← 1Kings (3/22) → |
1. | Süleyman Misir padşahı fironun qızını arvad alaraq onunla müttəfiq oldu. Öz sarayı, Rəbbin məbədi və Yerusəlimin ətrafındakı divarlar tikilib qurtarana qədər arvadını Davudun şəhərinə gətirdi. |
2. | Xalq isə hələ səcdəgahlarda qurban gətirirdi, çünki o günlərə qədər Rəbbin adına tikilmiş bir məbəd yox idi. |
3. | Süleyman atası Davudun qanunlarına əməl edərək Rəbbi sevirdi, ancaq səcdəgahlarda qurban gətirir və buxur yandırırdı. |
4. | Padşah qurban gətirmək üçün Giveona getdi, çünki ora səcdəgahların ən böyüyü idi. Süleyman o qurbangahda min baş yandırma qurbanı təqdim etmişdi. |
5. | Giveonda Rəbb Süleymana gecə vaxtı yuxuda göründü. Allah dedi: «Nə istəyirsən, sənə verim?» |
6. | Süleyman dedi: «Sən qulun atam Davuda böyük xeyirxahlıq göstərdin, çünki o Sənin önündə sadiq və saleh işlər görürdü, düz qəlblə Səninlə idi. Bu gün də taxtında oturan bir oğul verməklə ona Öz böyük xeyirxahlığını saxladın. |
7. | İndi, ya Rəbb Allahım, Öz qulunu atam Davudun yerinə padşah etdin. Ancaq mən çox cavanam, nə edib-etməyəcəyimi bilmirəm. |
8. | Qulun Sənin seçdiyin xalqın – saysız-hesabsız böyük bir kütlənin arasındadır. |
9. | İndi mənə elə bir dərrakəli ürək ver ki, yaxşı ilə pisi ayırd edib Sənin xalqına hökm edə bilim. Başqa cür Sənin bu böyük xalqını kim idarə edə bilər?» |
10. | Süleymanın bu istəyi Xudavəndin gözünə xoş gəldi. |
11. | Allah ona dedi: «İndi ki özün üçün uzun ömür, var-dövlət və düşmənlərinin canını istəmədin, bunların yerinə ədaləti ayırd etmək üçün dərrakə istədin, |
12. | Mən istəyini yerinə yetirirəm: sənə elə bir hikmətli və dərrakəli ürək verirəm ki, sənin kimisi nə səndən əvvəl olmuş, nə də səndən sonra olacaq. |
13. | Hətta sənə istəmədiyini – var-dövləti də, şöhrəti də verirəm; belə ki bütün ömrün boyu padşahlar arasında sənin kimisi olmayacaq. |
14. | Əgər sən də atan Davud kimi qanunlarıma və əmrlərimə əməl edib yolumla getsən, sənin ömrünü də uzadacağam». |
15. | Süleyman oyandı. Bu, bir yuxu idi. Sonra Yerusəlimə gəldi. Xudavəndin Əhd sandığının önündə durub yandırma qurbanları və ünsiyyət qurbanları təqdim etdi və bütün əyanları üçün ziyafət verdi. |
16. | Bir gün iki fahişə qadın gəlib padşahın hüzurunda durdu. |
17. | Qadınlardan biri dedi: «Yalvarıram, ay ağam! Mən bu qadınla bir evdə yaşayıram. Bu evdə onun yanında uşaq doğdum. |
18. | Mən doğandan sonra üçüncü gün bu qadın da doğdu. Biz bir yerdə olurduq, evdə bizdən başqa heç kəs yox idi, yalnız ikimiz idik. |
19. | Gecə bu qadın yatanda oğlu onun altında qalıb öldü. |
20. | Kənizin yuxuda ikən gecə yarısı bu qadın qalxaraq oğlumu yanımdan götürüb öz qoynuna almış, ölü oğlunu isə mənim qoynuma qoymuşdur. |
21. | Səhər oğlumu əmizdirmək üçün duranda gördüm ki, o ölüb. Amma sonra diqqətlə baxanda bildim ki, bu mənim doğduğum uşaq deyil». |
22. | O biri qadın isə dedi: «Yox, sağ olan uşaq mənim oğlumdur, ölən isə səninkidir». Amma birinci qadın dedi: «Yox, ölən uşaq sənin oğlundur, sağ olan mənimkidir». Padşahın önündə onlar beləcə mübahisə edirdilər. |
23. | Padşah dedi: «Biri deyir, sağ olan uşaq mənim oğlumdur, ölən səninkidir; o biri isə deyir, yox, ölən uşaq sənin oğlundur, sağ olan mənimkidir». |
24. | Padşah yenə dedi: «Mənə qılınc gətirin!» Padşaha qılınc gətirdilər. |
25. | Padşah dedi: «Sağ olan uşağı iki yerə bölün: yarısını birinə, yarısını isə o birinə verin!» |
26. | Oğlu sağ olan qadın balası üçün ürəyi yandığına görə padşaha belə söylədi: «Aman, ağam, sağ olan uşağı ona verin, amma öldürməyin». O biri isə dedi: «Bölün, qoy nə onun olsun, nə mənim». |
27. | Onda padşah cavab verib dedi: «Sağ olan uşağı birinci qadına verin, onu öldürməyin, uşağın anası odur». |
28. | Bütün İsraillilər padşahın verdiyi hökmü eşidib ona hörmət etdilər, çünki gördülər ki, hökm etmək üçün onda Allahın hikməti var. |
← 1Kings (3/22) → |