← 1Kings (4/22) → |
1. | Padşah Süleyman bütün İsrail üzərində hökmran idi. |
2. | Əyanları da bunlar idi: Kahin – Sadoq oğlu Azarya; |
3. | Mirzələr – Şişanın oğulları Elixoref və Axiya; Salnaməçi – Axilud oğlu Yehoşafat; |
4. | Ordu başçısı – Yehoyada oğlu Benaya; Kahinlər – Sadoq və Evyatar; |
5. | Baş vali – Natan oğlu Azarya; Padşahın həmsöhbəti – kahin Natan oğlu Zavud; |
6. | Saray rəisi – Axişar; Mükəlləfiyyətçilər üzərində nəzarətçi – Avda oğlu Adoniram. |
7. | Bütün İsrail üzərində Süleymanın on iki bölgə valisi var idi. Onlar padşahı və onun evini ərzaqla təmin edirdilər və hər biri ildə bir aylıq ərzaq göndərməli idi. |
8. | Onların adları belədir: Efrayimin dağlıq bölgəsində Ben-Xur; |
9. | Maqas, Şaalvim, Bet-Şemeş və Elon-Bet-Xanan bölgələrində Ben-Deqer; |
10. | Soko və bütün Xefer torpağının da aid olduğu Arubbot bölgəsində Ben-Xesed; |
11. | bütün Nafat-Dor bölgəsində Süleymanın qızı Tafatın əri olan Ben-Avinadav; |
12. | Taanak, Megiddo, İzreelin altındakı Sartanın yanında olan bütün Bet-Şean bölgəsində və Bet-Şeandan Avel-Mexolaya, Yoqmeamın o biri tərəfinə qədər uzanan bölgədə Axilud oğlu Baana; |
13. | Gileadda olan Menaşşe oğlu Yairin kəndlərinin və Başanda olan Arqov ətrafında divarlar və tunc sürgülərlə bağlanmış altmış böyük şəhərin aid olduğu Ramot-Gilead bölgəsində Ben-Gever; |
14. | Maxanayim bölgəsində İddo oğlu Axinadav; |
15. | Naftali torpağında Süleymanın qızı Basmatı arvad alan Aximaas; |
16. | Aşer torpağında və Alot bölgəsində Xuşay oğlu Baana; |
17. | İssakar torpağında Paruah oğlu Yehoşafat; |
18. | Binyamin torpağında Ela oğlu Şimey; |
19. | Gilead torpağında, yəni keçmişdə Emorluların padşahı Sixona və Başan padşahı Oqa məxsus olan ölkədə bu bölgənin yeganə valisi olan Uri oğlu Gever. |
20. | Yəhudalılar və İsraillilər dəniz qırağında olan qum qədər çox idi. Onlar yeyib-içir və xoşbəxt yaşayırdılar. |
21. | Süleyman Fərat çayından Filiştlilərin torpağına və Misir sərhədinə qədər bütün padşahlıqlar üzərində hökmranlıq edirdi. Onlar Süleymanın ömrünün axırına qədər xərac verdilər və ona qulluq etdilər. |
22. | Süleymanın evinin gündəlik ərzağı bunlardan ibarət idi: otuz kor narın un və altmış kor iri üyüdülmüş un, |
23. | on baş bəslənmiş mal-qara, iyirmi otlaq öküzü, yüz qoyun, maral, ceyran, cüyür və bəslənmiş ev quşları. |
24. | Tifsahdan Qəzzəyə qədər Fərat çayının bu tayındakı bütün torpaqlar və çayın bu tayındakı bütün padşahlar üzərində Süleyman hökmranlıq edirdi və bütün ətraf ölkələrlə sülh şəraitində yaşayırdı. |
25. | Onun bütün ömrü boyu Dandan Beer-Şevaya qədər Yəhuda və İsraildə hər kəs öz üzüm meynəsinin və əncir ağacının altında dinclik içində yaşayırdı. |
26. | Süleymanın qırx min axurunda döyüş arabaları üçün atları və on iki min atlısı var idi. |
27. | Valilərin hər biri öz ayında padşah Süleymana və onun süfrəsinə gələnlərin hamısına ərzaq göndərirdi və heç bir şeyə ehtiyac qalmırdı. |
28. | Hər vali ona verilmiş əmrə görə döyüş və çapar atlarının olduqları yerə arpa-saman göndərirdi. |
29. | Allah Süleymana dəniz sahilindəki qum qədər bol hikmət, dərrakə və ürək genişliyi verdi. |
30. | Süleymanın hikməti bütün şərq xalqlarının və Misirlilərin hikmətindən üstün idi. |
31. | O bütün adamlardan, Ezrahlı Etandan, Maxolun oğulları Heman, Kalkol və Dardadan hikmətli idi, şöhrəti bütün ətraf millətlər arasında yayılmışdı. |
32. | O, üç min məsəl söyləmişdi və onun min beş nəğməsi var idi. |
33. | Livanda olan sidr ağacından tutmuş divarda bitən züfa otuna qədər bitkilər barədə bəhs etdi, həmçinin heyvanlar, quşlar, həşəratlar və balıqlar haqqında danışdı. |
34. | Süleymanın hikmətli sözlərinə qulaq asmaq üçün bütün xalqlardan və onun hikməti barədə eşitmiş bütün dünya padşahlarından yanına adamlar gəlirdi. |
← 1Kings (4/22) → |