← 2Corinthians (6/13) → |
1. | Buna görə Allahla birgə işləyən bizlər rica edirik ki, Onun lütfünü boş yerə qəbul etməyəsiniz. |
2. | Çünki O deyir: «Münasib vaxtda səni eşitdim, Xilas günü sənə kömək etdim». Budur, indi münasib vaxt, budur, indi xilas günü. |
3. | Xidmətimiz etibardan düşməsin deyə heç kimi büdrədən bir şey etmirik. |
4. | Əksinə, Allahın xidmətçisi olaraq hər şeydə özümüz barədə zəmanət veririk; hədsiz dözümdə, əziyyətlərdə, ehtiyaclarda, sıxıntılarda, |
5. | döyüləndə, həbslərdə, qarışıqlıqlarda, zəhmətdə, yuxusuz qalanda, aclıqlarda, |
6. | pak yaşayanda, bilikdə, səbirdə, xeyirxahlıqda, Müqəddəs Ruhda, riyasız məhəbbətdə, |
7. | həqiqəti elan edəndə, Allahın qüvvəsində, həm sağ, həm də sol əllərimizdə salehlik silahları ilə, |
8. | gah ucalıb gah alçalaraq təhqir olunanda, təriflənəndə özümüz özümüzə zamin dururuq. Bizi yalançı sayırlar, amma biz doğruçuyuq. |
9. | Sanki naməlumuq, amma tanınırıq. Elə bil ölümün ağzındayıq, amma hələ yaşayırıq. Elə bil cəza çəkirik, amma öldürülmürük. |
10. | Sanki kədər içindəyik, əslində həmişə sevinirik. Yoxsul sayılırıq, amma çoxlarını varlandırırıq. Elə bil heç nəyimiz yoxdur, amma hər şeyə sahibik. |
11. | Ey Korinflilər, sizinlə açıq danışırıq, sizə ürəyimizi açmışıq. |
12. | Bizimlə yaxın münasibətinizə mane olan biz deyilik, bu maneə sizin daxili hisslərinizdədir. |
13. | Buna cavab olaraq, sizə övladlarım kimi deyirəm: siz də ürəyinizi açın. |
14. | İmansızlarla eyni boyunduruğa girməyin. Çünki salehliklə qanunsuzluğun nə şərikliyi var? İşıqla qaranlığın ortaq nəyi var? |
15. | Məsihlə Belialın nə uyğunluğu var? Yaxud imanlı ilə imansızın ümumi nəyi var? |
16. | Allahın məbədi ilə bütlərin sazişi ola bilərmi? Çünki biz var olan Allahın məbədiyik. Belə ki Allah demişdi: «Mən aralarında yaşayıb-dolanacağam, Onların Allahı olacağam, Onlar da Mənim xalqım olacaq». |
17. | Ona görə «aralarından çıxıb ayrılın» Rəbb belə deyir, «Murdar şeylərə toxunmayın»; «Mən də sizi qəbul edəcəyəm». |
18. | «Mən sizə Ata olacağam, Siz də Mənə oğullar və qızlar olacaqsınız» Külli-İxtiyar Rəbb belə deyir. |
← 2Corinthians (6/13) → |