← 1Samuel (27/31) → |
1. | Davud ürəyində düşündü: «Bir gün Şaulun əlində öləcəyəm. Mənim üçün Filiştlilərin ölkəsinə qaçmaqdan yaxşı çarə yoxdur. Şaul da məni bütün İsrail torpağında axtarmaq fikrindən əl çəkər və mən onun əlindən qurtararam». |
2. | Davud durub yanındakı altı yüz kişi ilə Qat padşahı Maok oğlu Akişin tərəfinə keçdi. |
3. | Davud həm özü, həm də adamlarının hər biri külfəti ilə – Davudun iki arvadı İzreelli Axinoam və Karmelli Navalın dul arvadı Aviqaillə birlikdə Qatda, Akişin yanında qaldı. |
4. | Davudun Qata qaçdığını Şaula xəbər verdilər və o da bir daha onu axtarmadı. |
5. | Davud Akişə dedi: «Əgər indi sənin gözündə lütf tapmışamsa, qoy ətraf şəhərlərin birində mənə yer verilsin və mən də orada qalım. Axı nə üçün bu qulun padşah şəhərində sənin yanında qalsın?» |
6. | O gün Akiş ona Ziqlaqı verdi. Bu günə qədər Ziqlaq Yəhuda padşahlarına məxsusdur. |
7. | Davudun Filiştlilərin ölkəsində qaldığı müddət bir il dörd ay idi. |
8. | Davudla adamları gəlib Geşurlulara, Girzlilərə və Amaleqlilərə basqın etdilər. Bu xalqlar qədim zamanlardan bəri Şura çatanadək – Misir ölkəsinə qədər olan ərazidə məskən salmışdılar. |
9. | O hücum etdiyi bu yerlərdə nə qadın, nə də kişilərdən heç kimi sağ buraxmazdı. Onların qoyunlarını, öküzlərini, eşşəklərini, dəvələrini və geyimlərini götürüb Akişin yanına qayıdırdı. |
10. | Akiş ondan soruşanda ki bu gün hara basqın etdiniz, Davud belə cavab verirdi: «Yəhudanın, Yeraxmeellilərin və Qenlilərin cənub bölgəsinə basqın etdik». |
11. | Davud belə edirdi. Filiştlilərin ölkəsində qaldığı müddət ərzində onun iş üsulu belə idi: «Bizim haqqımızda qoy xəbər verməsinlər» deyərək nə kişi, nə də qadınlardan heç kimi sağ buraxmaz və onlardan heç birisini Qata gətirməzdi. |
12. | Akiş Davuda inanaraq belə düşünürdü: «Artıq o öz xalqının – İsrailin gözündən tamamilə düşüb və bundan sonra həmişəlik qulum olacaq». |
← 1Samuel (27/31) → |