← 2Kings (13/25) → |
1. | Yəhuda padşahı Axazya oğlu Yoaşın padşahlığının iyirmi üçüncü ilində Yehunun oğlu Yehoaxaz Samariyada İsrail üzərində padşah oldu və on yeddi il padşahlıq etdi. |
2. | O, Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahların dalınca getdi, onlardan əl çəkmədi. |
3. | İsrailə qarşı Rəbbin qəzəbi alovlandı və Yehoaxazın bütün ömrü boyu onları Aram padşahı Xazaelin və Xazaelin oğlu Ben-Hadadın əlinə verdi. |
4. | Yehoaxaz Rəbbə üz tutub yalvardı və Rəbb onu eşitdi, çünki İsraillilərin əzabını və Aram padşahının onlara necə zülm etdiyini gördü. |
5. | Rəbb İsraillilərə bir xilaskar verdi və onlar Aramın əsarəti altından çıxdılar. İsraillilər əvvəlki kimi öz torpaqlarında yaşadılar. |
6. | Ancaq onlar Yarovam nəslinin İsrailə etdirdiyi günahlardan əl çəkmədilər və bu günahların dalınca getdilər, Aşera bütü də Samariyada qalırdı. |
7. | Əlli süvaridən, on döyüş arabasından və on min piyadadan başqa, Yehoaxazın daha qoşunu qalmadı, çünki Aram padşahı onları xırmanda toz kimi əzmişdi. |
8. | Yehoaxazın qalan işləri, etdiyi hər şey və onun hünəri barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. |
9. | Yehoaxaz ataları ilə uyudu və onu Samariyada basdırdılar. Onun yerinə oğlu Yoaş padşah oldu. |
10. | Yəhuda padşahı Yoaşın padşahlığının otuz yeddinci ilində Yehoaxaz oğlu Yoaş Samariyada İsrail üzərində padşah oldu və on altı il padşahlıq etdi. |
11. | O, Rəbbin gözündə pis olan işlər etdi, Nevat oğlu Yarovamın İsrailə etdirdiyi bütün günahlardan əl çəkmədi və bu günahların dalınca getdi. |
12. | Yoaşın qalan işləri, etdiyi hər şey və Yəhuda padşahı Amasya ilə döyüşdə göstərdiyi hünər barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. |
13. | Yoaş ataları ilə uyudu və onun taxtında Yarovam oturdu. Yoaş Samariyada İsrail padşahlarının yanında basdırıldı. |
14. | Elişa ölümcül halda xəstələnmişdi. İsrail padşahı Yoaş ona baş çəkmək üçün yanına gəldi və ağlayıb dedi: «Atam, ey atam! İsrailin arabası və atlıları!» |
15. | Elişa ona dedi: «Kaman və oxlar götür». O, kaman və oxlar götürdü. |
16. | Elişa İsrail padşahına dedi: «Kamanı çək». O, kamanı çəkdi. Elişa əllərini padşahın əlləri üstünə qoydu. |
17. | Sonra dedi: «Şərq tərəfdəki pəncərəni aç». O açdı. Elişa «oxu at» dedi. O atdı. Elişa dedi: «Bu, Rəbbin qurtuluş oxu, Arama qarşı qurtuluş oxudur! Sən Aramlıları Afeqdə axıra qədər qıracaqsan». |
18. | Sonra dedi: «Oxları götür». O götürdü. Elişa İsrail padşahına dedi: «Yerə vur». O, üç dəfə vurub dayandı. |
19. | Allah adamı ona qəzəblənib dedi: «Beş-altı dəfə vurmalı idin. Onda Aramlıları axıra qədər qıra bilərdin, indi isə onları üç dəfə qıracaqsan». |
20. | Elişa öldü və onu basdırdılar. Moavlıların dəstələri hər bahar fəslində ölkəyə gələrdi. |
21. | Bir dəfə bir nəfəri basdırarkən adamlar bir dəstə gördülər və ölünü Elişanın qəbrinə atdılar. Ölü düşüb Elişanın sümüklərinə toxunan kimi dirildi və ayaq üstə qalxdı. |
22. | Yehoaxazın bütün ömrü boyu Aram padşahı Xazael İsraillilərə zülm etdi. |
23. | Ancaq Rəbb İbrahim, İshaq və Yaqubla etdiyi əhdindən ötrü lütf və mərhəmət göstərib onlara tərəf üz tutdu, onları məhv etmək istəmədi və indiyə qədər Öz hüzurundan kənar etmədi. |
24. | Aram padşahı Xazael öldü və yerinə oğlu Ben-Hadad padşah oldu. |
25. | Yehoaxaz oğlu Yoaş müharibədə atası Yehoaxazın əlindən alınan şəhərləri Xazaelin oğlu Ben-Hadadın əlindən aldı. Yoaş Aramlıları üç dəfə qırıb İsrail şəhərlərini geri aldı. |
← 2Kings (13/25) → |