← 2Kings (9/25) → |
1. | Peyğəmbər Elişa peyğəmbərlərdən birini çağırıb ona demişdi: «Belini qurşa və bu yağ qabını əlinə alıb Ramot-Gileada get. |
2. | Oraya çatınca Nimşi oğlu Yehoşafat oğlu Yehunu tap. Girib onu yoldaşlarının arasından çağır və içəri otağa apar. |
3. | Yağ qabını götür və yağı onun başına töküb söylə: “Rəbb belə deyir: ‹Səni İsrail üzərində padşah olmaq üçün məsh etdim›”. Sonra qapını açıb qaç və orada durma». |
4. | Peyğəmbərin nökəri olan bu cavan oğlan Ramot-Gileada getdi. |
5. | Oraya gəlib gördü ki, qoşun başçıları burada oturmuşlar. O dedi: «Ey rəis, sənə sözüm var». Yehu dedi: «Aramızdan kimə?» Nökər dedi: «Ey rəis, sənə». |
6. | Yehu qalxıb içəri girdi. Nökər yağı onun başına töküb dedi: «İsrailin Allahı Rəbb belə deyir: “Səni Rəbbin xalqı olan İsrail üzərində padşah olmaq üçün məsh etdim. |
7. | Ağan Axavın nəslini qırıb məhv edəcəksən. Qullarım peyğəmbərlərin və Rəbbin bütün qullarının qanı üçün Mən İzeveldən qisasımı alacağam. |
8. | Bütün Axav nəsli məhv olacaq: İsraildə Axavdan divar isladan hər kəsi – bütün kişiləri, istər kölə olsun, istər azad, kəsib atacağam. |
9. | Axavın nəslini Nevat oğlu Yarovamın və Axiya oğlu Baaşanın nəsilləri kimi edəcəyəm. |
10. | İzeveli isə İzreel tarlasında köpəklər yeyəcək və onu basdıran olmayacaq”». Sonra o, qapını açıb qaçdı. |
11. | Yehu çıxıb ağasının adamlarının yanına gəldi. Onlardan biri Yehuya dedi: «Xeyir ola? Bu dəli sənin yanına nə üçün gəlib?» Yehu onlara dedi: «Onun necə adam olduğunu və nə deyəcəyini bilirsiniz». |
12. | Onlar dedilər: «Yalan deyirsən! Onun nə dediyini bizə bildir». Yehu dedi: «Mənə söylədi ki, Rəbb belə deyir: “Səni İsrail üzərində padşah olmaq üçün məsh etdim”». |
13. | Hamı tez qalxıb öz paltarını götürdü və onları pilləkənin üstünə – Yehunun ayağı altına sərdi. Onlar şeypur çalıb «Yehu padşahdır!» dedilər. |
14. | Nimşi oğlu Yehoşafat oğlu Yehu Yehorama qəsd hazırladı. O vaxt Yehoram və onunla birgə bütün İsraillilər Ramot-Gileadı Aram padşahı Xazaelin hücumundan qoruyurdular. |
15. | Ancaq padşah Yehoram Aram padşahı Xazaelə qarşı vuruşarkən Aramlıların ona vurduqları yaraları sağaltmaq üçün İzreelə qayıtmışdı. Yehu dedi: «Əgər siz mənimlə razısınızsa, qoy şəhəri heç kəs tərk etməsin ki, bu xəbər İzreelə gedib çatmasın». |
16. | Yehu arabaya minib İzreelə getdi, çünki Yehoram orada yatırdı. Yəhuda padşahı Axazya Yehoramı görmək üçün gəlmişdi. |
17. | İzreeldəki qüllə üzərində duran gözətçi Yehunun oraya yaxınlaşan qoşununu görüb dedi: «Qoşun görürəm». Yehoram dedi: «Bir atlı götürüb onları qarşılamağa göndər ki, soruşsun: “Xeyir ola?”» |
18. | Bir atlı Yehunu qarşılamağa getdi və ona dedi: «Padşah soruşur: “Xeyir ola?”» Yehu dedi: «Xeyirdən sənə nə? Dön, dalımca gəl». Gözətçi dedi: «Qasid onların yanına gəldi, ancaq geri qayıtmır». |
19. | İkinci atlını göndərdilər, o da Yehunun yanına gəlib dedi: «Padşah soruşur: “Xeyir ola?”» Yehu dedi: «Xeyirdən sənə nə? Dön, dalımca gəl». |
20. | Gözətçi dedi: «Qasid onların yanına gəldi, ancaq geri qayıtmır. Araba sürməyi Nimşi oğlu Yehunun sürməyinə oxşayır, çünki o dəli kimi sürür». |
21. | Yehoram dedi: «Arabamı qoş». Onun arabasını qoşdular. İsrail padşahı Yehoram və Yəhuda padşahı Axazya öz arabalarında Yehunu qarşılamağa çıxdılar və İzreelli Navotun tarlasında onunla rastlaşdılar. |
22. | Yehoram Yehunu görəndə soruşdu: «Xeyir ola, Yehu?» Yehu dedi: «Anan İzevelin xainlikləri və cadugərlikləri bu qədər çox olduğu halda necə xeyir ola bilər?» |
23. | Yehoram arabasını döndərdi və Axazyaya «Xəyanət, ey Axazya!» deyib qaçdı. |
24. | Yehu ox-kamanını çəkdi və Yehoramı kürəyindən vurdu. Ox onun ürəyindən keçib çıxdı və o öz arabasına yıxıldı. |
25. | Yehu padşahın köməkçisi Bidqara dedi: «Onu götürüb İzreelli Navotun tarlasına at. Yadına sal, mən səninlə birgə onun atası Axavın dalınca gedərkən Rəbb ona qarşı belə söyləmişdi: |
26. | “Navotun və onun oğullarının qanı dünən Mənim gözümün qabağına gəldi” bəyan edir Rəbb. “Səndən bu tarlada qisas alacağam” bəyan edir Rəbb. İndi Rəbbin sözünə görə onu götürüb tarlaya at». |
27. | Yəhuda padşahı Axazya bunu gördükdə Bet-Haqqan yolu ilə qaçdı. Yehu onu təqib edib dedi: «Onu da vurun». İvleam yanında olan Qur yoxuşunda onu arabada vurdular. O, Megiddoya qaçıb orada öldü. |
28. | Adamları onu araba ilə Yerusəlimə gətirdilər və Davudun şəhərində, atalarının yanında, öz qəbrində basdırdılar. |
29. | Axav oğlu Yehoramın padşahlığının on birinci ilində Axazya Yəhuda üzərində padşah olmuşdu. |
30. | Yehu İzreelə gəldi. İzevel bunu eşitdi. O, gözlərinə sürmə çəkib başına bəzək vurdu və pəncərədən boylanıb baxdı. |
31. | Yehu darvazadan girəndə İzevel dedi: «Xeyir ola, ey öz ağasını öldürən Zimri?» |
32. | Yehu üzünü pəncərəyə doğru qaldırıb dedi: «Kim mənimlədir, kim?» İki-üç saray xidmətçisi boylanıb ona baxdı. |
33. | Yehu dedi: «Onu aşağı atın». İzeveli aşağı atdılar. Qanı divarın və atların üstünə sıçradı və atlar onun cəsədini tapdaladı. |
34. | Yehu içəri girərək yeyib-içdi və dedi: «Bu lənətə gəlmiş qadını götürüb basdırın, çünki padşah qızıdır». |
35. | Onlar İzeveli basdırmaq üçün getdilər. Ancaq onun kəlləsindən, ayaqlarından və ovuclarından başqa heç nə tapmadılar. |
36. | Geri qayıdıb Yehuya söylədilər. O dedi: «Qulu Tişbeli İlyas vasitəsilə Rəbbin söylədiyi söz belədir: “İzreel tarlasında İzevelin ətini köpəklər yeyəcək. |
37. | İzevelin cəsədi İzreel tarlasına tökülmüş peyin kimi olacaq və heç kəs deyə bilməyəcək ki, bu, İzeveldir”». |
← 2Kings (9/25) → |