← 1Peter (2/5) → |
1. | Beləliklə, hər cür pisliyi, hiyləni, ikiüzlülüyü, paxıllığı və hər cür böhtançılığı üzərinizdən atın. |
2. | Anadan təzə olmuş çağalar kimi pak ruhani südə susayın ki, bununla bəslənib böyüyərək xilasa nail olasınız. |
3. | Çünki siz daddınız ki, Rəbb nə qədər xeyirxahdır. |
4. | İnsanların rədd etdiyi, amma Allahın qiymətli sayıb-seçdiyi diri Daşa, Rəbbə yaxınlaşaraq |
5. | özünüz də diri daşlar kimi hörülün ki, ruhani ev qurulsun. Orada müqəddəs kahin dəstəsi olasınız və İsa Məsih vasitəsilə Allaha məqbul olan ruhani qurbanlar təqdim edəsiniz. |
6. | Çünki Müqəddəs Yazıda yazılıb: «Budur, Sionda bir daş, Seçilmiş, qiymətli bir guşədaşı qoyuram. Ona iman edən kəs əsla utandırılmaz». |
7. | Beləliklə, iman edən sizlər üçün bu daş qiymətlidir, amma iman etməyənlər üçün «bənnaların rədd etdiyi daş guşədaşı olub», |
8. | «büdrəmə daşı və yıxma qayası» da oldu. Onlar kəlama itaət etmədikləri üçün büdrəyir və onların təyinatı budur. |
9. | Amma siz seçilmiş nəsil, Padşahın kahin dəstəsi, müqəddəs millət, Allaha məxsus olan xalqsınız. Sizi qaranlıqdan Öz heyrətamiz nuruna çağıran Allahın çox gözəl işlərini elan etmək üçün seçilmisiniz. |
10. | Bir zamanlar xalq deyildiniz, amma indi Allahın xalqısınız. Bir zamanlar mərhəmət tapmamışdınız, indi isə mərhəmət almısınız. |
11. | Sevimlilər, sizə yalvarıram, cana qarşı mübarizə aparan cismani ehtiraslardan uzaqlaşın. Çünki siz bu dünyada qərib və gəlməsiniz. |
12. | İmanlı olmayanların arasında yaxşı həyat tərzi sürün ki, sizi pislik edən adamlar kimi təqsirləndirib böhtan atsalar da, yaxşı işlərinizi müşahidə edib Allahın onlara yaxınlaşdığı gündə Onu izzətləndirsinlər. |
13. | İnsanın yaratdığı hər quruma Rəbb naminə tabe olun; həm ali hakimiyyət olduğuna görə padşaha, |
14. | həm də pislik edənləri cəzalandırmaq, yaxşılıq edənləri də tərifləmək üçün onun tərəfindən göndərilən valilərə tabe olun. |
15. | Çünki Allahın iradəsi yaxşılıq edərək axmaqların cahilliyini susdurmanızdır. |
16. | Azad insanlar kimi yaşayın. Amma azadlığınızı pislik etmək üçün bəhanə saymayıb Allahın qulları olaraq yaşayın. |
17. | Hamıya hörmət edin. İmanlı bacı-qardaşları sevin, Allahdan qorxun, padşaha hörmət edin. |
18. | Ey xidmətçilər! Yalnız xeyirxah və mülayimlərə deyil, zalım ağalarınıza da tam ehtiramla tabe olun. |
19. | Əgər biri Allah qarşısındakı vicdan naminə, haqsız yerə əzab çəkib kədərə tab gətirirsə, bu, tərifə layiqdir. |
20. | Axı etdiyiniz günahlara görə döyülsəniz və buna dözsəniz, bu sizə nə şərəf gətirər? Amma siz yaxşılıq etdiyiniz üçün əzab çəkib dözsəniz, bu Allah qarşısında tərifə layiqdir. |
21. | Siz məhz bunun üçün çağırıldınız. Çünki Məsih də sizin üçün əzab çəkdi və sizə nümunə oldu ki, siz də Onun izi ilə gedəsiniz. |
22. | O heç bir günah etmədi, Ağzından hiylə sözü çıxmadı. |
23. | Onu söydülər, O isə cavabında söymürdü, Əzab çəkərək heç kimi hədələmirdi, Əksinə, ədalətli Hakimə Özünü təslim etdi. |
24. | O, bədəni çarmıxa çəkilərək bizim günahlarımızı Öz üzərinə götürdü ki, biz günaha münasibətdə ölüb salehlik üçün yaşayaq. Onun yaraları ilə siz şəfa tapdınız. |
25. | Hamınız qoyun kimi yolunuzu azmışdınız, indi isə canınızın Çobanına və Nəzarətçisinə tərəf döndünüz. |
← 1Peter (2/5) → |