Zephaniah (3/3)    

1. Üsyankar, pozğun, qəddar şəhərin vay halına!
2. Söz dinləmədi, ibrət dərsi almadı, Rəbbə güvənmədi, Allahına yaxınlaşmadı.
3. Başçıları nərildəyən aslanlara bənzəyir, Hakimləri axşam gəzən ac qurdlar kimi Səhərə qədər bir şey qoymaz.
4. Peyğəmbərləri məsuliyyətsiz, xain adamlardır, Kahinləri müqəddəs olanı murdarlayıb, Qanunun mənasını pozur.
5. Amma şəhərin içində olan Rəbb salehdir, O haqsızlıq etməz. Hər yeni günün səhərində Durmadan ədalətini zühur etdirər, Amma haqsız adam utanmaq bilməz.
6. Rəbb belə deyir: «Millətləri məhv etdim, Künc qüllələri dağıldı. Küçələrini viran qoydum, O küçələrdən artıq gəlib-keçən yoxdur! Şəhərləri xarabalığa döndü, Orada heç bir sakin də qalmadı.
7. Mən dedim: “Xalqım Məndən qorxar, İbrət dərsi alar”. Onda məskənləri dağıdılmaz, Verdiyim cəzaların hamısı üzərlərinə gəlməz, Lakin onlar hər cür pozğun iş görməkdən zövq aldı».
8. Buna görə Rəbb bəyan edir: «Şahid kimi qalxdığım Günə qədər Məni gözləyin. Çünki Mən millətləri yığmağı Padşahlıqları toplamağı qərara almışam. Qoy üzərlərinə qeyzimi, qızğın qəzəbimi töküm. Çünki qısqanc qəzəbimin odu ilə bütün yer üzü tələf olacaq.
9. O zaman Mən xalqların nitqini dəyişib, Onlara pak dil verəcəyəm ki, Hamı Rəbbin adını çağırsın, Mənə çiyin-çiyinə xidmət etsinlər.
10. Qürbətə dağılmış, Mənə səcdə edənlər Kuş çaylarının o tayından Mənə təqdimlər gətirəcək.
11. O gün sən, ey xalqım, Mənə qarşı üsyankarlıq etdiyinə görə Daha xəcalətli olmayacaqsan. Çünki qürurlu, təkəbbürlü adamları Sənin arandan uzaqlaşdıracağam, Müqəddəs dağımda bir daha təkəbbürlü olmayacaqsan.
12. Sizin aranızda itaətkar və məzlum bir xalqı sağ qoyacağam, Onlar Rəbbin adına pənah gətirəcək.
13. İsraildən sağ qalanlar haqsızlıq etməyəcək! Kimsəni aldadaraq yalan söyləməyəcəklər, Çünki onlar qarnı tox yatacaq, Onları qorxudan olmayacaq».
14. Ey Sion qızı, tərənnüm elə, Ey İsrail, uca səslə çığır! Ey Yerusəlim qızı, bütün qəlbinlə sevin və fərəhlən!
15. Rəbb sənin cəzanı ləğv etdi, düşmənlərini qovdu! İsrailin padşahı Rəbb səninlədir, Artıq pislikdən qorxmayacaqsan!
16. O gün Yerusəlimə deyiləcək: «Qorxma, ey Sion, qoy əllərin taqətdən düşməsin!
17. Allahın Rəbb, Qüvvətli Qurtarıcın səninlədir! O sənin üçün sevinib şadlanacaq, Səni məhəbbəti ilə yeniləşdirəcək, Sənin üçün tərənnümlə coşacaq!
18. Bayram gününü qeyd edən kimi Mən sənin üzərindən bəlaları götürəcəyəm ki, Onlara görə xəcalətli olmayasan.
19. Budur, vaxt gəlir, Mən sizə zülm edənlərin hamısını cəzalandıracağam, Şikəstləri qurtaracağam, sürgünləri yığacağam, Bütün dünyada çəkdikləri xəcaləti Şan-şöhrətə çevirəcəyəm.
20. O zaman sizi toplayıb yurdunuza geri qaytaracağam. Görəcəksiniz, Mən sizi yenə firavan edəndə Bütün dünya xalqları arasında Sizə şan-şöhrət verəcəyəm» Rəbb deyir.

  Zephaniah (3/3)