← 1Samuel (31/31) |
1. | Filiştlilər İsraillilərlə döyüşdü. İsraillilər Filiştlilərin önündən qaçdılar, qırılanlar Gilboa dağında qaldı. |
2. | Filiştlilər Şaulla oğullarını təqib edib Şaulun oğulları Yonatanı, Avinadavı və Malki-Şuanı öldürdülər. |
3. | Döyüş Şaulun ətrafında şiddətlənəndə oxatanlar onu tapdılar və ağır yaraladılar. |
4. | Şaul öz silahdarına dedi: «Qılıncını çək, məni vur, yoxsa bu sünnətsizlər gəlib qılınclarını mənə batıraraq əylənəcəklər». Lakin silahdarı çox qorxduğundan bunu etmək istəmədi. Ona görə də Şaul qılıncını götürüb özünü onun üstünə yıxdı. |
5. | Şaulun öldüyünü görəndə silahdarı da özünü qılıncının üstünə yıxıb Şaulla birgə öldü. |
6. | O gün Şaul üç oğlu, silahdarı və bütün adamları ilə birlikdə belə həlak oldu. |
7. | Dərənin o biri tərəfində və İordan çayının o biri tayında olan İsraillilər İsrail ordusunun qaçdığını və Şaulla oğullarının öldüyünü görəndə şəhərləri qoyub qaçdılar. Filiştlilər gəlib o yerlərdə yaşadılar. |
8. | Ertəsi gün Filiştlilər öldürülənləri soymaq üçün gələndə Gilboa dağında Şaulla üç oğlunun meyitini tapdılar. |
9. | Şaulun başını kəsib silahlarını götürdülər. Bütlərinin məbədinə və xalqa xoş xəbər vermək üçün Filiştlilərin ölkəsinin hər tərəfinə qasid göndərdilər. |
10. | Şaulun silahlarını ilahə Aştoretin məbədinə qoydular və cəsədini Bet-Şean şəhərinin divarına mıxladılar. |
11. | Yaveş-Gilead əhalisi Filiştlilərin Şaula etdiklərini eşidəndə |
12. | bütün igidləri qalxıb gecə boyu yol gedərək Şaulun və oğullarının cəsədini Bet-Şeanın divarından götürdülər. Yaveşə gəlib orada cəsədləri yandırdılar. |
13. | Sonra cəsədlərin sümüklərini götürüb Yaveşdə, yulğun ağacının altında basdırdılar və yeddi gün oruc tutdular. |
← 1Samuel (31/31) |