← 2Corinthians (8/13) → |
1. | Qardaşlar, sizə bildirmək istəyirik ki, Makedoniyadakı cəmiyyətlərə verilən Allahın lütfü nə etdi: |
2. | onlar böyük əziyyətlərlə sınananda coşğun sevincləri hədsiz yoxsul olduqları halda zəngin səxavət göstərmələri ilə aşıb-daşdı. |
3. | Mən şahidəm ki, onlar bunu bacardıqları qədər, hətta artıqlaması ilə, könüllü surətdə etdilər. |
4. | Bizə yalvara-yalvara müqəddəslərə yardım işinə şərik olmaq lütfünə nail olmaq istədilər. |
5. | Bu, gözlədiyimizdən də artıq oldu, çünki onlar özlərini əvvəlcə Rəbbə, sonra Allahın iradəsi ilə bizə həsr etdilər. |
6. | Ona görə Titdən xahiş etdik ki, onun başladığı bu xeyriyyə işini sizin aranızda başa çatdırsın. |
7. | Sizsə hər şeydə – imanda, sözdə, bilikdə, hər cür cəhddə, sizə göstərdiyimiz məhəbbətdə zəngin olduğunuz kimi bu xeyriyyəçilikdə də zəngin olun. |
8. | Mən bunları əmr edərək demirəm, lakin başqalarının cəhdi ilə müqayisədə sizin məhəbbətinizin həqiqiliyini sınaqdan keçirərək deyirəm. |
9. | Rəbbimiz İsa Məsihin lütfündən xəbərdarsınız: siz Onun yoxsulluğu vasitəsilə varlı olasınız deyə Özü varlı olduğu halda sizin uğrunuzda yoxsullaşdı. |
10. | Bu barədə sizə məsləhət verirəm. Siz keçən il bu işi nəinki gördünüz, hətta təşəbbüskarı oldunuz. Öz xeyriniz üçün |
11. | indi bu işi başa çatdırın. Buna həvəsiniz necə idisə, imkan daxilində bunu elə də başa çatdırın. |
12. | Çünki insanın həvəsi varsa, verdiyi yardım imkanı çatmadığı qədər yox, imkanına görə məqbul sayılır. |
13. | Sizi əziyyətə salıb başqalarına rahatlıq vermək deyil, bərabərlik istəyirik. |
14. | İndi sizin əlavə vəsaitiniz qoy onların ehtiyaclarını ödəsin ki, lazım olanda onların vəsaiti də sizin ehtiyacınızı ödəsin. Beləcə qoy bərabərlik olsun. |
15. | Necə ki yazılıb: «Çox yığanın artığı, az yığanın əskiyi olmadı». |
16. | Titin ürəyində sizin üçün eyni cəhdi oyadan Allaha şükür olsun! |
17. | Çünki Tit bizim xahişimizi qəbul etməklə kifayətlənmədi, böyük cəhd göstərərək könüllü surətdə sizin yanınıza gəlir. |
18. | Müjdəni yaydığına görə bütün cəmiyyətlərdə təriflənən bir qardaşı da onunla birgə yanınıza göndəririk. |
19. | Həmçinin o, Rəbbi izzətləndirmək və yardım etməyə həvəsli olduğumuzu göstərmək üçün apardığımız bu xeyriyyə işində yol yoldaşımız olmaq məqsədi ilə cəmiyyətlər tərəfindən seçildi. |
20. | Bu bol olan nəzir-niyazla əlaqədar xidmətimizdə heç kim bizdə səhv tutmasın deyə diqqət göstəririk. |
21. | Çünki məqsədimiz yalnız Rəbbin gözündə deyil, insanların da gözündə doğru sayılan işləri görməkdir. |
22. | Çox işdə dəfələrlə sınaqdan keçirib cəhdini gördüyümüz, indi sizə bəslədiyi böyük etibar sayəsində daha da cəhd göstərən başqa qardaşımızı da onlarla bərabər göndəririk. |
23. | Titə gəlincə, o mənim şərikim, sizlərin arasında çalışan əməkdaşım, qardaşlarımızsa Məsihin izzəti üçün cəmiyyətlərin elçiləridir. |
24. | Buna görə də cəmiyyətlərin qarşısında məhəbbətinizi və sizinlə fəxr etməyimizin səbəbini onlara sübut edin. |
← 2Corinthians (8/13) → |