← 1Corinthians (12/16) → |
1. | Qardaşlar, indi isə ruhani ənamlara gəlincə, bixəbər olmağınızı istəmirəm. |
2. | Bilirsiniz ki, siz bütpərəst olarkən necə tovlana-tovlana dilsiz-ağızsız bütlərə tərəf yönəldiniz. |
3. | Buna görə sizi xəbərdar edirəm ki, Allahın Ruhu vasitəsilə danışan heç kim «İsaya lənət olsun» deməz və heç kim Müqəddəs Ruh vasitəsi olmadan «İsa Rəbdir!» deyə bilməz. |
4. | Müxtəlif ənamlar var, amma Ruh eynidir. |
5. | Müxtəlif növlü xidmətlər var, amma Rəbb eynidir. |
6. | Müxtəlif fəaliyyətlər də var, amma hamısını hər adamda göstərən Allah eynidir. |
7. | Lakin Ruh hər kəsə xeyri üçün aşkar olunur. |
8. | Birinə Ruh vasitəsilə hikmət sözü, başqasına isə eyni Ruhla bilik sözü verilir. |
9. | Digərinə isə eyni Ruh imanı, o birisinə həmin Ruh şəfa ənamlarını verir. |
10. | Birinə möcüzə yaratmaq, başqasına peyğəmbərlik, digərinə ruhları ayırd etmək qabiliyyəti, bir başqasına müxtəlif dillərdə danışmaq, o birisinə bu dilləri izah etmək ənamı verilir. |
11. | Bunların hamısı tək və eyni Ruhun fəaliyyətidir. Ruh bu ənamları hər kəsə Öz istədiyi tərzdə paylayır. |
12. | Bədən birdir və üzvləri çoxdur. Bədən üzvləri çox olduğu halda bir bədən təşkil edir. Məsih də belədir; |
13. | çünki istər Yəhudi, istər Yunan, istər qul yaxud azad, hamımız bir bədən olmaq üçün bir Ruhla vəftiz olunmuşuq və hamımız eyni Ruhdan içirilmişik. |
14. | Bədən tək üzvdən deyil, çox üzvdən ibarətdir. |
15. | Ayaq «mən əl olmadığıma görə bədənə aid deyiləm» desə, bu səbəbdən bədəndən kənar deyil. |
16. | Qulaq «mən göz olmadığıma görə bədənə aid deyiləm» desə, bu səbəbdən bədəndən kənar deyil. |
17. | Bütün bədən gözdən ibarət olsaydı, necə eşidərdik? Bütün bədən qulaq olsaydı, necə iy bilərdik? |
18. | Amma Allah istədiyi tərzdə bədən üzvlərinin hər birini bədəndə yerləşdirdi. |
19. | Əgər hamısı bir üzv olsaydı, bədən nə vəziyyətdə qalardı? |
20. | Doğrudan da, üzv çox, bədən isə birdir. |
21. | Göz ələ «sən mənə lazım deyilsən» və yaxud baş da ayaqlara «siz mənə lazım deyilsiniz» deyə bilməz. |
22. | Əksinə, bədənin daha zəif görünən üzvləri daha çox lazımlıdır, |
23. | dəyəri az saydığımız bədən üzvlərini daha çox dəyərləndiririk, görünməyən üzvlərimizə də xüsusi qayğı göstəririk. |
24. | Görünən üzvlərimizin isə buna ehtiyacı yoxdur. Lakin Allah aşağı tutulan üzvü daha çox dəyərləndirərək bədəni elə düzəltdi ki, |
25. | bədəndə ayrı-seçkilik olmasın, əksinə, bütün üzvlər bir-birinə eyni qayğı göstərsin. |
26. | Buna görə əgər bir üzv əzab çəkirsə, başqaları da onunla birgə əzab çəkir. Üzvlərdən biri şərəfə çatırsa, başqaları da onunla birgə sevinir. |
27. | Siz də Məsihin bədənisiniz, ayrı-ayrılıqda isə bu bədənin üzvlərisiniz. |
28. | Allah imanlılar cəmiyyətində birinci yerdə həvarilər, ikinci yerdə peyğəmbərlər, üçüncü yerdə də müəllimlər təyin etdi. Sonra bəzilərinə möcüzə yaratmağı, habelə şəfa ənamlarını, yardımçılığı, idarəçiliyi, müxtəlif dillərdə danışmağı verdi. |
29. | Hamı həvaridirmi? Hamı peyğəmbərdirmi? Hamı müəllimdirmi? Hamı möcüzə yarada bilirmi? |
30. | Hamının şəfa ənamları varmı? Hamı naməlum dillərdə danışırmı? Hamı belə dilləri izah edə bilirmi? |
31. | Amma daha böyük ənamları səylə istəyin. İndi isə sizə bundan da əla yol göstərəcəyəm. |
← 1Corinthians (12/16) → |