← 2Kings (5/25) → |
1. | Aram padşahının ordu başçısı Naaman ağasının yanında hörmət və etibar sahibi idi, çünki Rəbb onun vasitəsilə Arama qurtuluş vermişdi. O, cəsur bir döyüşçü idi, ancaq cüzamlı idi. |
2. | Aramlılar dəstələrlə çıxıb İsrail torpağından kiçik bir qızı əsir götürmüşdülər. Bu qız Naamanın arvadının yanında qalırdı. |
3. | O, xanımına dedi: «Kaş ki ağam Samariyada peyğəmbərin yanında olaydı. O zaman peyğəmbər onun cüzamına şəfa verərdi». |
4. | Naaman gedib «İsrail torpağından olan qız belə-belə söylədi» deyə ağasına bildirdi. |
5. | Aram padşahı dedi: «Get, mən İsrail padşahına bir məktub göndərərəm». Naaman özü ilə altı min şekel qızıl, on talant gümüş və on dəst paltar götürüb getdi. |
6. | Məktubu da İsrail padşahına gətirdi. Orada belə yazılmışdı: «İndi bu məktubla bərabər qulum Naamanı da yanına göndərirəm ki, sən onun cüzamına şəfa verəsən». |
7. | İsrail padşahı məktubu oxuyanda paltarını cırıb dedi: «Məgər mən öldürüb-dirildən Allaham? Niyə bu adam cüzamına şəfa vermək üçün mənim yanıma adam göndərir? Baxarsınız, mənimlə dava etmək üçün bəhanə axtarır». |
8. | Allah adamı Elişa İsrail padşahının öz paltarını cırdığını eşidəndə ona xəbər göndərib dedi: «Nə üçün paltarını cırdın? Qoy indi o mənim yanıma gəlsin və bilsin ki, İsraildə bir peyğəmbər var». |
9. | Naaman atları və döyüş arabası ilə gəldi və Elişanın evinin qapısında dayandı. |
10. | Elişa onun yanına qasid göndərib dedi: «Get, İordan çayında yeddi dəfə yuyun ki, bədənin sağalıb tər-təmiz olsun». |
11. | Ancaq Naaman acıqlanıb getdi və dedi: «Mən güman edirdim ki, mütləq bayıra çıxıb yanıma gələcək, durub Allahı Rəbbin adı ilə çağıracaq və əlini cüzamlı yerin üzərində yelləyib şəfa verəcək. |
12. | Dəməşqin çayları Avana və Parpar İsrailin bütün sularından daha yaxşı deyilmi? Onlarda yuyunub təmiz ola bilməzdimmi?» O hirslə dönüb getdi. |
13. | Naamanın adamları onun yanına gəlib dedilər: «Ey atamız, əgər peyğəmbər sənə böyük bir şey əmr etsəydi, ona əməl etməzdinmi? O yalnız sənə “yuyun və təmiz ol” deyir». |
14. | Bundan sonra Naaman Allah adamının sözünə görə İordan çayına enib yeddi dəfə suya baş vurdu. Onun bədəni sağaldı və körpə bədəni kimi tər-təmiz oldu. |
15. | Naaman bütün dəstəsi ilə yenə Allah adamının yanına gəldi və onun önündə dayanıb dedi: «Bax indi bildim ki, İsraildən başqa, dünyanın heç bir yerində Allah yoxdur. Buyur bu qulunun hədiyyəsini götür». |
16. | Lakin Elişa dedi: «Önündə durduğum var olan Rəbbə and olsun ki, heç nə götürməyəcəyəm». Naaman götürməyi təkid etdi, ancaq Elişa istəmədi. |
17. | Naaman dedi: «Əgər götürmürsənsə, onda qoy bu quluna buradan iki qatır yükü torpaq verilsin. Çünki bu qulun artıq başqa allahlara deyil, yalnız Rəbbə yandırma qurbanları və təqdimlər gətirəcək. |
18. | Ancaq Rəbb bu işi quluna bağışlasın: ağam padşah səcdə etmək üçün Rimmon məbədinə girəndə mən onun sağında durmalıyam, onda Rimmon məbədində mən də səcdə etməliyəm. Orada səcdə etdiyimi Rəbb quluna bağışlasın». |
19. | Elişa ona dedi: «Sağ-salamat get». Naaman onun yanından çıxıb bir az yol getdi. |
20. | Allah adamı Elişanın nökəri Gehazi dedi: «Ağam gətirdiyi şeyi bu Aramlı Naamandan götürmək istəmədi. Var olan Rəbbə and olsun ki, onun dalınca qaçıb ondan nəsə alacağam». |
21. | Gehazi Naamanın dalınca qaçdı. Naaman dalınca bir nəfərin gəldiyini görəndə onu qarşılamaq üçün arabadan düşüb dedi: «Xeyir ola?» |
22. | Gehazi dedi: «Xeyirdir. Ağam məni göndərdi ki, sənə deyim: “Elə indicə Efrayimin dağlıq bölgəsindən yanıma peyğəmbərlərdən olan iki cavan oğlan gəldi. Xahiş edirəm, onlara bir talant gümüş və iki dəst paltar ver”». |
23. | Naaman dedi: «Buyur iki talant götür». Ona təkid edərək iki talant gümüşü iki torbaya qoyub bağladı və iki dəst paltarla birgə nökərlərindən ikisinə verdi. Nökərlər Gehazinin qabağında gedib bunları daşıdılar. |
24. | Təpəyə çatanda Gehazi şeyləri onların əlindən alıb evinə qoydu. Nökərləri geri göndərdi və onlar getdilər. |
25. | Sonra ağası Elişanın yanına gedib önündə dayandı. Elişa ondan soruşdu: «Haradan gəlirsən, Gehazi?» Gehazi dedi: «Bu qulun heç yerə getməyib». |
26. | Elişa ona dedi: «O adam səni qarşılamaq üçün arabasından düşəndə ürəyim orada deyildimi? İndi gümüş götürmək, paltar, zeytun və üzüm bağları, qoyun-keçi, mal-qara, qullar və kənizlər almaq vaxtıdırmı? |
27. | Buna görə də Naamanın cüzamı əbədi olaraq sənə və sənin nəslinə yapışacaq». Gehazi qar kimi cüzamlı olub onun hüzurundan çıxdı. |
← 2Kings (5/25) → |