1Kings (1/22) → |
1. | Padşah Davud qocalıb yaşa dolmuşdu. Onun üstünü örtüklərlə nə qədər örtürdülərsə, o isinmirdi. |
2. | Əyanları ona dedilər: «Ağamız padşah üçün gənc bir qız axtaraq. Qoy o, padşahın önündə durub qayğısına qalsın və qoynunda yatsın ki, ağamız padşah isinsin». |
3. | Onlar İsrailin bütün ərazisində gözəl bir qız axtardılar və Şunemli Avişaqı tapıb padşahın yanına gətirdilər. |
4. | Qız çox gözəl idi. O, padşaha baxıb xidmət etdi, amma padşah onunla yaxınlıq etmədi. |
5. | Davudun Haqqitdən olan oğlu Adoniya «mən padşah olacağam» deyə lovğalanırdı. O özü üçün döyüş arabaları, atlılar və önündə gedəcək əlli nəfər hazırlamışdı. |
6. | Atası Davud heç vaxt ona «Niyə belə etdin?» deməmişdi. Adoniya görkəmcə çox yaraşıqlı idi. O, Avşalomdan sonra dünyaya gəlmişdi. |
7. | Adoniya Seruya oğlu Yoav və kahin Evyatarla əlbir oldu və onlar Adoniyaya kömək etdilər. |
8. | Amma kahin Sadoq, Yehoyada oğlu Benaya, peyğəmbər Natan, Şimey, Rei və Davudun igidləri Adoniyanın tərəfində deyildilər. |
9. | Adoniya En-Rogel yaxınlığındakı Zoxelet qayasında qoyun-keçi, mal-qara və bəslənmiş heyvanlar qurban kəsdi. Bütün qardaşlarını – padşahın oğullarını və padşaha qulluq edən bütün Yəhudalıları çağırdı, |
10. | amma peyğəmbər Natanı, Benayanı, igidləri və qardaşı Süleymanı çağırmadı. |
11. | Onda Natan Süleymanın anası Bat-Şevaya dedi: «Məgər eşitməmisən ki, Haqqit oğlu Adoniya ağamız Davudun xəbəri olmadan padşahlıq edir? |
12. | İndi qulaq as, özünün və oğlun Süleymanın canını necə qurtaracağın barədə sənə məsləhət verim: |
13. | get, padşah Davudun yanına gir və ona söylə: “Ağam padşah! ‹Məndən sonra hökmən oğlun Süleyman padşah olacaq və taxtımda o oturacaq› deyib kənizinə and içmədinmi? Bəs onda nə üçün Adoniya padşahlıq edir?” |
14. | Sən orada padşahla danışarkən mən səndən sonra girəcəyəm və sözlərini təsdiq edəcəyəm». |
15. | Bat-Şeva otağa – padşahın yanına girdi. Padşah çox qoca idi və Şunemli Avişaq ona qulluq edirdi. |
16. | Bat-Şeva padşahın önündə diz çöküb təzim etdi. Padşah «Nə istəyirsən?» dedi. |
17. | Bat-Şeva ona dedi: «Mənim ağam! “Məndən sonra hökmən oğlun Süleyman padşah olacaq və taxtımda o oturacaq” deyib kənizinə Allahın Rəbbin haqqı üçün and içdin. |
18. | Ağam padşah, indi isə Adoniya padşahlıq edir və sənin bundan xəbərin yoxdur. |
19. | O, çoxlu mal-qara, bəslənmiş heyvan və qoyun-keçi qurban kəsdi. Padşahın bütün oğullarını, kahin Evyatarı və ordu başçısı Yoavı çağırdı, amma qulun Süleymanı çağırmadı. |
20. | Ağam padşah, bütün İsrailin gözü səndədir; sən onlara bildirməlisən ki, ağam padşahdan sonra taxtında kim oturacaq. |
21. | Yoxsa ağam padşah ataları ilə uyuyanda mən və oğlum Süleyman müqəssir sayılacağıq». |
22. | Bat-Şeva hələ padşahla danışarkən peyğəmbər Natan gəldi. |
23. | Padşaha «peyğəmbər Natan gəldi» dedilər. O, padşahın hüzuruna gəldi və üzüstə əyilib təzim etdi. |
24. | Natan dedi: «Ağam padşah! “Məndən sonra Adoniya padşah olacaq və taxtımda o oturacaq” deyib söyləmisənmi? |
25. | Adoniya bu gün gedib çoxlu mal-qara, bəslənmiş heyvan və qoyun-keçi qurban kəsdi və padşahın bütün oğullarını, ordu başçılarını və kahin Evyatarı çağırdı. Budur, “Yaşasın padşah Adoniya!” deyərək onun önündə yeyib-içirlər. |
26. | Ancaq o mən qulunu, kahin Sadoqu, Yehoyada oğlu Benayanı və qulun Süleymanı çağırmadı. |
27. | Məgər bu iş ağam padşahın əmri ilə olub? Bəs sən nə üçün qullarına bildirmədin ki, ağam padşahdan sonra taxtında kim oturacaq?» |
28. | Padşah Davud cavab verib «Bat-Şevanı yanıma çağırın!» dedi. Bat-Şeva padşahın hüzuruna gəlib önündə durdu. |
29. | Padşah and içib dedi: «Canımı bütün bəlalardan qurtarmış var olan Rəbbə and olsun ki, |
30. | “məndən sonra hökmən oğlun Süleyman padşah olacaq və mənim əvəzimə taxtımda o oturacaq” deyib sənin üçün İsrailin Allahı Rəbbə içdiyim andı bu gün yerinə yetirəcəyəm». |
31. | Bat-Şeva padşahın önündə üzüstə yerə əyilib təzim etdi və «Ağam padşah Davud əbədi yaşasın!» dedi. |
32. | Padşah Davud dedi: «Kahin Sadoqu, peyğəmbər Natanı və Yehoyada oğlu Benayanı mənim yanıma çağırın». Onların hamısı padşahın hüzuruna gəldi. |
33. | Padşah onlara dedi: «Ağanızın əyanlarını yanınıza alın və oğlum Süleymanı mənim qatırıma mindirib Gixon bulağına endirin. |
34. | Orada kahin Sadoq və peyğəmbər Natan onu İsrail padşahı olmaq üçün məsh etsinlər. Şeypur çalıb “Yaşasın padşah Süleyman!” söyləyin. |
35. | Sonra onun dalınca qalxın, o da gəlib taxtımda otursun, çünki mənim yerimə padşah olacaq. Onu İsrail və Yəhudaya hökmdar təyin etdim». |
36. | Yehoyada oğlu Benaya cavab verib dedi: «Amin! Ağam padşahın Allahı Rəbb belə istəyir. |
37. | Rəbb ağam padşaha yar olduğu kimi Süleymana da yar olsun və onun taxtını ağam padşah Davudun taxtından daha uca etsin». |
38. | Kahin Sadoq, peyğəmbər Natan, Yehoyada oğlu Benaya, Keretlilər və Peletlilər Süleymanı padşah Davudun qatırına mindirib aşağı endilər və onu Gixona qədər apardılar. |
39. | Kahin Sadoq ibadət çadırından yağ buynuzunu götürüb Süleymanı məsh etdi. Şeypur çalındı və bütün camaat «Yaşasın padşah Süleyman!» söylədi. |
40. | Camaat onun dalınca qalxıb getdi. Onlar ney çalaraq elə sevinirdilər ki, səslərindən yer titrəyirdi. |
41. | Adoniya və onunla olan bütün qonaqlar yeməklərini qurtaranda bu səsi eşitdilər. Yoav şeypur səsini eşidəndə dedi: «Şəhərdən niyə gurultu gəlir?» |
42. | O, sözünü qurtarmamış birdən kahin Evyatarın oğlu Yonatan gəldi. Adoniya ona dedi: «Gəl, sən igid adamsan, yaxşı xəbər gətirərsən». |
43. | Yonatan Adoniyaya cavab verib dedi: «Yox, elə deyil, ağamız padşah Davud Süleymanı padşah etmişdir. |
44. | Padşah kahin Sadoqu, peyğəmbər Natanı, Yehoyada oğlu Benayanı, Keretliləri və Peletliləri Süleymanla birgə göndərdi və onu padşahın qatırına mindirdilər. |
45. | Kahin Sadoq və peyğəmbər Natan Gixonda onu padşah olmaq üçün məsh etdilər. Oradan sevinclə qalxıb getdilər və şəhər canlandı. Eşitdiyiniz səs budur. |
46. | Üstəlik Süleyman padşahlıq taxtında oturdu. |
47. | Ağamız padşah Davudu təbrik etməyə gələn əyanları da “Sənin Allahın Süleymanın adını sənin adından daha böyük, taxtını sənin taxtından daha uca etsin!” deyəndə padşah yatağının üstündən əyildi. |
48. | Sonra belə dedi: “İsrailin Allahı Rəbbə alqış olsun ki, bu gün hələ gözlərim görərkən taxtımda oturan bir nəfər verdi!”» |
49. | Bunu eşidəndə Adoniyanın bütün qonaqları təşvişə düşüb qalxdılar və hər kəs öz yolu ilə getdi. |
50. | Adoniya isə Süleymandan qorxaraq qalxıb getdi və qurbangahın buynuzlarından yapışdı. |
51. | Bunu Süleymana bildirib dedilər: «Adoniya padşah Süleymandan qorxur və qurbangahın buynuzlarından yapışaraq “qoy padşah Süleyman bu gün mənə and içsin ki, bu qulunu qılıncla öldürməyəcək” deyir». |
52. | Süleyman dedi: «Əgər o, ləyaqətli adam olsa, başından bir tük belə, əskik olmaz, amma onda bir pislik tapılsa, öləcək». |
53. | Padşah Süleyman Adoniyanı qurbangahdan düşürüb gətirtdi. O da gəlib padşah Süleymana təzim etdi və Süleyman ona «Evinə get!» dedi. |
1Kings (1/22) → |