← 1Samuel (7/31) → |
1. | Qiryat-Yearim əhalisi gəlib Rəbbin sandığını apardı. Onu təpədə olan Avinadavın evinə çıxartdı və oğlu Eleazarı Rəbbin sandığına nəzarətçi təyin etdi. |
2. | Sandıq Qiryat-Yearimə gələn gündən çox vaxt keçdi: iyirmi il tamam oldu. Bütün İsrail xalqı Rəbbin intizarını çəkirdi. |
3. | Şamuel bütün İsraillilərə müraciət edib dedi: «Əgər bütün qəlbinizlə Rəbbə dönürsünüzsə, yad allahları, Aştoret bütlərini atıb ürəyinizi Rəbbə verin və yalnız Ona qulluq edin. Sizi Filiştlilərin əlindən O qurtaracaq». |
4. | O zaman İsrail övladları Baal bütlərini və Aştoret bütlərini rədd edib yalnız Rəbbə qulluq etdilər. |
5. | Şamuel dedi: «Bütün İsrailliləri Mispaya toplayın və mən sizə görə Rəbbə yalvaracağam». |
6. | Onlar Mispaya toplaşdılar, su çəkib Rəbbin önünə tökdülər və o gün orada oruc tutub dedilər: «Rəbbə qarşı günah işlətmişik». Şamuel Mispada İsraillilərə hakimlik edirdi. |
7. | İsrail övladlarının Mispada toplandığını Filiştlilər eşidəndə Filiştlilərin ağaları İsraillilərə qarşı çıxdılar. Bunu eşidən İsrail övladları Filiştlilərdən qorxdu. |
8. | Ona görə də İsrail övladları Şamuelə dedilər: «Bizi Filiştlilərin əlindən qurtarmaq üçün Allahımız Rəbbə durmadan yalvar». |
9. | Şamuel bir əmlik quzu götürərək onu bütövlüklə Rəbbə yandırma qurbanı verdi və o, İsrail üçün Rəbbə yalvardı. Rəbb Şamuelə cavab verdi. |
10. | Şamuel yandırma qurbanı verərkən Filiştlilər İsrailə hücum etmək üçün yaxınlaşdılar. Rəbb o gün güclü səslə gurlayıb Filiştlilərin üzərinə vəlvələ saldı və onları İsrailin önündə məğlub etdi. |
11. | İsraillilər Mispadan çıxıb Bet-Kar altına çatana qədər Filiştliləri qovaraq qırdılar. |
12. | Sonra Şamuel bir daş götürüb Mispa ilə Şen arasına qoydu və «Rəbb bizə buraya qədər kömək etdi» deyərək bu daşı Even-Ezer adlandırdı. |
13. | Məğlubiyyətə uğrayan Filiştlilər bir daha İsrail torpağına gəlmədi. Şamuelin bütün ömrü boyu Rəbbin əli Filiştlilərə qarşı oldu. |
14. | Filiştlilər Eqrondan Qata qədər İsraildən aldıqları şəhərləri geri qaytardılar. Bundan əlavə, İsrail ətrafındakı torpaqları da Filiştlilərin əlindən aldı və İsraillilərlə Emorluların arasında sülh yarandı. |
15. | Şamuel ömrü boyu İsrailə hakimlik etdi. |
16. | O, ilbəil, növbə ilə Bet-Eli, Qilqalı, Mispanı gəzir və bu yerlərdə İsrailə hakimlik edirdi. |
17. | Sonra isə Ramaya qayıdardı, çünki evi orada idi. Oradan da İsrailə hakimlik edirdi. O həmin yerdə Rəbbə bir qurbangah tikdi. |
← 1Samuel (7/31) → |