← 1Corinthians (16/16) |
1. | İndi isə müqəddəslər üçün ianələr yığmağa gəlincə, Qalatiya cəmiyyətlərinə necə buyurmuşamsa, siz də elə edin. |
2. | Hər həftənin birinci günü hamınız qazancınıza görə müəyyən miqdarda pul ayırıb saxlayın ki, mən yanınıza gələndə ianə yığmağa ehtiyac qalmasın. |
3. | Oraya çatanda ianələrinizi Yerusəlimə çatdırmaq üçün seçdiyiniz adamları məktublarla göndərəcəyəm. |
4. | Əgər mənə də getmək məsləhət olsa, onlar mənimlə gedər. |
5. | Mən Makedoniyadan keçəndən sonra yanınıza gələcəyəm, çünki Makedoniyadan keçmək niyyətindəyəm. |
6. | Bəlkə də yanınızda bir az qalacağam, hətta qışı da keçirəcəyəm ki, siz məni gedəcəyim yerlərə yola salasınız. |
7. | Çünki mən sizinlə ötəri görüşmək istəmirəm. Rəbbin izni ilə yanınızda bir müddət qalmağa ümid edirəm. |
8. | Efesdə isə Əllinci Gün bayramınadək qalacağam. |
9. | Çünki mənə fəal iş üçün geniş qapı açılıb. Mənə qarşı çıxanlar da çoxdur. |
10. | Timotey nə vaxt yanınıza gəlsə, aranızda olanda onun heç bir şeydən qorxmamasına diqqət yetirin, çünki o da mənim kimi Rəbbin işini görür. |
11. | Bu səbəbə görə də qoy heç kim ona xor baxmasın. Fəqət onu əmin-arxayın yola salın ki, o yanıma gələ bilsin. Çünki mən qardaşlarla birgə onu gözləyirəm. |
12. | Apollo qardaşa gəlincə, mən ondan çox xahiş etdim ki, qardaşlarla birgə yanınıza getsin, amma o indi heç bir vasitə ilə getmək istəmir. Ona münasib olan vaxt gedəcək. |
13. | Ayıq olun, imanda sabit durun, mərd və möhkəm olun. |
14. | Qoy etdiyiniz hər bir əməl məhəbbətlə olsun. |
15. | Qardaşlar, sizdən bir xahişim var. Siz Stefananın ailəsini tanıyırsınız və bilirsiniz ki, onlar Axayyanın ilk imanlılarıdır. Onlar özlərini müqəddəslərin xidmətinə həsr etmişlər. |
16. | Siz də belə adamlara və onlarla birlikdə çalışan və zəhmət çəkən hər kəsə tabe olun. |
17. | Stefana, Fortunat və Axaikin gəlməsinə sevinirəm, çünki onlar gələndə sizin üçün darıxmağımı unutdum. |
18. | Onlar sizin kimi mənim də ruhumu təzələdilər. Belələrinin qədrini bilin. |
19. | Sizi Asiya vilayətinin cəmiyyətləri salamlayır. Akila və Priskila öz evlərində toplaşan cəmiyyətlə birlikdə Rəbbin ismi ilə sizə çoxlu salam göndərirlər. |
20. | Bütün bacı-qardaşlar sizə salam göndərir. Bir-birinizi müqəddəs öpüşlə salamlayın. |
21. | Mən Paul bu salamı öz əlimlə yazıram. |
22. | Rəbbi sevməyənə lənət olsun. Marana ta! |
23. | Rəbbimiz İsanın lütfü sizə yar olsun! |
24. | Mənim məhəbbətim Məsih İsada olan hamınızla olsun! |
← 1Corinthians (16/16) |