← 1Samuel (19/31) → |
1. | Şaul oğlu Yonatana və bütün əyanlarına tapşırdı ki, Davudu öldürsünlər. Lakin Şaulun oğlu Yonatanın Davuddan çox xoşu gəlirdi. |
2. | Yonatan Davuda xəbər verib dedi: «Atam Şaul səni öldürmək istəyir. İndi isə rica edirəm, səhərə qədər özünü qoru. Bir yer tap, gizlən. |
3. | Mən isə çöldə gizləndiyin yerə çıxaraq atamın yanında dayanıb sənin haqqında onunla danışacağam. Əgər bir şey görsəm, gəlib sənə xəbər verərəm». |
4. | Yonatan atası Şaula Davudu tərifləyib dedi: «Padşah qulu Davuda qarşı günah etməsin, çünki o sənə qarşı heç vaxt günah etməyib və onun işləri sənin üçün çox xeyirli olmuşdur. |
5. | O, canını dişinə tutub Qolyatı öldürdü və Rəbb bütün İsrailə böyük qələbə qazandırdı. Bunu sən də görüb sevindin. Davudu boş yerə öldürməklə nə üçün nahaq qan töküb günah edirsən?» |
6. | Şaul Yonatanın sözünü dinləyib «var olan Rəbb haqqı, onu öldürməyəcəyəm» deyə and içdi. |
7. | Yonatan Davudu çağırdı və bütün bu sözləri ona xəbər verdi. Sonra o, Davudu Şaulun yanına gətirdi və Davud əvvəlki kimi Şaulun qulluğunda durdu. |
8. | Yenidən müharibə başladı. Davud qalxıb Filiştlilərə qarşı vuruşdu, onları məğlubiyyətə uğratdı və Filiştlilər Davudun qabağından qaçdılar. |
9. | Şaul əlində nizə evdə oturmuşdu, Rəbbin izni ilə şər ruh onun üzərinə endi. Davud isə əlində lira çalırdı. |
10. | Şaul Davudu nizə ilə divara yapışdırmağa çalışdı, lakin Davud Şaulun qabağından qaçdı, nizə divara yapışdı. Davud o gecə qaçıb canını qurtardı. |
11. | Şaul Davudun evinə adamlar göndərdi ki, onu güdüb səhər ikən öldürsünlər. Davudun arvadı Mikal bunu Davuda xəbər verib dedi: «Əgər bu gecə canını qurtarmasan, səhər ikən öldürüləcəksən». |
12. | Sonra Mikal Davudu pəncərədən aşağı saldı və o qaçaraq qurtuldu. |
13. | Mikal ev bütünü götürüb yatağa uzatdı və başına tüklü keçi dərisi keçirib üstünü paltarla örtdü. |
14. | Şaulun Davudu yaxalamaq üçün göndərdiyi adamlar gələndə Mikal dedi ki, o xəstədir. |
15. | Şaul Davudu görmək istəyirdi. Onun üçün başqa adamlar göndərib dedi: «Onu yatağının içindən çıxarıb yanıma gətirin ki, öldürüm». |
16. | Bu adamlar içəri girib gördülər ki, yataqda başına tüklü keçi dərisi keçirilmiş büt uzanıb. |
17. | Şaul Mikala dedi: «Niyə məni aldatdın? Düşmənimi buraxdın, o da qurtuldu». Mikal Şaula cavab verdi: «Davud mənə dedi ki, məni burax, gedim! Axı niyə səni öldürüm?» |
18. | Davud qaçıb qurtuldu və Ramaya, Şamuelin yanına gəldi. Şaulun ona qarşı nə etdiyini təfsilatı ilə Şamuelə danışdı və onunla birlikdə gedib Nayot məhəlləsində qaldılar. |
19. | «Budur, Davud Ramanın Nayot məhəlləsindədir» deyə Şaula xəbər verdilər. |
20. | Şaul Davudu gətirmək üçün oraya adamlar göndərdi. Adamlar Şamuelin başçılığı altında peyğəmbərlər dəstəsinin peyğəmbərlik etdiyini gördülər. Onda bu adamların da üstünə Allahın Ruhu endi və onlar da peyğəmbərlik etməyə başladılar. |
21. | Bunu Şaula xəbər verdilər, o başqa adamlar göndərdi və onlar da peyğəmbərlik etdilər. Şaul üçüncü dəfə yenə adamlar göndərdi, onlar da peyğəmbərlik etdilər. |
22. | Axırda özü Ramaya getdi və Sekuda olan böyük quyunun yanına gəlib oradakılardan soruşdu: «Şamuellə Davud haradadırlar?» Bir nəfər dedi ki, budur, Ramadakı Nayotda. |
23. | Şaul Ramadakı Nayota gedəndə onun da üstünə Allahın Ruhu endi və Ramadakı Nayota çatana qədər peyğəmbərlik edərək getdi. |
24. | Sonra o, paltarını soyunub Şamuelin qabağında peyğəmbərlik etdi və gəlib bütün o günü və gecəni çılpaq yerə sərildi. Buna görə də «Məgər Şaul da peyğəmbərlərin sırasındadır?» deyirlər. |
← 1Samuel (19/31) → |