← 2Kings (24/25) → |
1. | Yehoyaqimin dövründə Babil padşahı Navuxodonosor onun üzərinə hücum etdi. Yehoyaqim üç il ona tabe oldu, amma sonra ona qulluq etməkdən boyun qaçırdı. |
2. | Xaldeylilərin, Aramlıların, Moavlıların və Ammonluların qoşunlarını Rəbb ona qarşı göndərdi; Rəbbin Öz qulları peyğəmbərlər vasitəsilə söylədiyi sözünə görə Yəhudanı məhv etmək üçün onun üzərinə göndərdi. |
3. | Həqiqətən, Rəbbin sözünə görə Yəhudanın başına bu iş gəldi ki, Menaşşenin etdiyi bütün günahlardan ötrü Rəbb onları hüzurundan rədd etsin. |
4. | Çünki onun günahsız qan töküb Yerusəlimi qanla doldurmasını Rəbb bağışlamaq istəmədi. |
5. | Yehoyaqimin qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. |
6. | Yehoyaqim ataları ilə uyudu və yerinə oğlu Yehoyakin padşah oldu. |
7. | Misir padşahı bir daha öz ölkəsindən kənara çıxmadı, çünki Misir vadisindən Fərat çayına qədər Misir padşahının əvvəllər işğal etdiyi hər yeri Babil padşahı tutmuşdu. |
8. | Yehoyakin padşah olduğu vaxt on səkkiz yaşında idi və Yerusəlimdə üç ay padşahlıq etdi. Anası Yerusəlimli Elnatanın qızı olub adı Nexuşta idi. |
9. | Yehoyakin atasının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi. |
10. | O zaman Babil padşahı Navuxodonosorun qoşunları Yerusəlimə yaxınlaşdı. Şəhər mühasirəyə alındı. |
11. | Qoşunlar şəhəri mühasirəyə alanda Babil padşahı Navuxodonosor onun ətrafına gəldi. |
12. | Yəhuda padşahı Yehoyakin anası, əyanları, rəisləri və saray xidmətçiləri ilə birlikdə Babil padşahına təslim oldu. Padşahlığının səkkizinci ilində Babil padşahı onu əsir aldı. |
13. | Rəbbin söylədiyi kimi Rəbbin məbədinin və sarayın xəzinələrini oradan çıxartdı. İsrail padşahı Süleymanın Rəbbin məbədi üçün düzəltdiyi bütün qızıl şeyləri parça-parça etdi. |
14. | O bütün Yerusəlimliləri, bütün rəisləri, igid adamların hamısını – cəmi on min nəfəri və bütün ustalarla sənətkarları sürgün etdi. Ölkədə yoxsul xalqdan başqa heç kəs qalmadı. |
15. | Yehoyakini də Babilə sürgün etdi. Padşahın anasını, arvadlarını, saray xidmətçilərini və ölkənin adlı-sanlı adamlarını Yerusəlimdən sürgün edib Babilə apardı. |
16. | Babil padşahı sayı yeddi min nəfər olan bütün döyüşçüləri, min nəfər ustanı və sənətkarı – müharibədə iş görən bütün bacarıqlı adamları əsir edib Babilə gətirdi. |
17. | Babil padşahı Yehoyakinin yerinə əmisi Mattanyanı padşah etdi və onun adını dəyişib Sidqiya qoydu. |
18. | Sidqiya padşah olduğu vaxt iyirmi bir yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. Anası Livnalı Yeremyanın qızı olub adı Xamutal idi. |
19. | O, Yehoyaqimin etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi. |
20. | Həqiqətən, Rəbbin qəzəbinə görə Yerusəlimin və Yəhudanın başına bu iş gəldi və Rəbb onları hüzurundan kənar etdi. Sidqiya Babil padşahına qarşı üsyan etdi. |
← 2Kings (24/25) → |