← 1Samuel (9/31) → |
1. | Binyamindən Afiah oğlu Bekorat oğlu Seror oğlu Aviel oğlu Qiş adlı bir adam var idi. Binyaminli bu adam cəsur cəngavər idi. |
2. | Onun Şaul adlı gənc, yaraşıqlı oğlu var idi və İsrail övladları arasında ondan yaraşıqlısı yox idi. O, xalqın hamısından bir çiyin hündür idi. |
3. | Şaulun atası Qişin eşşəkləri itmişdi. Qiş oğlu Şaula dedi: «Qalx nökərlərdən birini yanına al, get, eşşəkləri axtar». |
4. | Onlar Efrayimin dağlıq bölgəsini gəzdilər və Şalişa diyarından keçdilər, lakin eşşəkləri tapa bilmədilər. Şaalim diyarını dolandılar, eşşəklər orada da yox idi. Sonra Binyamin torpağını gəzdilər, lakin eşşəkləri tapa bilmədilər. |
5. | Bundan sonra Suf bölgəsinə gəldilər və Şaul yanındakı nökərinə dedi: «Gəl qayıdaq, yoxsa atam eşşəkləri yaddan çıxarıb bizim üçün narahat olacaq». |
6. | Nökəri isə ona dedi: «Bax bu şəhərdə bir Allah adamı var. O, möhtərəm bir adamdır və nə deyirsə, hamısı mütləq doğru çıxır. Gəl oraya gedək, bəlkə bizə gedəcəyimiz yolu o göstərdi». |
7. | Şaul nökərinə dedi: «Əgər getsək, o adama nə aparaq? Artıq torbalarımızda çörək qurtarmış və Allah adamına vermək üçün bir hədiyyəmiz belə, yoxdur. Axı nəyimiz var?» |
8. | Nökər Şaula cavab olaraq belə dedi: «Bax əlimdə dörddə bir şekel gümüş var. Mən onu Allah adamına verərəm, qoy o bizə yolumuzu göstərsin». |
9. | Əvvəllər İsraildə Allahın iradəsini öyrənmək üçün gedəndə adamlar belə deyərdilər: «Gəl görücünün yanına gedək». O vaxt peyğəmbərləri görücü adlandırırdılar. |
10. | Şaul isə nökərinə dedi: «Yaxşı deyirsən, gəl gedək». Onlar Allah adamının olduğu şəhərə getdilər. |
11. | Yoxuşdan şəhərə qalxanda su çəkmək üçün şəhərdən çıxan gənc qızlara rast gəldilər və onlara dedilər: «Görücü buradadırmı?» |
12. | Onlara cavab verdilər: «Buradadır, sizdən qabaqdadır. Tələsin, elə bu gün şəhərə gəlib, çünki xalq bu gün səcdəgahda qurban kəsəcək. |
13. | Şəhərə girən kimi onu yemək üçün səcdəgaha qalxmazdan əvvəl taparsınız, ona görə ki o gəlməyincə xalq yeməyə başlamaz. O, qurbana xeyir-dua verəndən sonra çağırılanlar yeyər. Tez qalxsanız, ona çatarsınız». |
14. | Onlar şəhərə qalxdılar. Şaul da təpədə yerləşən şəhərin mərkəzinə çatanda Şamuellə rastlaşdı, çünki o da səcdəgaha çıxırdı. |
15. | Şaul gəlməmişdən bir gün əvvəl Rəbb Şamuelə bunu bildirərək qulağına demişdi: |
16. | «Sabah bu vaxtlar sənin yanına Binyamin torpağından bir adam göndərəcəyəm və onu Mənim xalqım İsraillilərə başçı olaraq məsh edəcəksən. Filiştlilərin əlindən xalqımı o qurtaracaq, çünki xalqımın halına yanıram. Ona görə ki fəryadı gəlib Mənə çatdı». |
17. | Şamuel Şaulu görəndə Rəbb ona dedi: «Bax sənə dediyim bu adam xalqıma hökmranlıq edəcək». |
18. | Şaul darvazada Şamuelə yaxınlaşıb dedi: «Rica edirəm, görücünün evinin harada olduğunu mənə göstərəsiniz». |
19. | Şamuel Şaula cavab verdi: «Görücü mənəm, qarşımca səcdəgaha qalx. Bu gün mənimlə bərabər yemək yeyəcəksiniz, sabah açılanda isə ürəyində olanların hamısını sənə bildirib yola salaram. |
20. | Üç gün əvvəl itən eşşəklərinə gəlincə, onların fikrini çəkmə, artıq tapılıblar. Bütün İsrail nəyin həsrətindədir? Bu sənə və ata nəslinə aid deyilmi?» |
21. | Şaul cavab verdi: «Mən İsrail qəbilələrinin ən kiçiyi olan Binyamindən deyiləmmi? Nəslim isə Binyamin qəbiləsinin nəsillərinin ən kiçiyi deyilmi? Axı nə üçün mənə belə söz söyləyirsiniz?» |
22. | Şamuel Şaul ilə nökəri götürüb otağa apardı və otuz nəfərə qədər çağırılmış adamların arasında baş tərəfdə ona yer verdi. |
23. | Şamuel aşpaza dedi: «“Bir yana ayrı qoy” deyib sənə verdiyim payı bura gətir!» |
24. | Aşpaz yağlı budu Şaulun qarşısına qoydu. Şamuel dedi: «Buyur ye, bu sənin üçün ayrılan paydır, bunu sənin üçün saxladım ki, təyin etdiyim gün çağırdığım xalqla birlikdə yeyəsən». O gün Şaul Şamuellə birlikdə yemək yedi. |
25. | Onlar səcdəgahdan şəhərə endilər, Şamuel Şaulla evin damında söhbət etdi. |
26. | Onlar erkən qalxdılar. Dan yeri söküləndə damdan Şamuel Şaulu çağırıb dedi: «Dur, səni yola salım». O da qalxıb Şamuellə birlikdə bayıra çıxdı. |
27. | Onlar şəhər kənarına enərkən Şamuel Şaula dedi: «Nökərə de ki, qabaqda getsin». Nökər qabağa keçdi. «Amma sən indi ayaq saxla, qoy Allahın sözünü sənə bildirim». |
← 1Samuel (9/31) → |