← 1John (5/5) |
1. | İsanın Məsih olduğuna inanan hər kəs Allahdan doğulub. Doğanı sevən ondan doğulanı da sevir. |
2. | Biz Allahın övladlarını sevdiyimizi bundan anlayırıq ki, Allahı sevib Onun əmrlərinə əməl edirik. |
3. | Çünki Allah məhəbbəti Onun əmrlərinə riayət etməyimizi tələb edir. Onun əmrləri isə ağır deyil. |
4. | Çünki Allahdan doğulan hər kəs dünyaya qalib gəlir. Bizə dünya üzərində zəfər qazandıran öz imanımızdır. |
5. | Dünyaya qalib gələn kimdir? Əlbəttə ki, İsanın Allahın Oğlu olmasına inanan! |
6. | Su və qanla gələn Şəxs həmin İsa Məsihdir. O yalnız su ilə deyil, su və qanla gəldi. Buna şəhadət edən Ruhdur, çünki Ruh həqiqətdir. |
7. | Bəli, üç şahid var: |
8. | Ruh, su və qan. Bunların üçü də bir-birinə uyğun gəlir. |
9. | Biz insanların şəhadətini qəbul edirik, amma Allahın şəhadəti bundan üstündür. Çünki bu, Allahın şəhadətidir; O Öz Oğlu barədə şəhadət edib. |
10. | Allahın Oğluna iman edən kəs öz daxilində bu şəhadətə malikdir. Amma Allaha inanmayan Onu yalançı yerinə qoyub. Çünki Allahın Öz Oğlu barədə verdiyi şəhadətə inanmayıb. |
11. | Bu şəhadət ondan ibarətdir ki, Allah bizə əbədi həyat verib və bu həyat Onun Oğlundadır. |
12. | Oğula malik olan şəxsin həyatı var, Allahın Oğluna malik olmayan şəxsin isə həyatı yoxdur. |
13. | Bunları sizə – Allahın Oğlunun adına iman edənlərə yazdım ki, əbədi həyata malik olduğunuzu biləsiniz. |
14. | Biz Onun hüzurunda ona görə cəsarətlə danışa bilirik ki, Onun iradəsinə uyğun nəsə dilədikdə O bizi eşidir. |
15. | Bilirik ki, nə diləyiriksə, O bizi eşidir; beləcə də bilirik ki, Ondan dilədiklərimizi alırıq. |
16. | Əgər bir kəs qardaşının ölümə aparmayan günah etdiyini görsə, qoy Allahdan onun sağ qalmasını diləsin və beləcə ona – ölümə aparmayan günah edən kəsə həyat versin. Ölümə aparan günah da var. Demirəm ki, bu barədə Allahdan istəsin. |
17. | Hər cür haqsızlıq günahdır, amma ölümə aparmayan günah da var. |
18. | Bilirik ki, Allahdan doğulan hər kəs günahını davam etdirməz. Əksinə, Allahdan doğulan Oğul onu qoruyur və şər olan ona toxuna bilmir. |
19. | Bilirik ki, biz Allahdanıq, amma bütün dünya şər olanın hakimiyyəti altındadır. |
20. | Bunu da bilirik ki, Allahın Oğlu gəlib bizə Haqq Olanı tanımaq üçün dərrakə verdi. Biz də Haqq Olanda, Onun Oğlu İsa Məsihdəyik. Həqiqi Allah və əbədi həyat Odur. |
21. | Ey övladlar, özünüzü bütlərdən qoruyun! |
← 1John (5/5) |