2Kings (1/25) → |
1. | İsrail padşahı Axavın ölümündən sonra Moav İsrailə qarşı üsyan qaldırdı. |
2. | Padşah Axazya Samariyada olan yuxarı otağındakı barmaqlığı olan pəncərədən yıxılıb yaralandı. O, qasidlərinə «Gedin, Eqron allahı Baal-Zevuvdan soruşun, bu yaram sağalacaqmı?» deyib onları göndərdi. |
3. | Rəbbin mələyi Tişbeli İlyasa dedi: «Qalx Samariya padşahının qasidlərini qarşılamaq üçün çıx və onlara de: “İsraildə Allah yoxdur ki, Eqron allahı Baal-Zevuva müraciət etməyə gedirsiniz?” |
4. | Buna görə də Rəbb belə deyir: “Üstündə uzandığın yataqdan qalxa bilməyəcəksən, çünki hökmən öləcəksən!”» İlyas getdi. |
5. | Qasidlər padşahın yanına qayıtdılar. Padşah onlara dedi: «Niyə geri qayıtdınız?» |
6. | Ona dedilər: «Bir adam bizi qarşılamağa çıxdı və bizə dedi: “Sizi göndərən padşahın yanına qayıdıb ona söyləyin ki, Rəbb belə deyir: ‹İsraildə Allah yoxdur ki, Eqron allahı Baal-Zevuva müraciət etmək üçün qasidlər göndərdin?› Buna görə də üstündə uzandığın yataqdan qalxa bilməyəcəksən, çünki hökmən öləcəksən!”» |
7. | Padşah onlara dedi: «Sizi qarşılamağa çıxan və sizə bu sözləri söyləyən adam nə qiyafədə idi?» |
8. | Ona dedilər: «Tüklü bir adam idi, belinə dəri qurşaq bağlamışdı». Padşah dedi: «O, Tişbeli İlyasdır». |
9. | Padşah bir əllibaşı ilə əlli adamını İlyasın yanına göndərdi. Əllibaşı onun yanına qalxdı. İlyas təpənin başında oturmuşdu. Əllibaşı ona dedi: «Ey Allah adamı, padşah “aşağı düş” deyir». |
10. | İlyas əllibaşıya cavab verib dedi: «Əgər mən Allah adamıyamsa, göydən od yağsın, səni və əlli adamını tələf etsin!» Onda göydən od yağdı, əllibaşı ilə əlli adamını tələf etdi. |
11. | Padşah başqa bir əllibaşı ilə əlli adamını onun yanına göndərdi. Əllibaşı ona dedi: «Ey Allah adamı, padşah belə deyir: “Tez aşağı düş”». |
12. | İlyas onlara cavab verib dedi: «Əgər mən Allah adamıyamsa, göydən od yağsın, səni və əlli adamını tələf etsin!» Onda göydən Allahın odu yağdı, əllibaşı ilə əlli adamını tələf etdi. |
13. | Padşah yenə üçüncü bir əllibaşı ilə əlli adamını göndərdi. Üçüncü əllibaşı qalxıb gəldi, İlyasın qarşısında diz çökdü və ona yalvarıb dedi: «Ey Allah adamı, xahiş edirəm, mənim və bu əlli qulunun canına yazığın gəlsin. |
14. | Göydən od yağıb əvvəl gələn iki əllibaşını və onların hərəsinin əlli adamını tələf etdi. İndi mənim canıma yazığın gəlsin». |
15. | Rəbbin mələyi İlyasa dedi: «Onunla birgə aşağı düş, ondan qorxma». İlyas qalxıb aşağı düşdü və əllibaşı ilə birgə padşahın yanına gəldi. |
16. | Ona dedi: «Rəbb belə deyir: “İsraildə sözünü soruşmağa Allah yoxdur ki, Eqron allahı Baal-Zevuvdan soruşmaq üçün qasidlər göndərdin? Buna görə də üstündə uzandığın yataqdan qalxa bilməyəcəksən, çünki hökmən öləcəksən!”» |
17. | İlyasın söylədiyi Rəbbin sözünə görə Axazya öldü. Oğlu olmadığı üçün yerinə Axavın oğlu Yehoram padşah oldu. Bu da Yəhuda padşahı Yehoşafat oğlu Yehoramın padşahlığının ikinci ilində oldu. |
18. | Axazyanın qalan işləri İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. |
2Kings (1/25) → |