← 1Samuel (4/31) → |
1. | Şamuelin sözü bütün İsrailə yayılmışdı. O dövrdə İsraillilər Filiştlilərə qarşı döyüşmək üçün çıxdılar. |
2. | İsraillilər Even-Ezerdə, Filiştlilər isə Afeqdə ordugah qurdular. Filiştlilər İsraillilərlə döyüşmək üçün düzüldülər. Döyüş qızışanda İsraillilər Filiştlilərə məğlub oldular və döyüş meydanında dörd minə yaxın İsrailli qırıldı. |
3. | Xalq ordugaha qayıdarkən İsrail ağsaqqalları bir-birindən soruşdu: «Görəsən Rəbb bu gün bizi Filiştlilər qarşısında nə üçün məğlub etdi? Şilodan Rəbbin Əhd sandığını yanımıza gətirək. Qoy aramızda olsun və bizi düşmənlərin əlindən qurtarsın». |
4. | Xalq Şiloya adam göndərdi. Keruvlar arasında taxt qurmuş Ordular Rəbbinin Əhd sandığını oradan gətirdilər. Elinin iki oğlu Xofni və Pinxas Allahın Əhd sandığının yanında idi. |
5. | Rəbbin Əhd sandığı ordugaha çatan kimi bütün İsraillilər bərkdən elə qışqırdılar ki, yer titrədi. |
6. | Bu qışqırığın gurultusunu eşidərkən Filiştlilər belə dedilər: «İbranilərin ordugahında niyə belə böyük qışqırıq və gurultu var?» Ordugaha Rəbbin sandığının gəldiyini bildikdə |
7. | Filiştlilər qorxub dedilər: «Ordugaha allahlar gəlib, vay halımıza! Çünki bundan əvvəl belə bir şey olmamışdı. |
8. | Vay halımıza! Bu qüdrətli allahların əlindən bizi kim qurtaracaq? Səhrada Misirlilərə hər cür bəla verən allahlar bunlardır. |
9. | Ey Filiştlilər, cəsur olun, kişi kimi dayanın! Yoxsa İbranilər sizə necə boyun əydilərsə, siz də onlara elə boyun əyəcəksiniz! Kişi kimi dayanın və döyüşün!» |
10. | Filiştlilər vuruşdular. İsraillilər məğlub oldu və hamısı öz çadırına qaçdı. Çox böyük qırğın oldu və İsraillilərdən otuz min piyada həlak oldu. |
11. | Allahın sandığı ələ keçirildi və Elinin iki oğlu – Xofni ilə Pinxas öldü. |
12. | Bir nəfər Binyaminli döyüş yerindən qaçaraq elə həmin gün gəlib Şiloya çatdı. Onun paltarı cırılmış, başı toz-torpaq içində idi. |
13. | Budur, o gələn zaman Eli kürsü üstündə oturub yol kənarında gözləyir və Allahın sandığından ötrü ürəyi çırpınırdı. Bu adam şəhərə girib baş verən hadisələri danışanda bütün şəhər şivən qopardı. |
14. | Eli bu səsi eşidəndə «Bu nə səs-küydür?» deyə soruşdu. Bu adam tez gəlib hər şeyi Eliyə danışdı. |
15. | Eli doxsan səkkiz yaşında idi, artıq gözləri tutulmuşdu, görmürdü. |
16. | Həmin adam Eliyə dedi: «Mən döyüş meydanından gəlirəm. Bu gün döyüşdən qaçmışam». Eli soruşdu: «Oğlum, nə baş verib?» |
17. | Xəbər gətirən adam belə cavab verdi: «İsraillilər Filiştlilərin qabağından qaçdılar və xalq arasında böyük qırğın oldu. İki oğlun Xofni ilə Pinxas ölmüş, Allahın sandığı isə ələ keçirilmişdir». |
18. | Bu adam Allahın sandığından danışan zaman Eli kürsüdən arxaya – qapının yanına yıxıldı; həm qoca, həm də kök olduğu üçün boynu qırıldı və öldü. O, qırx il İsrail xalqına hakimlik etmişdi. |
19. | Elinin gəlini – Pinxasın arvadı hamilə idi. Doğuş vaxtı çatmışdı. Allahın sandığının ələ keçirildiyini, qayınatası ilə ərinin ölüm xəbərini eşidərkən onun ağrısı tutdu və çömbəlib doğdu. |
20. | Ölüm ayağında ona kömək edən qadınlar dedilər: «Qorxma, bir oğlun oldu». O isə bunu əhəmiyyətsiz bir şey saydığı üçün cavab vermədi. |
21. | Çünki Allahın sandığı ələ keçmiş, qayınatası ilə əri ölmüşdü. Buna görə də «İsrail şərəfdən düşdü» deyərək körpəsinin adını İkavod qoydu. |
22. | O dedi: «Allahın sandığı ələ keçirildi, İsrail şərəfdən düşdü». |
← 1Samuel (4/31) → |