← 1Samuel (23/31) → |
1. | Davuda xəbər verərək dedilər: «Budur, Filiştlilər Qeilaya hücum çəkib xırmanları talan edirlər». |
2. | Davud Rəbbə müraciət edib dedi: «Gedib Filiştlilərlə vuruşummu?» Rəbb Davuda dedi: «Get Filiştlilərə hücum et və Qeilanı qurtar». |
3. | Davudun adamları isə ona dedilər: «Bax burada – Yəhudada biz qorxu içərisindəyik. Bəs biz Qeilaya, Filişt ordularına qarşı necə çıxaq?» |
4. | Davud Rəbbə yenidən müraciət etdi və Rəbb ona cavab verib dedi: «Qalx Qeilaya en, çünki Filiştliləri sənə təslim edəcəyəm». |
5. | Davudla adamları Qeilaya gedib Filiştlilərə qarşı hücuma keçdilər. Davud onların mal-qaralarını apardı və Filiştlilərə güclü zərbə vurub Qeila əhalisini qurtardı. |
6. | Aximelekin oğlu Evyatar Qeilaya – Davudun yanına qaçarkən əlində efod enmişdi. |
7. | Davudun Qeilaya gəlməsi Şaula çatdırıldı. Şaul dedi: «Allah onu mənim ovcumun içinə qoyub, çünki cəftəli darvazaları olan bir şəhərə girməklə o özünü çıxılmaz vəziyyətə salıb». |
8. | Şaul Qeilaya enmək və Davudla adamlarını mühasirəyə almaq üçün bütün xalqı müharibəyə çağırdı. |
9. | Şaulun ona pislik etmək istədiyini Davud bilirdi. O, kahin Evyatara dedi: «Efodu bura gətir». |
10. | Davud sözünə davam etdi: «Ey İsrailin Allahı Rəbb, mən ciddi məlumat almışam ki, bu quluna görə şəhəri məhv etmək üçün Şaul Qeilaya gəlmək istəyir. |
11. | Qeila sakinləri məni ona təslim edəcəklərmi? Ey İsrailin Allahı Rəbb, yalvarıram, bunu quluna agah et. Şaul da Sənin qulun eşitdiyi kimi bura enəcəkmi?» Rəbb «o enəcək» dedi. |
12. | O zaman Davud dedi: «Qeilalılar məni və adamlarımı Şaula təslim edəcəkmi?» Rəbb «təslim edəcəklər» dedi. |
13. | Davud təxminən altı yüz nəfər adam ilə qalxıb Qeiladan çıxdı və bu yerdən başqa yerə getdi. Davudun Qeiladan qaçdığını eşidən Şaul oraya getmək fikrindən döndü. |
14. | Davud çöllükdə qalalarda qalıb Zif səhrasındakı dağlıq bölgəsində yaşadı. Şaul hər gün Davudu axtarırdı, lakin Allah onu Şaula təslim etmədi. |
15. | Zif səhrasındakı Xoreşdə olan Davud gördü ki, Şaul onun canını almaq üçün yola çıxıb. |
16. | Şaulun oğlu Yonatan qalxıb Xoreşə, Davudun yanına gəldi və onu Allah naminə ruhlandırdı. |
17. | Ona dedi: «Qorxma, atam Şaulun əlinə düşməyəcəksən, İsrailin padşahı sən olacaqsan, mən səndən sonra ikinci olacağam. Bunu hətta atam Şaul da bilir». |
18. | Sonra ikisi də Rəbbin önündə əhd bağladı və Davud Xoreşdə qaldı, Yonatan isə evinə qayıtdı. |
19. | Ziflilər Giveaya, Şaulun yanına qalxıb dedilər: «Davud bizim yanımızda, Yeşimonun cənubundakı Xakila təpəsində, Xoreşdəki qalalarda gizlənmişdi. |
20. | Ey padşah, indi oraya ensən, ürəyindəki arzuna çatarsan. Onu padşaha təslim etmək bizim payımıza düşər». |
21. | Şaul dedi: «Mənə xeyirxahlıq etdiyiniz üçün Rəbb sizə bərəkət versin. |
22. | Gedin daha yaxşı araşdırın və öyrənin ki, hara ayaq basıb, kimlər onu görüb. Deyirlər ki, o çox hiyləgərdir. |
23. | Gizləndiyi yerlərin hamısını tapıb öyrənin, doğru xəbərlə mütləq yanıma gəlin və mən də sizinlə oraya gedəcəyəm. Əgər o bölgədə olsa, onu bütün Yəhuda tayfaları arasında axtaracağam». |
24. | Ziflilər qalxıb Şauldan qabaq Zifə qayıtdılar. Davudla adamları Yeşimonun cənubunda – Aravadakı Maon səhrasında idi. |
25. | Şaulla adamları onu axtarmaq üçün həmin yerə getdilər. Bu, Davuda xəbər verildi və o da qayalığa enib Maon səhrasında qaldı. Şaul bunu eşidərkən Maon səhrasında Davudu təqib etdi. |
26. | Şaul dağın bir tərəfi, Davudla adamları isə dağın o biri tərəfi ilə getməkdə idi. Davud cəld tərpənib Şaulun qabağından qaçdı, çünki Şaulla adamları Davudla adamlarını tutmaq üçün oranı mühasirəyə alırdılar. |
27. | Bu vaxt Şaulun yanına bir qasid gəlib dedi: «Tez ol, geri qayıt, çünki Filiştlilər ölkəyə hücum ediblər». |
28. | Şaul Davudu təqib etməkdən əl çəkərək Filiştlilərə qarşı döyüşə getdi. Ona görə də o yerə Sela-Hammaxleqot adı verildi. |
29. | Davud oradan çıxıb En-Gedi qalalarında qaldı. |
← 1Samuel (23/31) → |