← 2Kings (7/25) → |
1. | Elişa dedi: «Rəbbin sözünü eşidin, Rəbb belə deyir: “Sabah bu vaxt Samariya darvazasında bir sea narın un bir şekelə və iki sea arpa bir şekelə satılacaq”». |
2. | Padşahın sağında duran köməkçi Allah adamına cavab verib dedi: «Rəbb göylərdə pəncərələr açsa da, bu iş ola bilməz». Allah adamı isə dedi: «Bax sən gözlərinlə bunu görəcəksən, ancaq ondan yeməyəcəksən». |
3. | Şəhər darvazasının önündə dörd cüzamlı adam var idi. Onlar bir-birlərinə dedilər: «Nə üçün biz ölənə qədər burada oturub qalmalıyıq? |
4. | Əgər şəhərə girsək, şəhərdə olan aclıqdan öləcəyik, burada qalsaq, burada öləcəyik. Onda Aramlıların ordugahına gedib təslim olaq. Əgər bizi sağ buraxsalar, sağ qalarıq, öldürsələr, ölərik». |
5. | Onlar Aramlıların ordugahına getmək üçün axşam alaqaranlığında qalxıb onun kənarına gəldilər. Orada heç kəs yox idi. |
6. | Rəbb Aramlıların ordusuna döyüş arabalarının gurultusunu, atların tappıltısını və böyük ordunun səsini eşitdirmişdi. Onlar bir-birlərinə söyləmişdilər: «İsrail padşahı Xet və Misir padşahlarını muzdla tutmuşdur ki, bizim üstümüzə gəlsinlər». |
7. | Onlar axşam alaqaranlığında qalxıb qaçmışdılar. Çadırlarını, atlarını, eşşəklərini – bütün ordugahı olduğu kimi buraxıb getmişdilər. Beləcə canlarını qurtarmaq üçün qaçmışdılar. |
8. | Bu cüzamlılar ordugahın kənarına gəlib bir çadıra girdilər və yeyib-içdilər. Oradan qızıl-gümüş, paltar götürüb getdilər və onları gizlətdilər. Sonra qayıdıb başqa bir çadıra girdilər. Oradan da şeylər götürüb getdilər və onları da gizlətdilər. |
9. | Onlar bir-birlərinə dedilər: «Biz yaxşı eləmirik, bu gün müjdə günüdür, biz isə susuruq. Səhər açılana qədər gözləməyə haqqımız yoxdur, indi gedək, saray adamlarına bu xəbəri bildirək». |
10. | Onlar gəlib şəhərin qapıçılarını səslədilər və onlara bildirib dedilər: «Aramlıların ordugahına getdik, orada heç kəs yox idi və insan səsi də gəlmirdi. Ancaq bağlı atlar, bağlı eşşəklər və olduğu kimi qalan çadırlar var idi». |
11. | Qapıçılar da qışqırıb bu xəbəri saray içərisində olan adamlara bildirdilər. |
12. | Padşah gecə ikən qalxıb əyanlarına dedi: «Aramlıların bizə nə etmək istədiklərini indi sizə deyərəm: onlar bilirlər ki, biz acıq, buna görə də ordugahdan çıxıb çöldə gizlənmişlər və “şəhərdən çıxanda onları diri tutarıq və şəhərə girərik” deyə düşünürlər». |
13. | Əyanlardan biri cavab verib dedi: «Qoy bir neçə adam şəhərdə qalmış atlardan beşini götürsün və onları göndərək, gedib görsünlər. Onların da aqibəti qalan bütün İsrail camaatının aqibəti kimi olacaq, çünki bütün İsrail camaatı həlak olacaq». |
14. | Onlar atlar qoşulmuş iki döyüş arabası götürdülər. Padşah «gedin görün» deyib onları Aram ordusunun dalınca göndərdi. |
15. | Onlar Aramlıların dalınca İordan çayına qədər getdilər. Bütün yol Aramlıların tələsik qaçdıqları vaxt atdıqları geyim və əşyalarla dolu idi. Qasidlər geri qayıdıb padşaha bu xəbəri bildirdilər. |
16. | Xalq çıxıb Aramlıların ordugahını qarət etdi. Rəbbin sözünə görə bir sea narın un bir şekelə və iki sea arpa bir şekelə satıldı. |
17. | Padşah sağında duran köməkçini darvazanın ağzına qoymuşdu. Padşah Allah adamının yanına enib gəldiyi zaman onun söylədiyi kimi xalq padşahın köməkçisini darvazanın ağzında tapdaladı və o öldü. |
18. | Allah adamının padşaha söylədiyi kimi oldu. O demişdi: «Sabah bu vaxt Samariya darvazasında iki sea arpa bir şekelə və bir sea narın un bir şekelə satılacaq». |
19. | Padşahın köməkçisi də Allah adamına cavab verib demişdi: «Rəbb göylərdə pəncərələr açsa da, bu iş ola bilməz». Allah adamı isə demişdi: «Bax sən gözlərinlə bunu görəcəksən, ancaq ondan yeməyəcəksən». |
20. | Həmin şey də onun başına gəldi: xalq onu darvazanın ağzında tapdaladı və o öldü. |
← 2Kings (7/25) → |