← 2Kings (19/25) → |
1. | Padşah Xizqiya bunu eşidəndə paltarını cırdı və çula bürünüb Rəbbin məbədinə girdi. |
2. | O, saray rəisi Elyaqimi, mirzə Şevnanı və kahinlərin ağsaqqallarını çula bürünmüş halda peyğəmbər Amots oğlu Yeşayanın yanına göndərdi. |
3. | Onlar Yeşayaya dedilər: «Xizqiya belə deyir: “Bu gün bəla, təhqir və rüsvayçılıq günüdür, çünki uşaqların doğulması vaxtı çatıb, ancaq doğmağa güc yoxdur. |
4. | Bəlkə ağası Aşşur padşahının var olan Allahı təhqir etməyə göndərdiyi baş vəzirin bütün sözlərini Allahın Rəbb eşidib buna görə məzəmmət edər. Ona görə də qalanlar üçün dua et”». |
5. | Padşah Xizqiyanın adamları Yeşayanın yanına gələndə |
6. | Yeşaya onlara dedi: «Ağanıza söyləyin ki, Rəbb belə deyir: “Aşşur padşahının nökərlərinin Mənə qarşı küfr edərək söylədiyi və sənin eşitdiyin sözlərdən qorxma. |
7. | Mən onun daxilinə elə bir ruh göndərəcəyəm ki, bir xəbər eşidib öz ölkəsinə qayıdacaq və orada onu qılıncla öldürtdürəcəyəm”». |
8. | Baş vəzir geri qayıdıb Aşşur padşahının Livna üzərinə hücum etdiyini gördü. Çünki Lakişdən geri çəkildiyini eşitmişdi. |
9. | Aşşur padşahına «Kuş padşahı Tirhaqa sənin üstünə vuruşmağa gəlir» xəbəri çatdı. O, Xizqiyanın yanına yenidən qasidlər göndərib dedi: |
10. | «Yəhuda padşahı Xizqiyaya belə söyləyin: “Qoy güvəndiyin Allahın ‹Yerusəlim Aşşur padşahına təslim edilməyəcək› deyə səni aldatmasın. |
11. | Axı sən eşitdin ki, Aşşur padşahları bütün ölkələrə nə ediblər, oraları necə viran ediblər. Sən qurtula biləcəksənmi? |
12. | Atalarımın məhv etdikləri millətlərin – Qozanın, Xaranın, Resefin və Telassarda olan Edenlilərin allahları onları qurtardımı? |
13. | Hanı Xamat padşahı, Arpad padşahı, Sefarvayim şəhərinin, Henanın və Avvanın padşahı?”» |
14. | Xizqiya məktubu qasidlərdən alıb oxudu. O, Rəbbin məbədinə qalxıb məktubu Rəbbin önündə yerə sərdi. |
15. | Xizqiya Rəbbin önündə dua edib dedi: «Ey keruvlar üstündə əyləşən İsrailin Allahı Rəbb! Bütün dünya padşahlıqlarının Allahı yalnız Sənsən. Göyü və yeri Sən yaratmısan. |
16. | Ya Rəbb, qulağın eşitsin, gözün görsün, Sanxerivin var olan Allaha qarşı küfr edərək göndərdiyi sözlərə qulaq as. |
17. | Ya Rəbb, doğrudur, Aşşur padşahları millətləri və onların torpaqlarını talan etdilər, |
18. | allahlarını oda atıb məhv etdilər. Çünki onlar Allah deyildi, insanlar onları ağac və daşdan düzəltmişdilər. |
19. | Ey Allahımız Rəbb, indi isə yalvarıram, bizi onun əlindən qurtar və bütün dünya padşahlıqları bilsinlər ki, ya Rəbb, Sən, yalnız Sən Allahsan!» |
20. | Amots oğlu Yeşaya Xizqiyaya xəbər göndərib dedi: «İsrailin Allahı Rəbb belə deyir: “Aşşur padşahı Sanxeriv barədə Mənə etdiyin duanı eşitdim”. |
21. | Onun haqqında Rəbbin söylədiyi söz budur: “Bakirə Sion qızı Sənə xor baxıb lağ edir, Yerusəlim qızı Sənin arxanca başını bulayır. |
22. | Kimi söyüb küfr etdin? Kimə qarşı səsini qaldırdın? Kimə lovğalıqla baxdın? İsrailin Müqəddəsinə! |
23. | Qasidlərinin vasitəsilə Rəbbi təhqir edib dedin: ‹Çoxlu döyüş arabalarımla Dağların zirvəsinə, Livanın ən uca yerlərinə çıxdım. Uca sidr ağaclarını, Gözəl sərv ağaclarını kəsdim, Ən son məskəninə, Yaşıl meşələrinə girdim. |
24. | Quyu qazdım və özgə sularını içdim, Misirin bütün çaylarını ayağımla qurutdum›. |
25. | Məgər eşitməmisən ki, Mən çoxdan bu işi hazırladım, Qədimdən bəri müəyyən etdiyimi İndi yerinə yetirirəm ki, Sən qalalı şəhərləri dağıdıb Viranəliyə çevirəsən. |
26. | Bu şəhərlərin sakinləri zəiflədi, Çaşqınlığa və xəcalətə düşdülər. Yetişməmişdən əvvəl yandırılan Çöl otu, göyərti və damda bitən ot kimi oldular. |
27. | Sənin oturuşunu, Girişini-çıxışını, Mənə qarşı hiddətini bilirəm. |
28. | Mənə qarşı hiddətləndiyinə görə, Lovğalığın qulağıma çatdığına görə Halqamı burnuna və yüyənimi ağzına taxacağam, Səni gəldiyin yolla geri qaytaracağam. |
29. | Ancaq sənin üçün əlamət budur, ey Xizqiya! Bu il və gələn il özü yetişən barını, Üçüncü il isə taxıl zəmilərini, Üzüm bağları salıb onların bəhrəsini yeyin. |
30. | Yəhuda nəslindən xilas olub qalanlar Yenə aşağıya doğru kök atacaqlar, Yuxarıya doğru bəhrə verəcəklər. |
31. | Çünki qalanlar Yerusəlimdən, Xilas olanlar Sion dağından çıxacaqlar. Rəbbin qeyrəti bunu edəcək”. |
32. | Buna görə Aşşur padşahı barədə Rəbb belə deyir: “O bu şəhərə girməyəcək, Oraya ox atmayacaq, Qarşısına qalxanla çıxmayacaq, Qala önündə torpaq qalağı qurmayacaq. |
33. | Ancaq gəldiyi yolla geri qayıdacaq, Bu şəhərə girməyəcək” Rəbb belə bəyan edir. |
34. | “Mən bu şəhəri Özüm üçün, Qulum Davudun xatirinə qoruyub xilas edəcəyəm”». |
35. | O gecə Rəbbin mələyi çıxıb Aşşur ordugahında yüz səksən beş min nəfəri qırdı. Səhər erkən qalxıb gördülər ki, onların hamısı öldürülüb. |
36. | Aşşur padşahı Sanxeriv geri çəkilib getdi və Ninevada qaldı. |
37. | O öz allahı Nisrokun məbədində səcdə edərkən oğulları Adrammelek və Şareser onu qılıncla öldürdülər və Urartu ölkəsinə qaçdılar. Sanxerivin yerinə oğlu Esar-Xaddon padşah oldu. |
← 2Kings (19/25) → |