← 2Kings (11/25) → |
1. | Axazyanın anası Atalya oğlunun öldüyünü görəndə qalxıb bütün padşah nəslini məhv etdi. |
2. | Ancaq padşah Yehoramın qızı, Axazyanın bacısı Yehoşeva öldürülən şahzadələr arasından Axazyanın oğlu Yoaşı gizlincə apardı və onu dayəsi ilə birgə yataq otağında yerləşdirdi. Beləcə Yoaşı Atalyadan gizlətdilər və o öldürülmədi. |
3. | O, altı il gizli olaraq Rəbbin məbədində dayəsi ilə birgə qaldı. Atalya isə ölkə üzərində padşahlıq etdi. |
4. | Yeddinci ildə Yehoyada Karililərin və mühafizəçilərin yüzbaşılarını çağırtdırdı, onları öz yanına – Rəbbin məbədinin içərisinə gətirdi. Orada bu adamlarla əhd kəsib onları and içdirdi və şahzadəni onlara göstərdi. |
5. | Sonra Yehoyada onlara əmr edib dedi: «Siz belə edin: Şənbə günü növbə çəkənlərinizin üçdə biri sarayın keşiyini çəksin, |
6. | üçdə biri Sur darvazasında dursun, üçdə biri isə mühafizəçilərin arxasındakı darvazada dayansın. Beləcə sarayın keşiyini çəkin. |
7. | Sizin iki bölüyünüz – Şənbə günü növbə çəkməyənlərin hamısı padşahın tərəfində olub Rəbbin məbədinin keşiyini çəksin. |
8. | Hər kəs silahı əlində padşahı əhatəyə alsın, cərgələrinizə girən öldürülsün. Padşah girib-çıxdığı vaxt onunla olun». |
9. | Yüzbaşılar kahin Yehoyadanın əmr etdiyi hər şeyi etdilər: hər biri öz adamlarını, Şənbə günü növbə çəkənləri və növbədə olmayanları götürüb kahin Yehoyadanın yanına gəldi. |
10. | Kahin yüzbaşılara Rəbbin məbədində olan padşah Davudun nizələrini və qalxanlarını verdi. |
11. | Mühafizəçilər məbədin sağ tərəfindən sol tərəfinə qədər qurbangahın və məbədin yanında, padşahın ətrafında dayandılar. Hər kəsin silahı əlində idi. |
12. | Kahin şahzadəni irəli çıxartdı və tacı başına qoyub şəhadətnaməni ona verdi. Onu padşah olmaq üçün məsh etdilər və əl çalıb «Yaşasın padşah!» dedilər. |
13. | Atalya mühafizəçilərin və xalqın səsini eşidəndə xalqın yanına, Rəbbin məbədinə gəldi. |
14. | O baxıb gördü ki, padşah qaydaya görə sütunun yanında dayanmış, rəislər və kərənay çalanlar da padşahın yanındadır. Bütün ölkə xalqı sevinərək kərənay çalırdı. Atalya paltarını cırıb bağırdı: «Xəyanət! Xəyanət!» |
15. | Kahin Yehoyada qoşun üçün cavabdeh olan yüzbaşılara əmr edib dedi: «Onu cərgələrin arasından çıxarın və dalınca gələni qılıncla öldürün». Çünki kahin «qoy o, Rəbbin məbədində öldürülməsin» demişdi. |
16. | Atalyanı tutdular, onu atların girdiyi darvazadan saraya gətirdilər və orada öldürüldü. |
17. | Yehoyada Rəbb ilə padşah və xalq arasında əhd kəsdi ki, onlar Rəbbin xalqı olsun. O, padşahla xalq arasında da əhd kəsdi. |
18. | Bütün ölkə xalqı Baal məbədinə getdi. Onu dağıdıb qurbangahlarını və bütlərini parça-parça etdilər, Baal kahini Mattanı qurbangahların önündə öldürdülər. Kahin Rəbbin məbədinə gözətçilər qoydu. |
19. | O, yüzbaşıları, Karililəri, mühafizəçiləri, bütün ölkə xalqını özü ilə götürdü. Onlar padşahı Rəbbin məbədindən düşürtdülər və mühafizəçilər darvazasının yolu ilə saraya gəldilər. Yoaş padşahların taxtında oturdu. |
20. | Bütün ölkə xalqı sevindi və şəhər sakitləşdi. Çünki Atalyanı padşah sarayında qılıncla öldürmüşdülər. |
21. | Yoaş padşah olduğu vaxt yeddi yaşında idi. |
← 2Kings (11/25) → |