Aramlıları döyüşə çıxartdı. Hadadezerin ordu başçısı Şovakla birgə Xelama gəldi. |
17. | Bunu Davuda xəbər verdilər. O bütün İsrailliləri toplayıb İordan çayını keçərək Xelama gəldi. Aramlılar Davuda qarşı düzülüb onunla vuruşdular. |
18. | Aramlılar İsraillilərin qarşısından qaçdılar. Davud Aramlılardan yeddi yüz döyüş arabaçısı ilə qırx min süvarini qırdı və orada ordu başçısı Şovakı vurub öldürdü. |
19. | Hadadezerə tabe olan padşahların hamısı İsrail qarşısında məğlub olduqlarını görəndə İsraillilərlə sülh bağlayıb onlara tabe oldular. Artıq Aramlılar Ammonlulara kömək etməyə qorxdular. |
← 2Samuel (10/24) → |