← 1Corinthians (2/16) → |
1. | Ey qardaşlar, mən Allah barəsində sirli həqiqəti elan etmək üçün sizə gələndə yüksək natiqlik və müdrikliklə gəlmədim. |
2. | Çünki mən aranızda olanda İsa Məsihdən, yəni çarmıxa çəkilmiş Şəxsdən başqa heç bir şey bilməməyi qərara aldım. |
3. | Yanınıza zəiflik, qorxu və böyük lərzə içində gəldim. |
4. | Mənim sözüm də, vəzim də müdrikliyin inandırıcı sözlərindən deyil, Ruhun qüdrətini göstərməsindən asılı idi. |
5. | Belə ki imanınız insan müdrikliyinə yox, Allahın qüdrətinə əsaslansın. |
6. | Yetkin insanlar arasında isə biz müdrikliyi öyrədirik. Amma bu müdriklik nə indiki dövrün, nə də bu dövrün fani hökmdarlarının müdrikliyi deyil. |
7. | Biz Allahdan gələn sirli müdrikliyi öyrədirik. Allah bu müdrikliyi bizim izzətimiz üçün zaman başlamazdan əvvəl müəyyən etdi və gizli saxladı. |
8. | Bu dövrün hökmdarlarından heç biri onu anlamadı. Çünki anlasaydılar, izzətli Rəbbi çarmıxa çəkməzdilər. |
9. | Amma necə ki yazılmışdı: «Allahın Onu sevənlər üçün hazırladıqlarını Nə göz görüb, nə qulaq eşidib, Nə də insan ürəyi dərk edib». |
10. | Bizə isə Allah bunları Öz Ruhu ilə açdı. Çünki Ruh hər bir şeyi, Allahın dərin düşüncələrini belə, araşdırır. |
11. | Axı insanın düşüncələrini insanın daxilində olan ruhdan savayı kim bilər? Eləcə də Allahın düşüncələrini Onun Ruhundan savayı heç kim bilməz. |
12. | Allahın bizə verdiyi ənamları dərk edə bilməyimiz üçün biz bu dünyanın ruhunu yox, Allahdan olan Ruhu qəbul etdik. |
13. | Bunları insani müdrikliyin öyrətdiyi deyil, Ruhun öyrətdiyi sözlərlə bildiririk. Ruhani anlayışları ruhani sözlərlə ifadə edirik. |
14. | Təbiətcə yaşayan adam Allahın Ruhuna aid olan şeyləri qəbul etmir, çünki bunları ağılsızlıq sayır. Bunları başa düşə bilmir, çünki bunlar ruhani nöqteyi-nəzərdən araşdırılır. |
15. | Ruhani adam isə hər şeyi araşdıra bilər. Fəqət onun daxilini heç kim araşdıra bilməz. |
16. | Axı «Rəbbin ağlını kim dərk etdi? Ona kim məsləhətçi oldu?» Amma biz Məsihin ağlına malikik. |
← 1Corinthians (2/16) → |