← 2Corinthians (2/13) → |
1. | Mən sizi kədərləndirməmək üçün qərara aldım ki, yenə yanınıza gəlməyim. |
2. | Çünki sizi kədərləndirsəm, kədərləndirdiyim sizlərdən başqa məni kim şadlandıracaq? |
3. | Bunu yazmışdım ki, gəldiyim zaman məni sevindirəsi insanlar kədərləndirməsin. Hamınıza inanıram ki, mənim sevincim hər birinizin sevincidir. |
4. | Kədərləndirmək üçün deyil, sizə bəslədiyim hədsiz məhəbbəti dərk edəsiniz deyə sizə böyük əziyyət, ürək ağrısı və göz yaşları içində yazdım. |
5. | Əgər kimsə kədər gətiribsə, şişirtmədən deyim ki, mənə deyil, haradasa hamınıza kədər gətirib. |
6. | Beləsinə ictimaiyyətin verdiyi bu cəza bəsdir. |
7. | Hədsiz kədərə qərq olmasın deyə yaxşı olar ki, o insanı indi bağışlayasınız və təsəlli verəsiniz. |
8. | Buna görə sizdən xahiş edirəm ki, yenidən ona məhəbbət göstərin. |
9. | Bunu da sizə yazdım ki, hər vəziyyətdə sizin itaətli olmağınızı yoxlayım. |
10. | Kimi bağışlasanız, mən də bağışlayaram. Əgər mən bir şeyi bağışlamışamsa, Məsihin hüzurunda sizin xeyriniz üçün bağışlamışam ki, |
11. | Şeytan bizdən mənfəət qazanmasın. Çünki onun niyyətlərindən xəbərsiz deyilik. |
12. | Məsihin Müjdəsini yaymaq məqsədi ilə Troasa gələndə Rəbdən mənim üçün bir qapı açıldı. |
13. | Amma qardaşım Titi orada tapmayanda ürəyim narahat oldu. Ona görə oradakılarla xudahafizləşib Makedoniyaya gəldim. |
14. | Bizi həmişə Məsihin zəfər təntənəsində addımladan, Onu tanımaqdan yaranan ətri bizim vasitəmizlə hər tərəfə yayan Allaha şükür olsun! |
15. | Çünki biz həm xilas, həm də həlak olanlar arasında Allaha xoş olan Məsih ətriyik. |
16. | Həlak olanlar üçün ölümə aparan ölüm qoxusu, xilas olanlar üçünsə həyata aparan həyat ətriyik. Belə bir iş üçün kim yararlıdır? |
17. | Axı biz çoxları kimi Allah kəlamının alverçiləri deyilik; əksinə, Allah tərəfindən göndərilib Allahın hüzurunda, Məsihdə olaraq səmimi qəlbdən danışırıq. |
← 2Corinthians (2/13) → |