← 1Samuel (11/31) → |
1. | Ammonlu Naxaş gəlib Yaveş-Gileada qarşı ordugah qurdu. Bütün Yaveş əhalisi Naxaşa dedi: «Bizimlə saziş bağla, biz də sənə qulluq edək». |
2. | Ammonlu Naxaş isə onlara dedi: «Bu şərtlə sizinlə razılığa gələrəm ki, hər birinizin sağ gözünü çıxarıb bütün İsraili rüsvay edim». |
3. | Yaveş ağsaqqalları ona dedilər: «Bizə yeddi gün möhlət ver ki, İsrailin bütün ərazisinə qasidlər göndərək və əgər bizi heç kim xilas edə bilməsə, sənə təslim olarıq». |
4. | Qasidlər Şaulun Givea şəhərinə gəldilər və xalq arasında bu sözləri car çəkdilər. Bütün xalq da şivən qoparıb ağladı. |
5. | Bu vaxt Şaul öküzlərin arxasınca tarladan gəlirdi. O dedi: «Xalqa nə olub ki, ağlayır?» Ona Yaveşlilərin sözünü çatdırdılar. |
6. | Həmin sözləri eşidən zaman Allahın Ruhu Şaulun üstünə qüvvə ilə endi, qəzəbindən od tutub yandı. |
7. | O, bir cüt öküzünü götürüb parça-parça doğradı və onları qasidlərin əli ilə bütün İsrail ərazisinə göndərib dedi: «Kim Şaulun və Şamuelin ardınca getməsə, bax öküzləri bu kökə salınacaq». Xalqın arasına Rəbbin xofu düşdü və hamı bir nəfər kimi ayağa qalxdı. |
8. | Şaul onları Bezeqdə saydı: İsrail övladları üç yüz min və Yəhuda adamları isə otuz min nəfər oldu. |
9. | Gələn qasidlərə dedilər: «Yaveş-Gileadlılara belə deyərsiniz: “Sabah gün qızınca sizə qurtuluş olacaq”». Qasidlər gedib bunu Yaveşlilərə bildirdilər və onlar da sevindilər. |
10. | Yaveşlilər Ammonlulara dedilər: «Sabah təslim olacağıq və bizimlə gözünüzdə xoş görünən kimi rəftar edin». |
11. | Ertəsi gün Şaul xalqı üç bölməyə ayırdı və səhər qarovulunda düşmən ordugahının içinə girərək gün qızana qədər Ammonluları qırdı. Qalanlar isə elə dağıldılar ki, onlardan iki nəfər bir yerdə qalmadı. |
12. | Xalq Şamuelə dedi: «“Şaulmu üzərimizdə padşah olacaq?” deyənlər kimlərdir? O adamları verin öldürək». |
13. | Şaul isə dedi: «Bu gün heç kəs öldürülməyəcək, çünki Rəbb bu gün İsrailə qurtuluş verdi». |
14. | Şamuel xalqa dedi: «Gəlin Qilqala gedək və orada padşahlığı yenidən təsdiq edək». |
15. | Bütün xalq Qilqala getdi. Orada – Qilqalda Şaulu Rəbbin önündə padşah olaraq qəbul etdilər və sonra Rəbbin önündə ünsiyyət qurbanları kəsdilər. Bütün İsraillilər Şaulla birgə böyük bayram etdilər. |
← 1Samuel (11/31) → |