← 1Samuel (30/31) → |
1. | Davudla adamları üçüncü gün Ziqlaqa çatdılar. Elə bu zaman Amaleqlilər Negevə və Ziqlaqa hücum edərək Ziqlaq şəhərinə od vurub yandırmışdılar. |
2. | Orada olan qadınlardan isə heç kimi öldürməmişdilər, böyükdən kiçiyə qədər hamısını əsir edib öz yolları ilə geri qayıtmışdılar. |
3. | Davud adamları ilə şəhərə gəlib gördü ki, şəhər yandırılıb və onların arvadları, oğul və qızları əsir aparılıb. |
4. | Buna görə Davud yanına yığılan camaatla birgə taqətdən düşənə qədər hönkürüb ağladı. |
5. | Əsir aparılanlar arasında Davudun iki arvadı, İzreelli Axinoamla Karmelli Navalın dul arvadı Aviqail də var idi. |
6. | Davudun ürəyi çox sıxılırdı, çünki xalq «onu daşlayaq» deyirdi. Ona görə ki camaatın hər birinin oğul və qızından ötrü canı yanırdı. Lakin Davud Allahı Rəbdən qüvvət aldı. |
7. | O, Aximelekin oğlu kahin Evyatara dedi: «Rica edirəm, efodu mənim üçün buraya gətir». Evyatar da efodu Davudun yanına gətirdi. |
8. | Davud Rəbbə müraciət edərək dedi: «Bu basqınçıların arxasınca düşsəm, onlara çatarammı?» Rəbb ona dedi: «Ardlarınca düş, mütləq onlara çatacaqsan və mütləq əsirləri qurtaracaqsan». |
9. | Davud yanında olan altı yüz nəfərlə gedib Besor vadisinə çatdı. Yorulub dala qalanlar isə vadidə qaldılar. |
10. | Lakin Davud dörd yüz nəfərlə basqınçıların ardınca qaçmaqda davam etdi, çünki iki yüz nəfər adam yorularaq Besor vadisini keçə bilməmişdi. |
11. | Çöldə bir Misirli tapdılar və onu Davudun yanına gətirdilər. Ona çörək yedirib, su içirtdilər. |
12. | Sonra bir dilim basılmış əncir lavaşanası ilə iki salxım quru üzüm verdilər. O da yeyib özünə gəldi, çünki üç gün-üç gecə çörək yeməmiş və su içməmişdi. |
13. | Davud ona dedi: «Sən kimin qulusan? Haradansan?» O dedi: «Bir Amaleqlinin qulu, Misirli bir gəncəm. Üç gün əvvəl xəstələndim, ona görə ağam məni atdı. |
14. | Biz Keretlilərin cənubuna, Yəhuda torpağına və Kalevin cənubuna basqın etdik, Ziqlaqa od vurub yandırdıq». |
15. | Davud ona dedi: «Məni bu basqınçıların yanına apararsanmı?» Həmin adam dedi: «Məni öldürməyəcəyinə və ağama təslim etməyəcəyinə Allah haqqı üçün and iç, mən də səni basqınçıların yanına aparım». |
16. | O, Davudu basqınçıların yanına endirdi. Bu zaman basqınçılar hər yana yayılmışdılar. Onlar Filişt və Yəhuda diyarından böyük talan malı götürmüş və bundan ötrü yeyib-içərək şənlik edirdilər. |
17. | Davud gün batandan ertəsi günün axşamınadək onları qırdı. Dəvələrə minib qaçan dörd yüz nəfər gəncdən başqa heç kim canını qurtara bilmədi. |
18. | O, Amaleqlilərin götürüb apardığı hər bir şeyi və iki arvadını geri qaytardı. |
19. | Böyükləri, kiçikləri, bütün oğul və qızları, talan edərək ələ keçirdikləri bütün şeyləri Davud geri qaytardı və onlardan heç nə əskik olmadı. |
20. | Davud qoyunlarla öküzləri də geri qaytardı. Onları o biri heyvanların qarşısından sürüb «bu, Davudun talan malıdır» deyirdilər. |
21. | Davud yorulub ardınca gələ bilməyən və Besor vadisində qalan iki yüz nəfərin yanına gəldi. Onlar Davudu və yanındakı adamları qarşılamağa çıxdılar. Davud oraya yaxınlaşanda xalqa salam verdi. |
22. | Davudla birlikdə gedən adamlar arasında olan bütün pis və yaramaz adamlar belə dedilər: «Onlar bizimlə birlikdə getmədikləri üçün biz də qurtardığımız talan malından onlara heç nə verməyəcəyik. Ancaq hər adama öz arvad-uşaqlarını verəcəyik. Qoy onları götürüb buradan getsinlər». |
23. | Amma Davud onlara belə dedi: «Xeyr, qardaşlarım! Rəbbin bizə verdiyi şeylərlə belə etməyəcəksiniz. Bizi qoruyan Rəbdir və üstümüzə gələn basqınçıları O bizə təslim etdi. |
24. | Sizin bu sözünüzü kim dinləyər? Çünki döyüşə gedənin payı nə qədərdirsə, yüklərin yanında qalanın da payı o qədər olacaq, bərabər bölünəcək». |
25. | Davud bütün İsrail üçün o gündən bu günə qədər davam edən bir qanun və hökm yaratdı. |
26. | Davud Ziqlaqa gəldi və «budur, sizin üçün Rəbbin düşmənlərindən alınan talandan bir hədiyyə» deyərək dostları olan Yəhuda ağsaqqallarına, |
27. | Bet-Eldə, Negevdəki Ramotda və Yattirdə, |
28. | Aroerdə, Sifmotda, Eştemoada, |
29. | Rakalda, Yeraxmeellilərin və Qenlilərin şəhərlərində, |
30. | Xormada, Bor-Aşanda, Atakda, |
31. | Xevronda olanlara və adamları ilə gəzdiyi yerlərin hamısında yaşayanlara talan malından göndərdi. |
← 1Samuel (30/31) → |