← 2Corinthians (10/13) → |
1. | Yanınızda ürkək, lakin sizdən uzaq ikən cürətli olan mən Paul Məsihdən gələn həlimlik və mülayimliklə sizdən xahiş edir, |
2. | yalvarıram: yanınıza gələndə məni vadar etməyin ki, bizi cismani təbiətə görə həyat sürən insanlar zənn edən bəzi adamlara göstərməyi vacib saydığım cürəti sizə də göstərim. |
3. | Çünki cismən həyat sürsək də, cismani təbiətə görə döyüş aparmırıq. |
4. | Ona görə ki döyüş silahlarımız cisimdən düzəldilən silahlar deyil, qalaları dağıdan ilahi qüvvəyə malik silahlardır. Nəzəriyyələri, |
5. | Allah barədə biliyə qarşı çıxan hər bir səddi yıxıb hər bir düşüncəni əsir edərək Məsihə itaət etdiririk. |
6. | Siz Məsihə tamamilə itaət edəndə hər cür itaətsizliyi cəzalandırmağa hazır olacağıq. |
7. | Göz qabağında olanlara baxın. Kim Məsihə aid olduğuna arxalanırsa, yadda saxlasın ki, onun qədər biz də Məsihə aidik. |
8. | Sizi yıxmaq üçün deyil, inkişaf etdirmək üçün Rəbbin bizə verdiyi səlahiyyətə görə bir az artıq öyünsəm də, utanmaram. |
9. | Elə görünmək istəmirəm ki, məktublarımla sizi qorxuduram. |
10. | Mənim barəmdə deyirlər ki, «onun məktubları ciddi və təsirlidir, özünü görəndə isə zəhmsiz, nitqi də heçdir». |
11. | Kim bunu düşünürsə, qoy bilsin ki, uzaqda olanda məktublarımızla dediklərimizə yanınızda olanda da əməl edirik. |
12. | Öz-özü barədə zəmanət verən bəzi adamlarla özümüzü bərabər saymağa və yaxud da müqayisə etməyə sözsüz ki cəsarət etmirik. Özlərini öz arşınları ilə ölçə-ölçə, həmçinin özlərini özləri ilə müqayisə edə-edə onlar dərrakələrini itirdilər. |
13. | Biz isə hədsiz öyünməyəcəyik. Öyünməyimiz Allahın bizə verdiyi, sizin də daxil olduğunuz iş dairəsinin həddini aşmayacaq. |
14. | Sizə yetişməyənlər kimi uzaqlara getmirik. Çünki Məsihin Müjdəsini sizə çatdıran bizik. |
15. | Başqalarının əməyi ilə öyünüb həddimizi aşmırıq. Ümidvarıq ki, imanınız böyüdükcə aranızda işimizin əhatə dairəsi daha da genişlənəcək. |
16. | Beləcə başqasının işinin əhatə dairəsində olan nailiyyətlərlə öyünmədən Müjdəni sizin o tayınızdakı diyarlarda da yaya biləcəyik. |
17. | «Öyünən Rəbdə öyünsün». |
18. | Çünki özü barədə zəmanət verən insan yox, barəsində Rəbbin zəmanət verdiyi insan sınaqdan keçmiş olur. |
← 2Corinthians (10/13) → |