← 1Corinthians (11/16) → |
1. | Mən Məsihdən nümunə götürdüyüm kimi siz də məndən nümunə götürün. |
2. | Hər işdə məni xatırladığınız və sizə tapşırdığım təlimlərə sadiq qaldığınız üçün sizi tərifləyirəm. |
3. | Bunu da bilmənizi istəyirəm ki, hər kişinin başı Məsih, arvadın başı ər, Məsihin başı isə Allahdır. |
4. | Başına nə isə qoyub dua yaxud peyğəmbərlik edən hər kişi öz başını şərəfsiz edir. |
5. | Başıaçıq dua yaxud peyğəmbərlik edən hər qadın da öz başını şərəfsiz edir. Belə qadınla saçları qırxılmış qadın arasında fərq yoxdur. |
6. | Əgər qadın başını örtmürsə, qoy saçlarını qısa kəssin. Amma əgər qadın üçün saçını qısa kəsməsi yaxud qırxması ayıbdırsa, qoy başını örtsün. |
7. | Beləliklə, kişiyə Allahın surəti və izzəti olduğuna görə başını örtmək olmaz. Qadınsa kişinin izzətidir. |
8. | Çünki kişi qadından yox, qadın kişidən yarandı. |
9. | Kişi qadın üçün yox, qadın kişi üçün yaradıldı. |
10. | Bu səbəbdən mələklərə görə qadının başı üzərində ixtiyar olmalıdır. |
11. | Hər halda Rəbdə nə qadın kişidən, nə də kişi qadından müstəqildir. |
12. | Çünki qadın kişidən yarandığı kimi kişi də qadın vasitəsilə yaranır və hər şey Allahdan yaranır. |
13. | Özünüz qərara gəlin, Allaha başıaçıq dua etmək qadına yaraşarmı? |
14. | Məgər təbiətin özü sizə kişinin saçı uzun olmasının özü üçün hörmətsizlik, |
15. | qadının saçlarının uzun olması isə onun üçün şərəf olduğunu öyrətmir? Çünki qadına saç örtük kimi verilib. |
16. | Bu barədə kim mübahisə etmək istəyirsə, bilsin ki, nə bizim, nə də Allahın cəmiyyətlərinin belə bir adəti var. |
17. | Sizin toplantılarınız xeyirdən çox zərər gətirdiyinə görə aşağıda yazılan əmrlərdən çıxış edərək sizi tərifləmirəm. |
18. | Çünki əvvəl eşitmişəm ki, cəmiyyətdə yığılanda aranızda dəstəbazlıq olur. Buna mən bir az da olsa, inanıram. |
19. | Çünki Allahın sınaqdan keçmiş adamları bəlli olsun deyə aranızda firqələrə bölünmə olmalıdır! |
20. | Xüsusən bir yerə toplaşanda yediyiniz Rəbbin süfrəsi deyil. |
21. | Çünki biriniz o birisini gözləmədən süfrənizi açırsınız və biri ac qalır, o birisi isə sərxoş olur. |
22. | Yeyib-içmək üçün evləriniz yoxdurmu? Bəlkə siz Allahın cəmiyyətinə xor baxırsınız və yoxsulları utandırmaq istəyirsiniz? Sizə nə deyim? Sizi tərifləyimmi? Əsla! Bu işdə sizi tərifləməyəcəyəm. |
23. | Çünki sizə çatdırdığım bu xəbəri Rəbbin Özündən qəbul etmişəm: Rəbb İsa Ona xəyanət edildiyi gecə əlinə çörək götürdü, |
24. | şükür edib onu böldü və dedi: «Bu Mənim sizin üçün verilən bədənimdir. Bunu Məni xatırlamaq üçün edin». |
25. | Eləcə də axşam yeməyindən sonra kasanı götürüb dedi: «Bu kasa Mənim qanımla bağladığım Yeni Əhddir. Bunu hər dəfə içəndə Məni xatırlamaq üçün edin». |
26. | Çünki hər dəfə bu çörəyi yeyəndə və bu kasadan içəndə siz Rəbbin gəlişinədək Onun ölümünü bəyan edirsiniz. |
27. | Buna görə də kim layiq olmayan tərzdə Rəbbin bu çörəyini yeyib yaxud Onun kasasından içsə, Rəbbin bədəninə və qanına qarşı təqsirkardır. |
28. | Bunun əvəzinə qoy insan özünü yoxlasın və sonra bu çörəkdən yeyib bu kasadan içsin. |
29. | Çünki kim Rəbbin bədənini dərk etməmiş yeyib-içsə, yeyib-içərək öz üzərinə mühakimə gətirir. |
30. | Bu səbəbdən də bir çoxunuz zəif və xəstədir, bəziləri isə vəfat etmişdir. |
31. | Əgər biz özümüzü düzgün dərk etsəydik, mühakiməyə düşməzdik. |
32. | Rəbb bizi mühakimə edəndə dünya ilə birlikdə məhkum olunmayaq deyə bizi tərbiyə edir. |
33. | Beləliklə, qardaşlarım, yeməyə toplaşanda bir-birinizi gözləyin. |
34. | Ac olan varsa, qoy evində yesin ki, toplantınız mühakiməyə çevrilməsin. Qalan məsələləri isə özüm gələndə nizama salacağam. |
← 1Corinthians (11/16) → |