← 1Samuel (16/31) → |
1. | Rəbb Şamuelə dedi: «İsrail üzərində padşah olmasın deyə Şaulu rədd etdiyim halda sən nə vaxta qədər onun dərdini çəkəcəksən? Yağ buynuzunu yağla doldur və get. Səni Bet-Lexemli Yesseyin yanına göndərirəm. Çünki onun oğulları arasında Özüm üçün padşah təyin etmişəm». |
2. | Şamuel dedi: «Necə gedim? Axı Şaul eşitsə, məni öldürər». Rəbb dedi: «Özünlə bir düyə götürüb “Rəbbə qurban kəsmək üçün gəlmişəm” de. |
3. | Yesseyi də qurban mərasiminə dəvət et və sonra nə edəcəyini sənə bildirəcəyəm. Sənə deyəcəyim adamı Mənim üçün məsh edəcəksən». |
4. | Şamuel Rəbbin söylədiyi kimi Bet-Lexemə getdi. Şəhərin ağsaqqalları onu həyəcanla qarşıladılar və dedilər: «Bu gəlişin xeyirdirmi?» |
5. | O dedi: «Bəli, xeyirdir. Rəbbə qurban kəsmək üçün gəlmişəm. Özünüzü təqdis edin və mənimlə bərabər qurban mərasiminə gəlin». Şamuel Yesseylə oğullarını da təqdis edərək onları da qurban mərasiminə dəvət etdi. |
6. | Onlar gələrkən Şamuel Eliava baxıb dedi: «Doğrudan da, Rəbbin məsh etdiyi Rəbbin qarşısındadır!» |
7. | Lakin Rəbb Şamuelə belə dedi: «Onun görünüşünə və uca boyuna baxma, Mən onu rədd etmişəm. Ona görə ki Rəbb insanın gördüyü kimi görməz, çünki insan zahirə, Rəbb isə ürəyə baxar». |
8. | O zaman Yessey Avinadavı çağırdı və onu Şamuelin qarşısından keçirdi. Şamuel dedi: «Rəbb bunu da seçmədi». |
9. | Yessey Şammanı gətirdi və Şamuel dedi: «Rəbb bunu da seçmədi». |
10. | Yessey isə oğlanlarının yeddisini Şamuelin qarşısından keçirdi. Şamuel Yesseyə dedi: «Rəbb bunları seçmədi». |
11. | Sonra Yesseydən soruşdu: «Oğlanlarının hamısı budur?» Yessey cavab verdi: «Lap kiçiyi də var, odur, qoyun otarır». Şamuel Yesseyə dedi: «Bir nəfər göndər, qoy o da buraya gəlsin. Çünki o buraya gəlməsə, biz süfrəyə oturmayacağıq». |
12. | Yessey adam göndərib onu içəri gətirtdi. Oğlan alyanaq, gözləri gözəl, üzü göyçək idi. Rəbb Şamuelə dedi: «Dur, onu məsh et, çünki seçilmiş budur». |
13. | Şamuel yağ buynuzunu götürüb qardaşları arasında onu məsh etdi və o gündən başlayaraq Davudun üzərinə Rəbbin Ruhu qüvvə ilə endi. Sonra Şamuel qalxıb Ramaya getdi. |
14. | Rəbbin Ruhu Şauldan ayrılandan sonra Rəbbin izni ilə şər bir ruh ona əzab verirdi. |
15. | Şaulun əyanları ona belə dedilər: «Budur, indi Allahın izni ilə şər bir ruh sənə əziyyət verir. |
16. | Ey ağamız, qarşında olan qullarına əmr et ki, yaxşı çəng çalan bir adam axtarsınlar. Allahın izni ilə şər ruh sənin üstünə gələn zaman o, lira çalar, sən də ruhlanarsan». |
17. | Şaul əyanlarına dedi: «Elə isə mənim üçün yaxşı çəng çalan bir adam tapıb yanıma gətirin». |
18. | Gənc əyanlardan biri cavab verdi: «Mən görmüşəm ki, Bet-Lexemli Yesseyin oğlu yaxşı çəng çalır. O, igid, cəsur döyüşçü, müdrikliklə danışan, yaraşıqlı bir oğlandır və Rəbb onunladır». |
19. | Şaul Yesseyin yanına qasidlər göndərib dedi: «Qoyunotaran oğlun Davudu mənim yanıma göndər». |
20. | Yessey bir eşşəyə çörək, bir tuluq şərab, bir oğlaq yüklədi və oğlu Davudun əli ilə Şaula göndərdi. |
21. | Davud Şaulun yanına gəldi və onun qulluğunda durdu. Davud Şaulun çox xoşuna gəldi və onu öz silahdarı etdi. |
22. | Sonra Şaul Yesseyin yanına adam göndərib dedi: «Rica edirəm, qoy Davud yanımda qalsın, çünki o, gözümdə lütf tapıb». |
23. | Hər dəfə Allahın izni ilə Şaula şər ruh gələn zaman Davud lirasını götürüb çalar, Şaul sakitləşər, yaxşı olar və şər ruh ondan ayrılardı. |
← 1Samuel (16/31) → |